Putinin yenidən prezident seçiləcəyi şübhəsizdir
“Moskva yeni dönəmdə qonşu ölkələrə daha qısqanc davranış sərgiləyəcək. Ziddiyyətli və həssas dönəmdə hər hansı sərt dönüşlü və birtərəfli addımlardan çəkinməliyik”
Rusiyada martın 18-də keçiriləcək prezident seçkisində namizədlərin sayı çox olsa da, prezident Vladimir Putinə qalib gələcək rəqibi demək olar ki, yoxdur. Ölkədə narazılıqlar və seçkiyə buraxılmayan əsas rəqib Aleksey Navalnının boykot hərəkatı genişlənsə də, əksər siyasi təhlilçilər Putinin qələbəsinin bəri başdan bəlli olduğunu bildirirlər. Hər kəs bu fikirdədir ki, seçkidə Putin qalib gələcək və qarşıdakı 6 ildə də Rusiyaya o rəhbərlik edəcək.
Putinin seçkidən sonrakı 6 illik hakimiyyəti dönəmində əsas hədəfinin nə olacağı, Qərbin sanksiya və təzyiqlərindən sonra daha ciddi addımlar atacağı, qonşu ölkələrlə aqressiv davranacağı barədə müxtəlif mülahizələr yürüdülür. Ancaq bəzi ekspertlərin fikrincə, seçkidən sonra Putinin enerjisinin böyük hissəsi daxili sabitliyə yönələcək.
Şimal qonşumuzda seçkidən sonra yaşana biləcək hadisələri "Şərq”ə dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay deyib ki, Vladimir Putinin növbəti dəfə Rusiya prezidenti olacağına şübhə yoxdur.
Ekspertin sözlərinə görə, Putinin opponentləri çox zəifdir, bunun əksinə iqtidar komandası güclü və sistemlidir:
"Yaşayış səviyyəsinin aşağı düşməsinə, sosial-iqtisadi problemlərin çoxalmasına, xeyli insanın hökumətdən narazı olmasına baxmayaraq, xalq indiki dövrdə Putini ölkə xilaskarı kimi görür. Son dövrlər Rusiyaya qarşı xarici qüvvələrin, əsas da Qərbin təzyiqləri çoxalıb. Hələlik Moskva tərəfdən tutarlı cavab verilmir. Bunun da səbəbi bütün diqqətin prezident seçkisinə yönəlməsidir. İndi xarici və daxili siyasətdə qəti addımlar atılması səngiyir. Bu hal Rusiya kimi böyük dövlətlər üçün xarakterikdir. Seçki dönəmində prezident və onun komandası xalqdan səs uman tərəfə çevrilir. Ancaq seçkidə qələbə qazandıqdan sonra hər şey dəyişir. Yeni dönəmdə daha qəti addımlar atılır. ABŞ prezidenti Donald Trampın prezidentliyi də belə oldu. Bu mənada hesab edirəm ki, Putin seçkidən sonra öz qəti addımlarını atacaq. Xüsusilə, xarici siyasət fonunda Qərblə münasibətləri daha da kəskinləşdirəcək. Lakin hər şeydən önəmlisi Putin ilk növbədə ölkəsinin təhlükəsizliyi üçün qərarlar verəcək. Bu qərarlar əsasən üç istiqamətdə olacaq. Birincisi, hərbi müdafiə imkanları tam səfərbər ediləcək. İkincisi, milli separatizm və dövlət quruluşuna qarşı siyasi və ictimai proseslərin qarşısını alacaq. Üçüncüsü isə dövlət sərhədləri boyu yerləşən bütün qonşu və region ölkələrinə təsir gücünü artıracaq”.
Analitik bildirib ki, Moskva yeni dönəmdə qonşu ölkələrə daha qısqanc davranış sərgiləyəcək:
"Qərbin yeni "soyuq müharibə” dövrünün ən güclü silahı Rusiyanın qonşularını Kremlin təsir dairəsindən çıxartmaq, Moskvanı öz sərhədləri çərçivəsinə sığdırmaqdır. Bu isə Rusiyanın təklənməsi və zamanla parçalanmasına hesablanıb. Şübhəsiz ki, bunun reallaşmaması üçün Putin hər vasitəyə əl atacaq. Nəzərə alaq ki, Azərbaycan da Rusiyanın sərhəd, yəni "təhlükəsizlik baryeri” zonasına aiddir. Putin yeni dönəmdə Azərbaycanın xarici siyasətinə, hətta daxildəki proseslərə belə xüsusi diqqət yetirəcək”.
Siyasi şərhçi vurğulayıb ki, ziddiyyətli və həssas dönəmdə hər hansı sərt dönüşlü və birtərəfli addımlardan çəkinməliyik:
"Beynəlxalq dəstəyimizi, imkanlarımızı ölçüb-biçmədən Rusiya kimi böyük dövləti qıcıqlandırmaq çox təhlükəlidir. Ən əsası isə 1992-ci ildəki kimi Qərbə və ya "türk birliyi” təəssübkeşliyinə arxayın olaraq Rusiyanı üzərimizə qaldırmamalıyıq. Əks halda yenə də ölkədə separatçılıq, erməni həmləsi, daxili sabitliyin pozulması və s. bu kimi xaoslarla üzləşə bilərik. Getdikcə gərginləşən Qərb-Rusiya ziddiyyətində tərəf olmamalı, balansı gözləməliyik. Rusiyanın beynəlxalq iqtisadi sanksiyalarla zəif düşəcəyini və qonşulara təsir gücünü itirəcəyi kimi uşaq xəyallarından uzaq durmalıyıq”.
İsmayıl