Rusdilli mətbuatın da problemləri var

Vüsal Məmmədov: “Rusdilli saytlar Azərbaycan dilli saytlarla uğurlu rəqabət aparır”Arif Əliyev: “Bütövlükdə götürdükdə isə Azərbaycanda xarici dilli mətbuat orqanları məhdud bazara sahibdir”
Şakir Ağayev: "Qəzet satışı şəbəkəsi genişlənməli, xüsusən də metro stansiyalarında qəzet satışı bərpa olunmalıdır”
Azər Həsrət: "Yeni nəsil rus dilini öyrənməyə maraqlı olmadığı üçün rusdilli mətbuatın inkişaf şansı getdikcə azalır”
(Əvvəli ötən sayımızda)
Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycan hazırda informasiya müharibəsi ilə üz-üzə qalıb. Hər an hərbi münaqişəyə başlamaq üçün hazır olduğumuz kimi, informasiya müharibəsinə də hazır olmalıyıq. Heç şübhəsiz, hərbi münaqişələrin ilkin təzahürü informasiya müharibəsi fonunda baş verir. Yəni hərbi münaqişələrin başlanmasından bir müddət əvvəl iki dövlət arasında kəskin şəkildə informasiya müharibəsi gedəcək. İnformasiya müharibəsinin gedişində isə xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır.
Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu əslində ölkəmizin doğru istiqamətdə tanınması üçün ən önəmli amillərdəndir. Məlumat üçün bildirək ki, Azərbaycanla bağlı həqiqətlərin dünya miqyasına çıxarılmasında Azərbaycanda fəaliyyət göstərən rusdilli KİV-lərin rolu daha böyükdür. Amma müxtəlif zamanlarda aparılan monitorinqlərin nəticələri göstərir ki, ümummilli məsələlərə rusdilli media qurumları ya yer ayırmır, ya da çox az yer ayırır. Bəs görəsən, media nümayəndələri rus dilində yayımlanan media orqanlarının özlərinin fəaliyyətini necə qiymətləndirir? Bu sahədə hansı problemlər mövcuddur və əsas çatışmazlıqlar nələrdir?
Azərbaycanda fəaliyyət göstərən rusdilli media orqanlarının durumunun kifayət qədər yaxşı olduğunu vurğulayan "Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov onların Azərbaycan dilli saytlar ilə uğurla rəqabət apardıqlarını, hətta bir az qabağa da keçdiklərini deyib: "Azərbaycandakı top saytların arasında bir neçə rusdilli sayt da var. Ölkənin maraqlarına uyğun xəbərləri də xaricdəki rusdilli auditoriyaya çatdırmağı bacarırlar. Peşəkarlıq nöqteyi-nəzərindən də yaxşıdırlar”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevin sözlərinə görə, Azərbaycanda çıxan rusdilli mətbuat orqanlarının tirajları çox məhduddur: "Ümumi yanaşsaq, elə rusdilli mətbuatın durumu ilə anadilli mətbuatımızın durumu eyni səviyyədədir. Yəni ki, anadilli mətbuatın üzləşdiyi bütün problemlər, çatışmazlıqlar mahiyyət etibarı ilə rusdilli mətbuatda da özünü büruzə verir”.
Digər xaricidilli mətbuat orqanlarından fərqli olaraq rusdilli qəzetlərin nisbətən geniş yayıldığını vurğulayan A.Əliyevin sözlərinə görə, bütövlükdə götürdükdə isə Azərbaycanda xarici dilli mətbuat orqanları məhdud bazara sahibdir: "Aparıcı internet portallarının əksəriyyəti öz məlumatlarının rus dilində tərcüməsini yayırlar. Reallığa baxsaq, bu bazarın genişləndirilməsi istiqamətində də hələ ki ehtiyac duyulmur. Bu da ilk növbədə ölkədə rusdilli mətbuata oxucu tələbatının olmaması ilə bağlıdır”.
Rusdilli KİV-in əhəmiyyətinə gəldikdə isə ekspert deyib ki, tək üstünlük odur ki, anadilli KİV-dən fərqli olaraq, rusdilli KİV-də jurnalistlərdən daha çox professionallıq tələb olunur. Amma hesab etmirəm ki, rusdilli mətbu nəşrlər cəmiyyətin həyatında daha böyük rol oynasın, yaxud da xüsusi təsir qüvvəsinə malik olsun. Çünki onların yayım dairəsi çox məhduddur”.
A.Əliyevin sözlərinə görə, Dağlıq Qarabağ və digər Azərbaycan həqiqətlərinin dünya əhalisinə çatdırılması istiqamətində rusdilli internet resurslarının müəyyən qədər rolu var, amma çap mediası ilə bağlı bunları demək çətindir.
"Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən rusdilli mətbuat üçün də anadilli mətbuatda özünü göstərən problemlər aktualdır:
"Rusdilli mətbuatın vəziyyəti də o biri mətbuatlarla eyni səviyyədədir. Belə ki, son dövrdə mətbəə xərclərinin artması da duruma öz təsirini edib”.
