Rəsmi Yerevan işğala son qoymalıdır: "Hərbi əməliyyatların başlaması Ermənistanın ayaq altında qalıb əzilməsinə gətirib çıxaracaq"

"İbrahim Kalın dolayı yola Rusiyaya mesaj verir ki, Dağlıq Qarabağ münaqişəsini yaradan və idarə edən tərəf məhz Kremldir”. 
Bu sözləri politoloq Natiq Miri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir” bəyanatını şərh edərkən deyib.
Münaqişənin həll dövrünün çoxdan çatdığını vurğulayan politoloq deyib ki həm Türkiyə, həm də digər dövlətlər və beynəlxalq təşkilatlar da bunu anlamağa başlayıb: "Qüvvələr nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. Hər hansı bir hərbi əməliyyatların başlaması Ermənistanın ayaq altında qalıb əzilməsinə gətirib çıxaracaq. Bu isə təkcə Ermənistan ordusunun məğlubiyyəti olmayacaq. Bu bir dövlət kimi onun var olub- olmayacağını sual altında qoyacaq. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi və onun havadarları İbrahim Kalının mesajından nəticə çıxartmalıdır”.
Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin sərgilədiyi bu münasibətin Azərbaycanın xeyrinə olduğunu vurğulayan N. Miri hesab edir ki, bu münaqişəni sadəcə söz və mesajlarla həll etmək mümkün deyil: 
"Suriya proseslərində nəinki regional, hətta qlobal səviyyədə oyunçu statusunda çıxış edən qardaş ölkə, eyni aktivliyi Dağlıq Qarabağ probleminin həlli məsələsində də göstərməlidir. Dünya gücü olaraq Türkiyə Rusiyanın qarşısında bu məsələni şərt kimi qoymalıdır. Sadəcə prezidentlər səviyyəsində keçirilən görüşlərdə müzakirə etmək çıxış yolu deyil. Dünyanın yeni nizamının Türkiyə - Rusiya əməkdaşlığı fonunda qurulması prosesi gedir. Bu nöqteyi nəzərdən Dağlıq Qarabağ məsələsində həlledici regional geosiyasi amil kimi Türkiyə öz ağırlığını mütləq mənada ortaya qoymalıdır”.
Şəymən