Rəngli yumurtaların bir ədədi 10 manata satılır - FOTOLAR

"Yaşıl yumurtlayan toyuq"lar böyük marağa səbəb olub
 
Türkiyədə "yaşıl yumurtacı" adı ilə tanınan, yaşıl və mavi rəngli yumurtalara görə, ötən il bəzək toyuğu bəsləyənlərdən çox tələb görən Çili mənşəli "araucana" cinsli toyuqlar çox az olduğundan hərraclarda yüksək qiymətə satılır.
Bursa Bəzək Toyuqları Bağ Heyvanları Sevənlər Cəmiyyətinin sədr müavini Həsən Ərk yaşıl və mavi rəngdə yumurtaları ilə diqqət çəkən araucanaların son vaxtlar bəzək toyuqçuluğu ilə məşğul olanlardan böyük maraq gördüyünü söyləyir.
Araucanaların kolleksiyaçıların ilgisini çəkən bir toyuq cinsi olduğunu və insanların bu quşun yumurtalarını görəndə təəccübləndiklərini bildirən H. Ərk, "Araucanalar iki il əvvələ qədər ölkəmizdə çox populyar quşlar deyildi. Yumurtalarının yaşıl və mavi rəngdə olması bəzək toyuqçuluğu kolleksiyaçıları tərəfindən daha çox rəğbət görməsinə səbəb olub. Son aylarda az olması səbəbilə sanki "qara bazar" oldu. Keçən ilə qədər bunların qiymətləri 150-200 TL ikən, hazırda qiyməti  1500, 2000  TL arasında hərraclarda dəyərini tapır" - deyib.
  
Həsən Ərk, xüsusilə son bir neçə ayda "yaşıl yumurtlayan toyuq" xəbərlərinin bu quşa tələbatın artmasında təsirli olduğunu vurğulayaraq, "Araucanaların istehsalı, digər cinslərə nisbətən daha məhduddur. Bu bəzək toyuğu maraqlı olanlar, qonaqlarına, yaxınlarına yaşıl və mavi yumurtalarını göstərirlər. Hər kəsin marağı fərqlidir" - deyə danışır.
  "Araucanalar"ın yumurtalarının qida, zülal və kalori dəyəri baxımından digər toyuqların yumurtalarından fərqli olduğuna dair xəbərlərin yayımlandığını da vurğulayan H. Ərk, bunların həqiqəti əks etdirmədiyini, aradakı fərqin yalnız rəngi olduğunu söyləyib.
O, rəngli yumurtaların bir dənəsinin bazarda 15-20 lirədən alıcı tapdığını qeyd edərək, "Ancaq hər bir istehsalçı də bu yumurtalara malik olmur. Peşəkar inkubatoru olanların şansı daha yüksəkdir. Bir toyuğun altına qoyulub təbii ki, çıxa bilər, amma qiymətli, bahalı yumurtalar olduğu üçün peşəkar kürt aparatlarına ehtiyacları var" - sözləri ilə ifadə edib.(Milliyet)
Bursadakı təsərrüfatında araucana cinsi toyuq saxlayan Ömər Faruk Erdönmez isə araucanaların kiçik və böyük boylarına görə iki qismə bölündüyünü ifadə edərək, bunları qeyd edir:
"Böyük boylu, yəni xoruzlar 2,5 kiloqram, toyuqlar isə 1,8 kiloqram olur. İllik yumurta sayı 150 ədəddir. Türkiyəyə ilk dəfə 2000-ci ildə gətirildiyini bilirik. O zaman da heyvansevərlər tərəfindən çox sevildi. Ötən il isə böyük tələbat gördü. Artıq tələb qiymətləri də qaldırdı. Mən hazırda satışını etmirəm, çünki əlimdə hələ yoxdur. Macarıstandan yumurtaları gətirdik, yaxında cücələr çıxmağa başlayacaq. Bu baharda toyuqların qiymətləri yenə 200-300 lirəyə qədər geriləyir".
Ö. F. Erdönmez, bu toyuqların dünya miqyasında fanat klublarının olduğunu, fanatlarının çox olduğunu bildirərək, xaricdə keçirilən sərgilərdə ən çox maraq görən qanadlılar arasında yer aldığını söyləyib.
Aysel