Ş.Ağayevin sözlərinə görə, rusdilli mətubat sahəsində ən böyük çatışmazlıq reklam bazarının olmamasıdır: "Təəssüflər olsun ki, anadilli qəzetlər kimi rusdilli mətbuat da reklamdan tam məhrumdu”.
Rusdilli mətbuatın əhəmiyyətindən söz açan baş redaktorun sözlərinə görə, Azərbaycanda rus və digər xarici dilli mətbuatın olması çox vacibdir: "Biz bir rusdilli mətbu orqan olaraq, Azərbaycanın əsas problemi olan Qarabağ problemini və ya Azərbaycan haqqında digər əhəmiyyətli yazılar çap edəndə bunu saytımız vasitəsilə daha çox insanların oxumasına nail oluruq. Rus dili BMT dilidir və milyonlarla insan bu dildə danışır. Eyni zamanda biz müasir texnologiyalar əsrində yaşayırıq. Rus dilində mətbuat Azərbaycanı dünyada tanıtmaqda mühüm rol oynayır. Gəlin etiraf edək ki, dünyada rus dilində daha çox adamlar məlumatları oxuyur və biz də rus dili vasitəsilə dünya mətbuatı ilə tanış oluruq. Təbii ki, rus dilində olan materiallar daha çox Azərbaycandan kənarda oxunur ki, bu da ölkəmizin tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Mən məhz ona görə rus dilini deyirəm ki, bizim qəzet və sayt rus dilindədir. Sözsüz ki, ingilis və digər dillərdə nəşr olunan media orqanları da eyni dərəcədə əhəmiyyətlidir”.
Ş.Ağayevin sözlərinə görə, rusdilli mətbuatın inkişafına mane olan problemlərin aradan qaldırılması üçün əsas addım reklam bazarının inkişaf etdirilməsidir: "Qəzet satışı şəbəkəsi genişlənməli, xüsusən də metro stansiyalarında qəzet satışı bərpa olunmalıdır. Qəzetlərin satışına təzə köşklər daha məsuliyyətli yanaşmalıdır. Bir də ən əsası kadr çatışmazlığının aradan qaldırılmasıdır. Bunun üçün də universitetlərdə xarici dilli jurnalist kadrların yetişdirilməsinə böyük ehtiyac var. Unutmayaq ki, biz dünyaya xarici dilli mətbuatla çıxırıq. Ona görə də əcnəbi dilli mətbuatın inkişafı üçün əlimizdən gələni etməli, inkişafa mane olan bütün problemləri aradan qaldırmalıyıq”.
Azərbaycanda rusdilli nəşrlərin oxucu auditoriyasına gəldikdə isə "Novaya Vremya”nın baş redaktoru çox təəssüflə vurğulayıb ki, bizim insanlar oxumağı sevmir və bu bir mərifətmiş kimi fəxr edənlər də var: "Hətta əksər səlahiyyət sahibləri belə qəzet materiallarına əhəmiyyət verməyib, "Əşi, qoy, kim nə yazır yazsın. Onsuz da heç nə oxumuram” - deyirlər. Bu çox acınacaqlı və utancverici bir fakt da olsa, Azərbaycan reallığıdır. Dünyanın bütün xalqları oxumaqla fəxr edir. Əslində belə də olmalıdır. Çünki oxumayan xalq inkişaf edə bilməz. Mən xaricdə tez-tez oluram. İnandırım sizi ki, xaricdə metroda, avtobusda, tramvayda hamı qəzet, kitab oxuyur. Bizdə isə çox nadir hallarda metroda kiminsə əlində qəzet görürük”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Azərbaycanda rusdilli mətbuatın yaşama şansının getdikcə azaldığını deyib. Buna səbəb olaraq da Azərbaycanda nəsil dəyişməsini göstərib: "Yetişməkdə olan nəsil arasında rus dilini bilənlərin sayı hədsiz dərəcədə azdır. Əsasən sovet dövründən qalan jurnalistlər rus dilini bilir və bu dildə fəal yazmaq imkanları var. Əslində elə rusdilli mətbuatı oxuyan da təxminən mənim yaşıdlarım və daha böyük olan oxuculardır. Yeni nəsil rus dilini öyrənməyə maraqlı olmadığı üçün də rusdilli mətbuatın inkişaf şansı getdikcə azalır”.
Azərbaycanda rusdilli mətbuatın inkişafına ehtiyac olub-olmadığına gəldikdə isə A.Həsrət Azərbaycanda kütləvi tirajla çap olunacaq rusdilli mətbuat lazım olmadığını deyib: "Düzdür, Azərbaycanın beynəlxalq aləmdə tanınması, təbliğatının aparılması və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici dilli mətbuata ehtiyac duyulur. Bu baxımdan məhdud sayda, amma sanballı rusdilli kütləvi informasiya vasitələrinin saxlanılması və dövlətin birbaşa dəstəyini alması məqsədəuyğundur. Ən əhəmiyyətlisi isə o olardı ki, rusdilli çap mətbuatından daha çox rusdilli saytların inkişafına nail olunsun!”
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb