Rusiya qoşunlarını Abxaziyaya yığdı: “NATO-nun Gürcüstandakı təlimi Kremli narahat edir”




Gürcüstanda NATO-nun çoxmillətli "Noble Partner-2018” təlimlərinin başlamasından cəmi bir gün sonra Rusiyanın separatçı Abxaziya bölgəsindəki qoşunları həyacan siqnalı ilə poliqonlara yeridilib. Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika hərbi alyansın qoşunlarına qarşı əzələ nümayiş etdiriblər. 

Məlumata əsasən, Rusiya ordusunun 2.5 mindən çox hərbi qulluqçusunun qatıldığı təlimlərdə şərti düşmən desantının neytrallaşdırılması, həmlə və əks həmlə əməliyyatları sınaqdan keçirilib. Analitiklər şübhə etmirlər ki, Rusiya ordusunun Abxaziyada başlatdığı təlimlər NATO təlimlərinə cavabdır. Onların fikrincə, qarşılıqlı keçirilən hərbi təlimlər regionla bağlı ciddi narahatlığa səbəb olur.

Bu barədə "sherg.az”a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitunun sədri Məhəmməd Əsədullazadə bildirib ki, NATO-nun Gürcüstandakı "Layiqli Tərədaş-2018” kod adlı hərbi təlimi regionda genişlənmə siyasətinin tərkib hissəsidir. 

Ekspertin sözlərinə görə, ABŞ-ın başçılığı ilə keçirilən təlimlərdə məqsəd müttəfiq və tərəfdaş ölkələrin birgə kordinasiyalı şəkildə fəaliyyəti, həmçinin, Rusiyadan gələn təhdidlərə qarşı regionun təhlükəsizliyini təmin etməkdir: 

"Təbii ki, NATO-nun Gürcüstanda hərbi fəaliyyəti Rusiyanı ciddi narahat edir. Cənub sərhədlərində Hərbi Alayansın fəaliyyəti Kremlin Gürcüstana qarşı təzyiqlərinə yol açacaq. Bundan əlavə NATO və Rusiya arasında yenidən konfliktlərə yol açacaq. Onsuz da iki güc Şərqi Avropada üz-üzədir və gərginlik zolağı artıq Cənubi Qafqaza qədər uzanıb. Abxaziya və Cənubi Osetiyadakı rus hərbi bazaları Gürcüstanın suverenliyi və təhlükıəsizliyi üçün təhdid olaraq qalır. NATO və Rusiyanın Gürcüstanda maraqlarının toqquşması, siyasi-hərbi qarşıdurma Cənubi Qafqazda yeni gərginliyə yol açacaq”.

Politoloq Rusiyanın NATO qarşısında zəif olduğunu düşünür: 

"Rusiyanın böyük hərbi güclə təlimlərə başlaması NATO-nun genişlənmə siyasətinin qarşısını ala bilməyəcək”.

İsmayıl