
Şagirdləri nəticələrə görə qınamaq lazım deyil
Heç müəllimlərin özləri kurrikulum sistemindən istifadə etməyi bacarmırlar
"Kurrikulum əsasında imtahan prosesi ilk dəfə 2 il əvvəl 9-cu sinif şagirdləri üçün keçirilib. 9-cu sinfin imtahanı zamanı ortaya çıxan problemlərlə bağlı təhsil ictimaiyyətinə məlumat vermişdik”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.
Bu il həmin şagirdlər üçün 11-ci sinifdə buraxılış və qəbul imtahanlarının təşkil edildiyini nəzərə çatdıran M.Abbaszadə deyib ki, bu sahədə müzakirələr elmi müstəvidə aparılmalı, riyazi məsələləri riyaziyyatçılar, ədəbiyyatla və Azərbaycan dili ilə bağlı problemləri həmin sahənin mütəxəssisləri müzakirə etməlidir:
"Bunu ümumiləşdirib hansısa bir formatda təqdim etmək olmaz, bunlar elmi-metodiki məsələlərdir. Bu il 11-ci sinifdə imtahan verən uşaqlar 2 il əvvəl 9-cu sinifdə kurrikulum əsasında imtahan vermiş uşaqlardır. Biz imtahanın təşkilində 2 il əvvəl olan imtahanın nəticələrini də nəzərə almışıq. Bu il 11-ci sinfin buraxılış imtahanının nəticələri isə hələlik yoxlanılır, ona görə də hələlik bir söz deyə bilmərəm”.
Təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında məsələni bu cür izah etdi:

- İlk növbədə qeyd edim ki, Kurrikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində "yol”, "istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma 2008-ci ildən etibarən orta məktəblərdə tədris kurrikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib. Şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir.
K.Əsədovun sözlərinə görə, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu təhsil ideyamıza çevrilə bilməyib:
- Kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı.
Halbuki, kurrikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurrikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.
Amma son 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrənib mənimsəyiblərsə, yeni sistemdə də bu ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurrikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər.
Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil.
Hesab edirəm ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurrikulumu, müasir təhsili, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır.
Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurrikulumdan dərs keçirlər. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurrikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər.
Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurrikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib.
Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurrikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurrikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurrikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər. Bu da buraxılış imtahanlarının zəif nəticələrində özünü büruzə verdi.
Məlahət Rzayeva