Şahbaz Xuduoğlu tənqidlərə cavab verdi

“Lənkəranski haqqında çox bilsək, daha yaxşı olar”
Əsəd Cahangir: “Qəti surətdə demək olmaz ki, Lənkəranski haqqında kitab çıxarmaq qadağandır”


Avtoritet Rövşən Lənkəranski ilə bağlı yazılmış kitab səs-küyə səbəb olub. Müəllifi Bəhram Çələbi olan kitabın "Qanun” Nəşrlər Evində çap olunması sosial şəbəkədə qınaq obyektinə çevrilib. Kitab kriminal aləmlə maraqlananlar üçün maraq kəsb eləsə də, bu nəşri birmənalı qarşılamayanlar da var.

Kriminal avtoritetlə bağlı kitabın nəşrini tənqid edənlər bu addımı cinayətkar dünyasını məşhurlaşdırmaq cəhdi kimi qiymətləndiriblər. "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitab çapını Lənkəranskinin paylaşdığı dəyərləri təbliğ etmək məqsədi daşımadığını deyib. Yenə əvvəlki fikirlərində qaldığını söyləyən Ş.Xuduoğlu kriminal aləmin nümayəndələri ilə bağlı kitabların yazılmasının lazımlı olduğunu bildirib: "Lənkəranskinin nəşi Azərbaycana gətirilən gün bizim kitab yarmarkamız var idi. Feysbuk səhifəmdə bildirmişdim ki, başa düşürəm, xalqın başı qarışıqdır, kədərlidir. Amma kitab yarmarkamızı da nəzərə alın. Bu sözləri ona qarşı olduğum üçün yazmamışdım. Lənkəranskinin kədəri, onun ailəsinin kədəridir. Azərbaycanın kədəri deyil. Lənkəranski özü, dostları üçün yaşayıb. Onun xidmət etdiyi dəyərlər bizim dəyərlərimiz deyil. Onun yaxşı cəhətləri ola bilər. Bu, başqa məsələdir. Eyni sahədə, eyni cəbhədə, eyni baxış bucağında yaşayan insan deyilik. İndi də o fikrimdə qalıram. Ancaq belə insanlar haqqında da kitablar yazılmalıdır”.

Kitabın müəllifi Bəhram Çələbi avtoriteti tanıyanlarla görüşüb, onların söylədiklərini bir araya gətirməyə çalışıb. Bu topluda onun haqqında bilinməyən məlumatlar yer alıb. Kitabın nəşri üçün qınaq obyektinə çevrildiklərini söyləyən Ş.Xuduoğlu isə avtoritet haqqında məlumatlı olmağı müsbət qiymətləndirir: "Hesab edirəm ki, məlumatlı cəmiyyət daha dolğun və mükəmməldir. Lənkəranski haqqında çox bilsək, daha yaxşı olar. Az bilmək bütləşdirmək əlamətidir. Məqsədimiz bütün təbəqələrin marağına uyğun olan çeşidli kitablar nəşr etməkdir. Dünyada ən əzazil, ən qəddar, hətta öz rəqibinin ətini yeyən adamlar haqqında belə kitablar yazılıb. Bu o demək deyil ki, kitablar qəddarlığı və hannibalizmi təbliğ edir. Bizi qınayanların çoxu onun dəfninə gedən insanlardır”.

Məsələyə münasibət bildirən tənqidçi Əsəd Cahangir isə hesab edir ki, kriminal aləmin nümayəndələrindən kitab yazılması yanlış hal deyil. Əsas məsələ kitaba hansı aspektdən yanaşılmasıdır: "Kitab haqqında dərin məlumatım olmadığı üçün bu məsələyə geniş münasibət bildirə bilmərəm. Düşünürəm ki, kitabın kimdən yazıldığı önəmli deyil. Hər bir kitabın öz oxucusu var. Əvvəllər də Lotu Bəxtiyarla bağlı kitab yazılmışdı. Bu cür kitabların olması müəyyən kütlənin maraq dairəsindədir. Vacib olan kitabdakı fakta və subyektə yanaşılma tərzidir. Qəti surətdə demək olmaz ki, Lənkəranski haqqında kitab çıxarmaq qadağandır. Yaxud o, milli qəhrəmandır, hökmən onun barəsində kitab nəşr olunmalıdır kimi düşüncələr də düzgün deyil. Fikrimcə, əsas kitabın məzmunu, müəllifin məsələyə münasibətidir. Belə kitabların ədəbiyyata nə ziyanı, nə də ki xeyri var. Lakin bu cür kitablar kriminal aləmlə maraqlanan oxucu kütləsi üçün maraqla qarşılana bilər. Əgər kitabın müəllifi Lənkəranskini milli qəhrəman kimi təqdim etmək istəyirsə, hesab edirəm ki, bu, zərərli bir tendensiyadır”.

Yeganə Bayramova