Sadəcə pres-relizlə kifayətlənirlər

Xarici ölkələrin Bakıdakı səfirlikləri media ilə məsafə saxlayırlar



Azərbaycan dünya ölkələri ilə diplomatik əlaqələrini genişləndirməkdə davam edir. Həmçinin, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz dövlətlərarası əlaqələrin qurulub inkişaf etdirilməsində mühüm rol oynayır.

Bu gün Azərbaycanda dünyanın bir çox ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İqtisadi, siyasi, mədəni əlaqələrə söykənən münasibətlər dövlətlərin qarşılıqlı anlaşmasına gətirib çıxarır.
Təbii ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin mətbuatla vaxtaşırı əlaqələrinin qurulması məsələsi də daimi olaraq müzakirə obyektinə çevrilir. Səbəb isə sadədir. Çünki xarici diplomatların heç də hamısı mediaya açıq deyil. Mətbuat işçiləri bu məsələdə müəyyən çətinliklərlə üz-üzə qalır.

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər bir çox hallarda mətbuata qapalı olması ilə diqqəti cəlb edir. Media nümayəndələri hər hansı məsələ ilə bağlı səfirliklərin müvafiq şöbəsinə müraciət etsə də, nəticəsi olmur.

Biz də "Şərq” olaraq mətbuat nümayəndələri arasında səfirlərin media ilə münasibətlərinin hansı səviyyədə olması barədə sorğu keçirdik ki, jurnalistlər xarici ölkələrin Bakıdakı səfirliklərindən hansını daha aktiv hesab edirlər?

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev rəhbərlik etdiyi sayt əməkdaşlarının xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə yalnız hansısa məsələyə münasibət öyrənəndə əlaqə saxladığını deyib: 

"Eyni zamanda da bir çox səfirliklər informasiyalarını pres-reliz şəklində göndərirlər. Biz də hansı pres-relizdə xəbər yükü var, istifadə edirik, ictimailəşdirməyə çalışırıq. Bir qrup səfirliklər də var ki, xəbərlərini yalnız saytlarında yerləşdirirlər. Əməkdaşlar da izləyir, lazım olan xəbərlərdən istifadə etməyə çalışırıq. Aktiv səfirliklər sırasında Türkiyə, İran, Rusiyanın diplomatik nümayəndəliklərinin adlarını qeyd edə bilərəm”.

Jurnalist Səxavət Məmməd isə hesab edir ki, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliyi və səfirliklərin media ilə əlaqələri Azərbaycanın dövlət qurumlarının media ilə əlaqələrindən heç də fərqlənmir: "Sanki görüb, götürüblər. Dəfələrlə olub ki, səfirliklərə sual ünvanlamışam, ancaq cavab ala bilməmişəm. Küveyt dövlətinin Azərbaycandan investisiyanı çəkib, Ermənistana dəstək verməsi ilə bağlı suallarım aylarla cavabsız qaldı. Azərbaycanda mətbuata ən açıq, fəal səfirlik Türkiyəni görürəm. Türkiyə səfirliyinin media ilə işləməsi bəzi dövlət qurumlarımızın mətbuat xidmətlərinə örnək kimi göstərilə bilər. İran, Rusiya, ABŞ səfirliklərinin media ilə əlaqələri yaxşıdır. Ümumilikdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliyi və səfirliklərin media ilə əlaqələrinin qapalı olduğunu düşünürəm”.

"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli isə hesab edir ki, Azərbaycanda olan xarici ölkələrin səfirlik və diplomatik nümayəndəlikləri daha çox mediadan kənar, qapalı fəaliyyətə üstünlük verirlər: 

"Lakin burada istisna olaraq Türkiyə səfirliyini göstərmək olar. Qardaş ölkələr olduğumuz üçün, təbii olaraq Türkiyə səfirliyinin media ilə əlaqələri daha sıxdır. Yeni səfir Özoralın gəlişindən sonra, bu əlaqələr daha da inkişaf edib. Öncəki illər bir suala cavab almaq üçün, həftələrlə gözləmək lazım idisə, indi cənab səfir Özoralın şəxsən özündən suallara ən qısa vaxtda cavab almaq mümkündür”.

