Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dominant rolunu əldən vermək fikrində deyil.
Şahin Cəfərli: "Regionda Moskvanın dayaqlarının möhkəmlənməsi Azərbaycanın maraqlarına ziddir"
Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilib. Münaqişənin nizamlanması konsepsiyanın regional prioritetləri bölümünə salınıb. Həmin bölümdə vurğulanıb ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə problemin nizamlanması ilə bağlı danışıqlar mexanizminə yardım edəcək. Xatırladaq ki, ötən gün Türkiyəyə səfər edən Rusiya XİN rəhbəri Sergey Lavrov da həmkarı Mövlud Çavuşoğlu ilə Qarabağ məsələsini müzakirə ediblər. Tərəflər regionu təhdid edən münaqişənin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar. Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış siyasi şərhçi Şahin Cəfərli isə deyib ki, münaqişənin həlli məsələsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsi faktını şişirtmək lazım deyil. Ekspertin fikrincə, Kremlin konkret mövqeyi hamıya bəllidir...
- Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilib. Necə düşünürsüz, bu, formal xarakter daşıyır, yoxsa həqiqətən gələn il ərzində Moskva daha ciddi və qərarlı mövqe sərgiləyəcək?
- Bunun müsbət dəyişikliklərə səbəb olacağına, Rusiyanın nizamlanma prosesindəki rolu və yanaşmasında prinsipial fərq yaradacağına inanmıram. Rusiyanın münaqişə ilə bağlı həyata keçirdiyi siyasət, tutduğu mövqe ortadadır. Hazırda Moskva Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirmək siyasəti aparır. Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının rəsmiləşməsi, Azərbaycanın xeyrinə pozulmuş hərbi paritetin bərpası istiqamətində addımlar atılması və Ermənistana müasir silah sistemləri verilməsi buna sübutdur. Aprel döyüşlərində məlum oldu ki, münaqişə tərəfləri arasında güc balansı Azərbaycanın xeyrinə pozulub. Moskva son addımları ilə bunu aradan qaldırmağa çalışır. Bütün bunların nəticəsində son vaxtlar işğalçı ölkənin xeyli arxayınlaşdığını və mövqeyini daha da sərtləşdirdiyini görürük. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin xarici siyasət prioritetləri sırasında göstərilməsini Moskvanın postsovet məkanına böyük önəm verməsinin nəticəsi sayıram. Rusiya "yaxın xaric” adlandırdığı bu zonanı öz maraqlarının olduğu bölgə kimi qiymətləndirir. Kreml bu ərazini ölkənin təhlükəsizlik maraqları baxımından kritik əhəmiyyətə sahib bölgə kimi görür və bura xarici müdaxilələri aqressiv qarşılayır. Bu, o deməkdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dominant rolunu əldən vermək fikrində deyil. Çünki əks təqdirdə, Cənubi Qafqaza ABŞ və Avropanın müdaxilə etməsi üçün əlavə yol açılmış olur. Dağlıq Qarabağ məsələsi məhz bu səbəblə Rusiya üçün prioritetdir. Burada bizim xeyrimizə heç nə yoxdur. Əksinə, həll prosesində Rusiyanın inhisarçı rolunun davam etməsi və ümumən regionda Moskvanın dayaqlarının möhkəmlənməsi Azərbaycanın maraqlarına ziddir.
- Hamburq şəhərində baş tutması gözlənilən "3+2” formatındakı görüşlə bağlı ümidverici bəyanatlar yoxdur. XİN rəhbəri Elmar Məmmədyarov Ermənistanın görüşlə bağlı hələlik razılıq vermədiyini bəyan edib. Görüş reallaşsa belə, hansısa nəticə əldə olunacaqmı?
- Görüş baş tutsa belə, formal xarakter daşıyacaq. Hər hansı ciddi irəliləyiş gözləməyə dəyməz. Çünki tərəflərin münaqişənin həllinə baxışı diametral şəkildə fərqlənir. Hazırkı mərhələdə uzlaşma ehtimalı demək olar ki, yox dərəcəsindədir.
- Hamburqdakı görüş formatı həmsədr Fransa tərəfindən irəli sürülüb. Amma Fransa ermənipərəst ölkə kimi dəyərləndirilir. İlin sonunda rəsmi Parisin belə bir təşəbbüs göstərməsində əsas məqsəd nədir?
