Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək


Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

APA -nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq.Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA -ya faktı təsdiqləyiblər.Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.