Rusiya Azərbaycana bir neçə rayonun qaytarılmasına razılıq verib
Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi açıqlanıb. Ekspertlərə görə, Lavrovun münaqişə tərəflərini "ziyarəti” Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən proseslərin başlandığını göstərir. Rusiya baş diplomatının səfərində iki nüansın mümkünlüyü ehtimal edilir. Birincisi, Lavrov münaqişənin nizama salınması üzrə yeni Qarabağ planını gətirəcək. İkincisi isə il bitməmiş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə çalışacaq.
İkinci nüans sıradan diplomatik gediş kimi görünür. Yəni xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Lavrovun hər iki paytaxta xüsusi səfərinə ehtiyac yoxdur. Belə bir görüş diplomatik kanallar vasitəsilə asanlıqla müzakirə edilə bilər. Deməli, Lavrov özü ilə yeni Qarabağ planını gətirəcək və əvvəlcə Bakıda, sonra İrəvanda danışıqlar aparacaq. Son nəticədə isə tərəfləri bir araya gətirərək, yeni planın müzakirəsini təşkil edəcək. Bunu əsas gətirən bir sıra siyasi şərhçilər hesab edirlər ki, məhz Ərdoğanla Putin Soçidə yeni Qarabağ planı üzrə razılaşıb. Lavrov da məhz bu planın tətbiqi üçün hərəkətə keçib. Məsələnin bu cür gündəmə gəlməsi düşmən Ermənistanda ciddi narahatlığa səbəb olub. Çünki bundan əvvəl Rusiyanın irəli sürdüyü "Lavrov planı”nda ərazilərin qaytarılması və mövcud status-kvonun dəyişdirilməsi nəzərdə tutulurdu. İrəvanda hesab edirlər ki, Lavrovun gətirəcəyi yeni plan da Ermənistanın maraqlarına uyğun olmayacaq. Doğrudur, liderlər birgə mətbuat konfransında Dağlıq Qarabağ mövzusuna toxunmadılar. Ancaq Putinin mətbuat katibi Dmitri Peskov 5 saatlıq görüşdə müzakirə edilən mürəkkəb məsələlər haqda açıqlama verilməyəcəyini deyib. İstisna deyil ki, həmin "mürəkkəb məsələlər” sırasında Dağlıq Qarabağ konflikti də olub. Bütün hallarda Putinlə Ərdoğanın intensivləşən şəxsi təmasları və iki böyük dövlət arasında ciddi heç bir problemin qalmamasının bəyan olunması Azərbaycanın maraqlarına uyğundur.
Politoloq Fikrət Sadıqov Lavrovun səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürə biləcəyi təklifə münasibət bildirib. Ekspertin fikrincə, Rusiyanın təklifi ondan ibarət ola bilər ki, Azərbaycan torpaqlarının azad edilməsi müqabilində Azərbaycan hansısa addımlar atsın: "Bu təkliflər regionda xüsusilə Rusiyanın sülhməramlı qoşunlarının yerləşdirilməsi, hansısa hərbi və iqtisadi bloklara qoşulmaq ola bilər. İnanmıram ki, biz maraqlarımıza zidd addım ataq. Biz dəfələrlə prinsipial mövqeyimizi bildirmişik. Lavrovun səfəri zamanı da mövqeyimizi bildirəcəyik”. Politoloq əlavə edib ki, Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək: "Müsbət amil ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsi yüksək səviyyələrdə müzakirə predmetinə çevrilib. Biz düzgün yoldayıq və bu məsələdə axtarışlar davam edir”.
Politoloq Zaur Məmmədov isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması hamıya yaxşı məlumdur:
"Putinlə Ərdoğan arasındakı görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan tələsik özünü Moskvaya çatdırdı. Həmçinin, həftə sonu Sergey Lavrovun münaqişənin tənzimlənməsinə dair danışıqlar aparmaq məqsədilə regiona səfəri planlaşdırılır. Münaqişənin açarının kimin əlində olduğu bəllidir. Bakıda səfərdə olarkən Ərdoğan bunu bir daha bəyan etdi. Görünən odur ki, Moskva münaqişənin həllinin birinci mərhələsi üçün Azərbaycana bir neçə işğal olunmuş ətraf ərazilərin qaytarılmasına öz razılığını verib. Lakin bu məsələlər hələ ki, gizli qalmalıdır. Düşünürəm ki, ətraf bölgələr ilə bağlı məsələyə 2018-ci ilin aprel ayından sonra aydınlıq gətiriləcək”. Siyasi şərhçi Elçin Mirzəbəyli də bildirib ki, dövlət başçıları ikitərəfli görüşlərdən sonra mətbuata yalnız açıqlanması mümkün olan məqamlardan danışırlar: "Mühüm əhəmiyyət kəsb edən məsələlər heç vaxt mətbuata açıqlanmır. Əks təqdirdə dövlət başçılarının görüşlərinə ehtiyac qalmazdı, telekörpü vasitəsilə canlı yayımda müzakirə aparıb, mətbuatı da hər şeydən hali edərdilər. Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ məsələsinin gündəmdə olduğu inkaredilməzdir”.
Politoloq Azər Rəşidoğlu isə vurğulayıb ki, Azərbaycan tərəfi problemi həll etmək istəyir, Ermənistan isə hazırkı status-kvonu qorumaqda israrlıdır:
"Qarabağda hərbi əməliyyatlara Türkiyənin qarışması çətindir. ABŞ Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verib və elə bu amil də Ankaranı tələsməməyə vadar edir. Rusiyanın ən çox ehtiyat etdiyi Türkiyə-Azərbaycan-Gürcüstan hərbi sazişidir. Çünki bununla Azərbaycan NATO-nun da dəstəyini qazana bilər. Lakin Moskva Ankara ilə yaxınlaşmaqla bunun qarşısını almış olur. Kreml Moskva-Tehran-Bakı-Ankara ittifaqının yaradılması ilə bağlı da təşəbbüslə çıxış edir. Ancaq poliqona çevrilmiş bir bölgədə buna nail olmaq olduqca çətindir”.
İsmayıl