- Fransa həmsədr ölkələrdən biridir və bu baxımdan görüş barədə təşəbbüs irəli sürməsi normaldır. Təbii ki, Fransa münaqişənin həllini istəyir, mən onların səmimi olduğunu düşünürəm. Sadəcə olaraq, münaqişənin hansı şərtlərlə həll olunacağı Fransa üçün önəmli deyil. ABŞ da bu məsələdə Fransa ilə eyni mövqedədir. Qərb bu münaqişənin həllinə çalışır, amma Dağlıq Qarabağın kimin nəzarətində qalması məsələsi ilə maraqlanmırlar.
- Rusiya ilə Ermənistan arasında hərbi birləşmə sazişi təsdiqləndi. Bu anlaşma münaqişənin həlli prosesinə, ümumiyyətlə, regiona nə vəd edir?
- Bu anlaşma Rusiyanın mövqeyində kardinal dəyişiklik yaratmayacaq. Rusiyanın mövqeyi onsuz da hamıya bəlli idi. Son anlaşma Rusiya-Ermənistan müttəfiqliyini daha da dərinləşdirir. Bunun həll prosesinə müsbət təsiri ola bilməz, əskinə, işğalçını cəsarətləndirən haldır. Bu baxımdan neqativ təsirlərdən danışmaq daha doğru olar. Rusiya bununla həm də Cənubi Qafqazda dayaqlarını möhkəmləndirir, NATO-ya inteqrasiya mərhələsində olan Gürcüstanı mühasirəyə alır. NATO üzvü olan Türkiyənin sərhədlərində mövqelərini gücləndirir. Bu addım regionda gərginliyi artırır, Gürcüstan və Azərbaycanın müstəqilliyinə, Türkiyənin təhlükəsizlik maraqlarına təhdid yaradır.
- Türkiyədə həmkarı Lavrovu qəbul edən Çavuşoğlu dedi ki, rəsmi Ankara Rusiyanın münaqişəni çözmə iradəsinə hörmətlə yanaşır. Türkiyə Qarabağla bağlı Rusiya qarşısında hansısa tələb qoya, nəyisə xahiş edə bilərmi?
- Türkiyə təbii ki, Rusiya ilə dialoqunda Dağlıq Qarabağ məsələsini qaldırır. Bunu müsbət qiymətləndirmək lazımdır. Amma Türkiyə bu məsələdə Rusiyanın mövqeyinə təsir göstərmək, onun mövqeyini dəyişmək gücündə deyil. Ötən il baş verən təyyarə hadisəsindən əvvəl Türkiyə-Rusiya münasibətləri tarixdə olmadığı qədər yaxın və isti idi. Ərdoğan və Putin dostlaşmışdı. Lakin bu yaxınlığın Qarabağ məsələsinin həllinə təsiri olmadı. Ona görə də Türkiyənin bu məsələdə oynaya biləcəyi rolu böyütmək lazım deyil.
- Müzakirə olunan məsələlərdən biri də yeni dönəmdə ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin həllində sərgiləyəcəyi mövqe ilə bağlıdır. Bəziləri bu məsələdə çox ümidlidir. Necə düşünürsüz, Tramp administrasiyası Qarabağı əsas gündəminə daşıyacaqmı?
- Trampın dövründə ABŞ-ın xarici siyasətinin necə olacağı hələ ki, qaranlıqdır. Bu barədə heç kim indidən qəti fikir söyləyə bilməz. Ağ Ev rəhbərinin komandasının tam formalaşmasını və onların öz vəzifələrinin icrasına başlamasını gözləmək lazımdır. 2017-ci ilin yanvar ayından sonra bu məsələdə müəyyən aydınlaşma yaranacaq.
- Ən çox vurğulanan məqam budur ki, ABŞ və Rusiya anlaşmazsa, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həllini tapmayacaq. Bu iddia nə dərəcədə düzgündür?
- ABŞ-ın bu məsələdə rolunun qabardılması ilə razı deyiləm. Vaşinqton həmsədr ölkə olsa da, problemin çözülməsində Moskvanın aparıcı rolunu qəbul edir. Həll prosesi bilavasitə Rusiyanın inhisarındadır. Düzdür, ABŞ münaqişənin həllini, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin yaranmasını istəyir və bunda maraqlıdır. Ancaq Amerika hələki bu məsələdə Rusiya ilə toqquşmaq niyyətində deyil. Tramp dövründə bu siyasətin dəyişib-dəyişməyəcəyini zaman göstərəcək.
İsmayıl