"Rusiya - Türkiyə münasibətlərində yeni mərhələ başlaya bilər”




"Səfirin təyin olunması Rusiya və Türkiyə arasında razılaşdırılıb”.

Bunu Sherg.az-a Rusiya dövlət başçısı Vladimir Putinin Aleksey Yerhovu Ankaraya səfir təyin etməsindən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, səfirə "Etimadnamə” verilib, Rusiyanın seçiminə rəsmi Ankara heç bir etiraz bildirmirsə, deməli, səfir hər iki tərəfin etimadını qazanıb:

"Digər tərəfdən həmin şəxs illərdir Türkiyədə konsul işləyir və bu da onun daha təcrübəli olduğunun göstəricisidir.

Təyyarənin vurulmasından sonra ikitərəfli münasibətlərdə get-gedə normallaşma güclənir. Bu baxımdan ola bilsin ki, yeni səfir də bərpa olunan münasibətlərin platformasını gücləndirəcək. Bundan sonra Moskva və Ankara arasındakı münasibətlər müsbət istiqamətə inkişaf edə bilər. Əlbəttə, hər iki dövlət Avrasiya məkanında mühüm rol oynayır, özlərinin maraqları var. Amma onların bir-biri ilə olan maraqları da böyükdür. 

Ona görə də iki tərəf qarşılıqlı ortaqlığı itirməmək üçün münasibətlərdə yeni mövqelər baxımından yeni əməkdaşlıqlara başlaya bilərlər. Artıq hər şey razılaşdırıldığından münasibətlərdə yeni mərhələ başlaya bilər”.

Qeyd edək ki, A.Yerhov 2016-cı ildə sui-qəsd nəticəsində öldürülən səfir Andrey Karlovun yerinə keçəcək.

Aysel Aslan