Rusiya Ermənistanı yox, Azərbaycanı dəstəkləyir

Elman Nəsirov: “Rus politoloqun açıqlamasında da həqiqət payı ola bilər”



Rusiyalı politoloq Vadim Dubnov rəsmi Moskvanın Azərbaycanla qarşıdurmada heç vaxt Ermənistana kömək etməyəcəyini deyib. Həm aprel savaşı, həm də dekabrda Azərbaycan-Ermənistan sərhədində baş verən insidentin də buna əyani sübut olduğunu vurğulayan politoloqun sözlərinə görə, mövcud situasiyada İrəvanın özünə rəva bildiyi yeganə şey - izafi illüziyalara qapılmamaq və öz əhalisinə bunu kifayət qədər adekvat şəkildə izah eləməkdir:

"KTMT baş katibi Nikolay Bordyujanın gedən ərəfədə verdiyi son məlum bəyanat isə sadəcə, Ermənistanın artıq neçənci dəfə təkrarlanan KTMT uğursuzluğuna bir təsəlli kimi verilən bəyanat idi. Hətta sonradan bu bəyanata da ermənilərin zərərinə izahat verildi”.

Qeyd edək ki, bu tipli açıqlamalar son zamanlar digər bir sıra rus politoloqların da dilindən səslənir. Bəs, görəsən, yerli politoloqlarımız bu barədə nə düşünür? Dağlıq Qarabağ cəbhəsində savaş alovlanacağı təqdirdə Rusiya doğrudanmı Ermənistanı müdafiə etməyəcək?

Bu barədə "Şərq”ə açıqlama verən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirovun sözlərinə görə, mövcud proseslər və hadisələr o qədər dinamik şəkildə inkişaf edir, həmçinin maraqlar da bir o qədər sürətlə dəyişir ki, artıq heç nə təəccüblü deyil: 

"Bir vaxtlar Azərbaycan üçün aprel döyüşlərinin baş verməsi bizim üçün mümkünsüz idi. Hər nə qədər ordumuzun gücünə inansaq da, Rusiyanın belə bir həmləyə icazə verməyəcəyini zənn edirdik. Amma qüdrətli Azərbaycan ordusu bütün stereotipləri dağıtdı və düşmənə sarsıdıcı zərbə vuraraq öz gücünü dünyaya göstərmiş oldu. Aradan 9 ay keçməsinə baxmayaraq Ermənistan ordusu bu əməliyyatın təsirindən hələ də çıxmayıb. Əgər bu illər ərzində ağlımıza gəlməyən başımıza gəldisə, deməli, rus politoloqun açıqlamasında da həqiqət payı ola bilər. Əvvəla onu deyim ki, aprel döyüşlərində Rusiyanın tutduğu mövqe qətiyyən Ermənistanı razı salmadı. Aprel döyüşlərinin fərqli və daha qəliz ssenaridə yenidən təkrarlanma xofu isə aylardır Ermənistan cəmiyyətinin və rəhbərliyinin yuxusuna haram qatıb. Baş verəcək növbəti əməliyyatlar zamanı da Rusiyanın Ermənistanın qəbul etmədiyi, neytral mövqedə dayanması isə onlar üçün olduqca faciəvi bir sonluqla nəticələnəcək. Hətta bundan ehtiyatlanan Ermənistan rəhbərliyi və digər siyasi dairələri dəfələrlə öz etirazlarını bildiriblər ki, Rusiya bir çox hallarda öz müttəfiqi Ermənistanın yox, Azərbaycanın mövqeyini dəstəkləyir. Bu dəstək isə ən müasir silah-sursatın Azərbaycana satılmasında öz təsdiqini tapır. Bütün bu reallıqlar fonunda rusiyalı politoloqun fikirlərinə şərik olmaq olar”.

Dünyada yeni geosiyasi reallıqların formalaşdığını vurğulayan millət vəkilinin sözlərinə görə, bu reallıqların diktəsi altında proseslər elə bir məcraya yönələ bilər ki, Ermənistan çıxılmaz vəziyyətdə qalar: "Necə ki, aprel döyüşlərində Ermənistan bunun sadəcə müəyyən elementlərinin şahidi oldu. Ona görə elementlərini deyirəm ki, həmin döyüşlər zamanı Azərbaycan ordusu mövcud potensialının cüzi bir hissəsindən istifadə etdi. Düşmən növbəti təxribatları fonunda ordumuzun həmişəki dözümlülüyü nümayiş etdirməyəcəyinə əmin ola bilər!”.

Şəymən