"Şahbazdan heç bir xəbər yoxdur" - Girovun bacısı





May ayının 9-u ermənilər tərəfindən girov saxlanılan Şahbaz Quliyevin doğum günüdür. 50 yaşını erməni əsirliyində qeyd edən Şahbaz Quliyev barədə separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 22 il müddətinə azadlıqdan məhrum edilmə "hökm”ü çıxarıb.

Ş. Quliyevin doğum günü ərəfəsində onunla ailəsi arasında əlaqə yaradılıb-yaradılmadığını öyrənmək üçün bacısı İradə Quliyeva ilə əlaəq saxladıq. İ. Quliyeva "Sherg.az"a açıqlamasında bildirdi ki, Şahbazdan heç bir xəbər yoxdur:

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları təxmini bir həftə əvvəl Şahbaz üçün yazdığımız məktubu bizdən götürüb. Onlar məktubu qardaşıma çatdıracaqlarını, onun da məktubunu ailəsinə gətirəcəklərini dedilər. Hələlik heç bir məlumat yoxdur. Sonuncu dəfə may ayının əvvəlində Şahbazdan məktub almışıq”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib.  Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

Aysel Aslan