"Orqan köçürülməsi zamanı xəstənin yaşayıb-yaşamayacağına təminat verilmir"
Ekspertiza ilə 9 yaşlı uşağın ölüm səbəbi dəqiqləşdirilməli, orqanın atma səbəbi öyrənilməlidir
Dünyanın heç bir ölkəsində valideynlərdən, yaxın insanlardan donor kimi istifadə olunmur. Ata-ana, qardaş-bacının nə günahı var ki, sevdiklərini həyata qaytarmaq üçün öz orqanlarını versin. Donor bankı yaradılmalıdır
Kürdəmir şəhər 1 saylı məktəbin 3-cü sinif şagirdi Abdulxalıqov Sadiq vəfat edib.
Məktəbin kollektivi başsağlığı mətni yayaraq 9 yaşlı Sadiqin ailəsinə, yaxınlarına səbir diləyib. Azyaşlının uzun sürən böyrək çatışmazlığından vəfat etdiyi bildirilib.
Məlumata görə, Sadiqdə ağır xəstəliyin olduğunu biləndən sonra onun anası öz böyrəyini övladına verib. Lakin ananın fədakarlığı da uşağın yaşaması üçün kifayət etməyib.
Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, orqan köçürülməsi zamanı xəstənin yaşayıb-yaşamayacağına təminat verilmir. Hər şey bədənə daxil olan yad orqanın orqanizmin nə dərəcədə uyğunlaşacağından asılıdır: "Düzdür, müasir üsullarla orqan köçürülməsi əməliyyatlarında uğurlu nəticələr əldə etmək mümkündür. Amma risk hər zaman var. Köçürülən orqanın orqanizmə necə adaptasiya olacağı, uyğunlaşma mərhələsində hansı proseslərin baş verməsi sual altındadır. Bu səbəbdən də orqan nəqli ilə bağlı dəqiq proqnoz vermək çox çətindir. Sözsüz ki, ortada ölüm faktı olduğu üçün hadisə məhkəmə tibbi ekspertizasının predmetidir. Ekspertiza ilə 9 yaşlı uşağın ölüm səbəbi dəqiqləşdirilməli, orqanın atma səbəbi öyrənilməlidir. Ölümə səbəb orqanizmin yad orqana verdiyi reaksiyadır, yoxsa əməliyyat uğurlu olmayıb? Bütün bunlar araşdırılmalıdır”.
Azərbaycanda orqan köçürülməsinin sistemli hal almadığını vurğulayan professor deyib ki, "Donor haqqında” qanun layihəsinin imzalanmasına rəğmən çox ciddi çatışmazlıqlar var:
"Bu sistem şəbəkə şəklini almadığı üçün də orqan nəqli əməliyyatlarında ölüm halları olur. Orqan nəqli sistemli hal alsa, həm peşəkarlıq məsələsi həll olunacaq, həm də donor çatışmazlığı. Dünyanın heç bir ölkəsində valideynlərdən, yaxın insanlardan donor kimi istifadə olunmur. Ata-ana, qardaş-bacının nə günahı var ki, sevdiklərini həyata qaytarmaq üçün öz orqanlarını versin. Donor bankı yaradılmalıdır. Azərbaycanda bu məsələ oturuşmadığı üçün belə bir bankın yaradılması ləngiyir”.
Professor Azərbaycanda donor mənbəyi probleminin həllində əsas maneələrdən birinin stereotiplər olduğunu deyib. Onun sözlərinə görə, donor mənbəyi kimi beyin ölümü keçirmiş gənc adamların orqanlarından istifadə olunmalıdır.
Azərbaycanda isə heç kim beyin ölümü keçirmiş gənc övladını yarmağa, onun hansısa orqanını götürməyə psixoloji cəhətdən hazır deyil. Yəni bunun üçün böyük təbliğat getməlidir. İnsanlar bu məsələyə yavaş-yavaş öyrəşməlidir. Düşünməlidirlər ki, həyatını itirən şəxs kiminsə həyatına başlanğıc verə bilər. Bu məsələlər psixoloji həllini tapmamış, müvafiq şəbəkə yaradılmasa, məsələnin sistemli həlli mümkün olmayacaq. Donor məsələsində uğurlu nəticə əldə edən ölkələrin hamısı bu yolla gedir.
Orqan transplantasiyasında yaş faktorunun da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan həkim deyib ki, yaşı 70-dən yuxarı olan xəstələr risk qruplarına aid olduğu üçün belə insanlardan orqan götürülməsi məsələsi situasiyon həll tələb edir. 70-dən aşağı yaş qrupuna aid olan xəstələrin vəziyyəti isə somatik dəyərləndirilir:
"Böyrəyin funksional imkanları yoxlanıldıqdan sonra köçürülmə haqqında düşünmək olar. Orqanları sağlam olan bir gəncin böyrəyinin uşağa və ya yaşlı adama köçürülməsi mümkündür. Yox əgər hansısa bir patalogiya varsa, bu əməliyyat zamanı və sonrakı mərhələdə müəyyən problemlər yarada bilər”.
Şəymən