- Tural İrfan: “Hörmüz boğazında irimiqyaslı müharibə qlobal iqtisadiyyatı böhrana sürükləyə bilər”
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi Tehranın bir müddətdir boğazdan keçən gəmilərə qarşı tədbirlər gördüyünü və onların hərəkətinə mane olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bu addımlara qarşı effektiv cavab verə bilmir və bölgədə hər gün hərbi qarşıdurma yaşanır. SEPAH sözçüsü İranın Hörmüz boğazındakı hərbi fəaliyyətinin təsadüfi və ya ayrı-ayrı qərarlardan ibarət olmadığını da vurğulayıb. Möhəbi bildirib ki, həyata keçirilən əməliyyatlar diplomatik qurumlarla koordinasiya olunur və bütün əsas qərarlar Ali Milli Təhlükəsizlik Şurasında qəbul edilir. Onun sözlərinə görə, bu qərarların icrası ölkənin ali rəhbərliyinin razılığı olmadan mümkün deyil.
Hörmüz boğazı dünya enerji və dəniz ticarəti baxımından strateji əhəmiyyət daşıyan marşrutlardan biri olduğundan, burada hərbi gərginliyin artması beynəlxalq gəmiçilik və enerji bazarları üçün də risk yaradır. Tehran isə boğazdakı addımlarını təhlükəsizlik və hərbi qarşıdurma kontekstində təqdim edir.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, ABŞ ilə İran arasında diplomatik əlaqələrin məhdud formatda davam etməsi ilə yanaşı hər an alovlana biləcək müharibə ehtimalı da qalmaqdadır:
“Tərəflər strateji üstünlük əldə edə bilmək üçün fürsət qazanmağa cəhd edirlər. İranın Hörmüz boğazındakı təzyiq siyasəti, ABŞ-ın hərbi müdaxilədən çəkinmə səbəbləri və bu gərginliyin qlobal enerji bazarına təsirləri əsasən geosiyasi və iqtisadi amillərlə bağlıdır. İran dünya neft ticarətinin ən mühüm keçid nöqtələrindən biri olan Hörmüz boğazındakı mövqeyindən bir neçə əsas strateji məqsəd üçün istifadə edir. İran özünə qarşı yönələ biləcək hərbi təhdidlərə cavab olaraq boğazı bağlamaq və ya gəmilərin hərəkətinə mane olmaq hədəsi ilə qərb dövlətlərinə qarşı güclü bir çəkindirici rıçaq, təsir mexanizmi yaradır. Eyni zamanda iqtisadi sanksiyalar səbəbindən öz neftini sərbəst ixrac edə bilməyən Tehran, əgər İran neft ixrac edə bilmirsə, regiondakı digər ölkələr də edə bilməməlidir, prinsipini nümayiş etdirir. Ümumiyyətlə bu siyasət İranın əsas ideoloji, siyasi yönlərindən və əsas xüsusiyyətlərindəndir. Həmçinin Fars körfəzində xarici hərbi qüvvələrin mövcudluğuna etiraz edərək, regionun təhlükəsizliyinin yalnız regional dövlətlər tərəfindən təmin edilməli olduğu mesajını verir”.
Analitik qeyd edib ki, ABŞ-ın İrana qarşı irimiqyaslı hərbi əməliyyatlardan qaçmasının arxasında ciddi regional və qlobal risklər dayanır:
“İranın birbaşa hərbi toqquşma yerinə ballistik raketlər, pilotsuz uçuş aparatları, dəniz minaları və sürətli katerlərlə asimmetrik müharibə aparmaq imkanları genişdir. Bundan əlavə, Yaxın Şərqdəki proksi qrupları vasitəsilə ABŞ bazalarını və müttəfiqlərini eyni anda hədəfə ala bilər. Necə ki, ötən dönəmdə baş vermiş hərbi toqquşmalarda bunu etdi. Boğazda başlayacaq irimiqyaslı müharibə neft nəqlini tamamilə dayandıra bilər ki, bu da qlobal iqtisadiyyatı dərin böhrana və inflyasiyaya sürükləyər. Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail kimi ABŞ müttəfiqləri İranın birbaşa raket zərbələrinin hədəfinə çevrilə bilər. Bu da regional müharibənin miqyasını nəzarətdən çıxarar. Odur ki, ABŞ və İsrailin İranla həlledici müharibəyə başlamasına tam zəminin olmaması fonunda İran da bundan istifadə edərək qarşı tərəfə qarşı təhdidlərə davam edir”.