Jurnalist Leyla Məhərrəmova isə bir ildən artıqdır səfirliklərlə əməkdaşlıq etmədiyini deyib: 

"Əvvəllər Çexiyanın Azərbaycandakı səfirliyi ilə işləmişəm.

Özbəkistan, Yaponiya səfirliyinə isə sorğu göndərsəm də, cavab verməyiblər”.
Digər ölkələrlə müqayisədə Qərb ölkələrinin diplomatik nümayəndəliklərinin mətbuata açıq olduğunu vurğulayan həmkarımız Türkiyə səfirliyinin isə hamısından çox diqqətli olduğunu deyib: "Onlar bütün məlumatları mail ünvanına göndərir. İran səfirliyi də telefon zənglərinə cavab verərək, suallarımızı operativ cavablandırır. Meksika səfirliyi ilə də əməkdaşlıq etmişəm. Cənab səfirin Azərbaycana xüsusi sevgisi var. Hətta jurnalistlərlə görüşündə bizim dilimizi öyrəndiyini etiraf etmişdi. Amma Asiya ölkələrinin səfirlikləri ilə əməkdaşlıq etmək cəhdlərim uğursuz olub. ABŞ səfirliyi də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları hər zaman cavablandırıb, həm facebook, həm də mail vasitəsilə.
Çexiya səfirliyi bütün tədbirlərinə dəvət edib və oranın mətbuat xidmətinin əməkdaşı əvvəlki səfirlə müsahibə etməyimə kömək göstərmişdi”.

Report”.az informasiya agentliyinin baş redaktoru Murad Əliyevin sözlərinə görə, bütün xarici ölkələrin Azərbaycandakı səfirlikləri media ilə münasibətləri diqqətdə saxlamağa çalışırlar: 

"Lakin bəzi ölkələrlə iqtisadi sahədə əməkdaşlıq kifayət qədər geniş olmadığından səfirlikdə media ilə işə bir o qədər diqqət ayırmır. Ümumilikdə isə, diplomatik nümayəndəliklərin əksəriyyəti sorğuları cavablandırır, şərh verirlər. Qeyd etmək istərdim ki, burada Azərbaycanın media təmsilçilərinin də üzərinə iş düşür. Səfirliklərlə daima əlaqədə olmaq, mütəmadi olaraq sorğular göndərmək vacibdir ki, onlar da aktivləşsinlər. Yoxsa, hər hansı ölkənin milli bayramı ilə əlaqədar keçirilən ziyafətdə yüzlərlə həmkarımla qarşılaşıram, sual yaranır - onların neçə faizi il ərzində heç olmasa bir məsələ ilə bağlı həmin səfirliyə müraciət ediblər? 

"Report" informasiya agentliyi yaranan gündən onlarla ölkənin səfirləri, mətbuat məsələləri üzrə müşavirləri redaksiyanı ziyarət edib, media ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Agentliyin gündəlik işinin bir hissəsi də gündəmdə olan məsələlərlə bağlı diplomatik nümayəndəliklərlə əlaqə saxlamaqdır. Daha aktiv əməkdaşlıq etmək niyyətində olanlar əsasən ABŞ, Fransa, İran səfirliyi, habelə Avropa İttifaqının nümayəndəliyidir. Bundan əlavə İndoneziya səfirliyi son illər ölkəsinin mədəniyyət nümunələrinin təbliği ilə bağlı xeyli fəallıq göstərir”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə son illərdə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, diplomatik nümayəndəliklərinin media və ictimai sektorla əlaqələrinin zəiflədiyini müşahidə edir: 

"Düzü, bunun səbəbinin səfirliklər və ya media ilə bağlı olduğunu da deyə bilmirəm. Hər halda, görünən budur ki, ABŞ və Avropa ölkələrinin səfirlikləri media ilə təmasları azaldıblar, yaxud da media onlarla təmasları azaldıb. Əslində, xarici ölkə səfirliklərinin yerli media ilə sıx əməkdaşlığının da dövlətçilik maraqları baxımından faydalı olmadığı qənaətindəyəm. Bildiyim qədər xarici ölkələrdə səfirliklər media ilə yalnız informativ planda əməkdaşlıq edirlər. Bizdə də bu istiqamətdə əməkdaşlıqlar mövcuddur və qaydasındadır. Əksər səfirliklər hansısa mətbuat konfransı keçirəndə, yaxud tədbir düzənləyəndə medianı dəvət edir. Bu cür qapalı əməkdaşlıqlar isə, olmasa yaxşıdır”.

