"Rusiya Qarabağa dair hansısa planı hərəkətə gətirmək istəyir" - PROQNOZ

Elxan Şahinoğlu:"Amma mən optimist deyiləm. İnanmıram ki, Rusiyanın hazırladığı plan tam mənada Azərbaycanın maraqlarına cavab versin"
"Söhbət 5 rayonun azad olunmasından gedirsə, bilməliyik ki, qarşılığında Azərbaycan nə etməlidir? Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun sənəddə qeyd olunmasına razılaşa bilmərik"



"Lavrovun səfərində buna aydınlıq gətirilməlidir. Şuşa, Laçın və Kəlbəcərin taleyi necə olacaq? Azərbaycan qaçqınları və məcburi köçkünləri hansı şərtlər altında geri qayıdacaq? Sülhməramlıların formalaşmasında hansı ölkələr iştirak edəcək?"







"Son vaxtlar Dağlıq Qarabağla bağlı maraqlı hadisələr baş verir”.

Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərindən danışarkən politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb ki, bundan əvvəl baş tutan Türkiyə və Rusiya prezidentlərinin görüşündə də Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı barədə fikirlər səsləndirilmişdi:

"Görüşdən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Dağlıq Qarabağ münaqişəsini danışacağını bildirdi. Prezident belə ifadə də işlətdi ki, münaqişənin həllində Putinin rolu böyük olacaq. Görüş baş tutdu, lakin bu barədə açıqlama verilmədi.

Bu məsələdən bir gün sonra isə Ermənistan XİN rəhbəri Eduard Nalbandyan Moskvaya çağırıldı. İki gün sonra isə Ermənistan prezidenti Serj Sarkisyan mədəniyyət tədbirləri adı ilə Putinlə görüşdü. Böyük ehtimal var ki, Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Hazırda isə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Moskvada səfərdədir. Artıq bir neçə gün sonra isə Rusiya XİN rəhbəri Bakıya gəlir. Nazirin İrəvana səfəri də planlaşdırılır.

Sual yaranır: Lavrov hər iki nazirlə Moskvada görüşüb, Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparıbsa, 2 gün sonra bölgəyə səfər etməsinə nə ehtiyac var? Mümkündür ki, Qarabağla bağlı yenidən hansısa planı hərəkətə gətirmək istəyirlər. Amma mən optimist deyiləm. İnanmıram ki, Rusiyanın hazırladığı plan, təkliflər tam mənada Azərbaycanın maraqlarına cavab versin. Söhbət 5 rayonun azad olunmasından gedirsə, bilməliyik ki, qarşılığında Azərbaycan nə etməlidir? Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun sənəddə qeyd olunmasına razılaşa bilmərik. Ona görə, Lavrovun səfərində buna aydınlıq gətirilməlidir. Şuşa, Laçın və Kəlbəcərin taleyi necə olacaq? Azərbaycan qaçqınları və məcburi köçkünləri hansı şərtlər altında geri qayıdacaq? Sülhməramlıların formalaşmasında hansı ölkələr iştirak edəcək? Bütün bu suallar hələlik bizə aydın deyil. Lavrovun səfəri zamanı bu suallar ətrafında fikir mübadiləsi olsa, müəyyən rəy söyləyə bilərik.

Yenə təkrar edirəm, Rusiya XİN başçısının son illərdəki fəaliyyətini nəzərə alaraq, onun Azərbaycanın haqlı istəklərini nəzərə alacağına şübhə edirəm”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək. M. Zaxarovanın sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Aysel Aslan