Rektorlar Şurası təhsilə müsbət nəsə verəcəkmi?

Vurğun Əyyub: "Bu addımın müsbət nəticəsi olmayacaq"
Əjdər Ağayev: "Əslində mən elə bilirdim ki, bizdə Rektorlar Şurası var"


Füzuli Məhəmməd: "Bu qurum mövcud problemlərin, qüsurların aradan qalxmasına kifayət etməyəcək"


"Azərbaycanda Rektorlar Şurası yaradılacaq”. Bu barədə təhsil naziri Mikayıl Cabbarov deyib. 

"Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Cabbarov bildirib ki, ilin sonunadək ölkədə Rektorlar Şurasının yaradılması nəzərdə tutulur: "Şuranın təsis iclasının dekabr ayında keçirilməsi planlaşdırılır. Ümid edirik ki, belə bir orqanın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək. Eyni zamanda nazirliklə təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid məsələlərin həllinə töhfə verəcək”. 

Şuranın yaradılması ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Vurğun Əyyub məsələyə pozitiv yanaşmayıb. Ekspert Şuranın səmərəsiz olacağını düşünür: 

"Əgər universitet rektorları sərbəst fəaliyyət göstərsəydilər, yəni ali məktəblərin muxtariyyəti sadəcə kağız üzərində deyil, reallıqda olsaydı, o zaman Rektorlar Şurası fayda verərdi. Amma indiki vəziyyətdə bu addımın müsbət nəticəsi olmayacaq”.

Professor Əjdər Ağayev isə nazirin təşəbbüsünü təqdirəlayiq hesab edib. Amma o da vurğulayıb ki, Şura formal xarakter daşıyacaqsa, heç bir əhəmiyyəti olmayacaq: 

"Əslində mən elə bilirdim ki, bizdə Rektorlar Şurası var. Çünki bu barədə xeyli müddət əvvəl qərar verilmişdi. Ümumilikdə təşəbbüsü məqsədəuyğun sayıram. Rektorlar Şurası imkan verəcək ki, ali təhsil müəssisələri öz problemlərini birlikdə müzakirə etsinlər və çətinlikləri aradan qaldırsınlar. Bununla yeni nailiyyətlər əldə edilə bilər. Məsələn, ümumşura komissiyaları yaradılar, ayrı-ayrı məsələlərin müzakirəsi aparılar və çıxarılan qərarlar Rektorlar Şurasına təqdim edilər. Düşünürəm ki, bunun faydalılığını görmək olar. Amma bir şərtlə ki, Şura formal xarakter daşımasın, proses şəffaf və demokratik olsun”. 

Təhsil eksperti, professor Füzuli Məhəmməd də Sherg.az-a məsələ ilə bağlı münasibət bildirib. Ekspertə görə, Rektorlar Şurasının yaradılması yaxşı təşəbbüsdür. Amma bu qurum mövcud problemlərin, qüsurların aradan qalxmasına kifayət etməyəcək: 

"Bütün hallarda rektorların biri-biri ilə ünsiyyəti, məsləhətləşməsi, fikirlərini bölüşməsi, nazirlə birbaşa səmimi danışıqlar aparması ən azından mövcud problemləri səmimi şəkildə ortaya çıxaracaq. Müzakirələr çatışmazlıqların həllinə dair müəyyən qərarların qəbul edilməsinə yardım edəcək. Bu mənada Şuranın yaranması və birgə çalışmalar müsbət haldır”.

İsmayıl