Bir neçə ölkənin səfirliyinə müraciət etdiyini qeyd edən jurnalist Cəmilə Kərimova əksəriyyəti ilə heç vaxt əlaqə saxlamayıb: 

"ABŞ, Türkiyə, Fransa, Almaniya, İran, Böyük Britaniya, Rusiya, Ukrayna səfirliklərinə sual ünvanlamışam. Bunlar arasında isə ABŞ, İran, Türkiyə, Fransa səfirliklərini mətbuata daha açıq sayıram. Nə zaman müraciət etmişəmsə, sualıma cavab veriblər. Bu siyahıya Almaniya və Ukraynanı da əlavə etmək olar. Rusiya və Böyük Britaniya səfirliklərindən isə heç vaxt sualıma cavab ala bilməmişəm. Ən maraqlısı isə odur ki, özünü azad və demokratik sayan bəzi Qərb ölkələrinin səfirlikləri tam qapalı işləyirlər”.

Media eksperti Ələsgər Məmmədli diplomatik missiyanın xüsusi qanunvericiliklə tənzimləndiyini deyib. Bu baxımdan da onların fəaliyyətində ilk növbədə öz dövlətlərinə qarşı olan məsuliyyət məsələsi var: 

"Əgər söhbət Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarından getsəydi, birmənalı olaraq deyə bilərdik ki, Azərbaycan jurnalistlərini informasiya ilə təmin etməlidirlər. Amma söhbət İran, Rusiya, Türkiyə və digər ölkələrin Azərbaycandakı səfirlik və konsulluqlarından gedirsə, onların informasiya paylaşımı uyğun gördükləri çərçivədə olur: "Müəyyən informasiyalar mətbuata açıqlanır. Bu baxımdan onların üzərinə öhdəlik qoymaq mümkün deyil. Onlar diplomatik prosesi icra edərək daha çox diplomatik qaydalara uyğun davranırlar. Diplomatik nümayəndəliklər, təmsil etdikləri ölkənin bu və ya digər sosial, iqtisadi sferada gördüyü işlərin işıqlandırılması zamanı, medianı onlara ehtiyac olduğuna əmin etməyə çalışırlar”.

Diplomatik nümayəndəliklərin informasiya öhdəliyinin olmadığını vurğulayan ekspert hesab edir ki, xarici ölkələrin səfirlik və konsulluqlarının ictimaiyyətlə əlaqələr şöbəsi, mətbuat xidmətləri olsa da, bu, həmin qurumlar qarşısında onlara ünvanlanan sualları cavablandırmaq zərurəti doğurmur: "Qurum informasiyanı verə də bilər, verməyə də bilər. İndiki halda qanunvericiliyə əsasən, buradakı diplomatik missiyalar informasiya vermək öhdəliyi olan tərəf deyillər. Biz onlara "qanunla bu informasiyanı verməlisən” deyə bilmərik. Arzu olunan budur ki, onlar mediaya açıq olsunlar. Dediyim kimi, bu, onların siyasətinə bağlı məqamdır.

Bəziləri öz işlərinə yaradığı vaxt daha açıq olur, medianı konfranslara dəvət edirlər, daha səmimi görünürlər. Lazım olmadığı vaxt isə mediaya qapanırlar. Bu, bütün dövlətlərdə və diplomatik nümayəndəliklərdə təxminən belədir. Əksər vaxt mövqe bildirməmək üçün Xarici İşlər Nazirliyi, yaxud ölkənin xarici siyasətini müəyyən edən qurumların icazəsi ilə hərəkət edirlər ki, bu da onların media ilə münasibətlərinə mənfi təsir edir. Sürətli və adekvat cavab vermək baxımından da problemlər yaranır”.

Şəymən