Rusiya Azərbaycanda ticarət evi açır, faydası olacaq

Belə evlərin açılmasına ölkələr arasındakı ticarət əlaqələrinin stimullaşdırılması kimi baxılır



Rusiyanın ixrac kreditlərinin və investisiyaların sığortalanması üzrə agentliyinin müştərilərlə iş və anderraytinq üzrə direktoru Nikita Qusakov Bakıda yerli sahibkarlarla görüşündə Rusiya İxrac Mərkəzinin gələn il Azərbaycanda Ticarət evi açmağı planlaşdırdığını bildirib.

N.Qusakovun sözlərinə görə, Rusiyanın artıq müxtəlif ölkələrdə 4 ticarət evi var. Və bu il daha 4-5 ticarət evinin açılması planlaşdırılır: "Azərbaycanda əsasən kiçik və orta bizneslə işə istiqamətlənmişik. Azərbaycanda açılması nəzərdə tutulan ticarət evi Rusiya İxrac Mərkəzinin Cənubi Qafqazda ilk ticarət mərkəzi olacaq”.

Maraqlıdır, əgər Azərbaycanda sözügedən ticarət evi açılarsa, bu, iqtisadi baxımdan ölkəmiz üçün nə dərəcədə səmərəli ola bilər? Məsələni aydınlaşdıran iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə açıqlamasında bildirib ki, ticarət evi sahibkarlar, ticari əlaqələr qurmağa meyilli olan iş adamları, hüquqi və fiziki şəxslər və iki ölkə arasında iqtisadi əlaqə potensialını yerinə yetirən bir müstəvidir. İş adamları və maraqlı tərəflər bu müstəvidən yararlanıb öz əlaqələrini genişləndirə bilərlər.

İqtisadçının sözlərinə görə, ticarət evi yalnız maarifləndirici, məlumat funksiyasını daşıyır, başqa heç bir funksiyası yoxdur: "Belə evlərin açılmasına ölkələr arasındakı ticarət əlaqələrinin stimullaşdırılması kimi baxılır. Bu, bütün dünya təcrübəsində belədir.

Bir var ki, sizdə heç bir təsəvvür olmasın, bir də var ki, hansısa məlumat bazası olsun. Məlumat bazasına müraciət edərək yararlı informasiya toplaya, biznesinizi ya genişləndirə, ya da qabağa gedə bilərsiz. Məsələn, siz istəyirsiz ki, aparıb Rusiyanın hər hansı bir bölgəsində portağal satasız. Ticarət evinə müraciət edib, öyrənə bilərsiz ki, Rusiyanın bölgələrinə nə qədər portağal idxal olunur və bazarda bunun həcmi nə qədərdir. Bir də var gözünüzü yumub, gedib orda bizneslə məşğul olursuz. Bu baxımdan belə ticarət evlərinin açılması iki ölkə arasındakı iqtisadi əlaqələr və iş adamları üçün faydalıdır. Ancaq bu o demək deyil ki, bu cür evlərin açılması nəyisə köklü surətdə dəyişir. Təbii ki, ən yaxşı halda hökumətlərin öz orqanları və strukturları bu işdə xüsusi rol oynayırlar”.
Yeganə Bayramova