BQXK-nin Bakı nümayəndəliyi uğursuz “poçtalyon”luqla məşğuldur
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dağlıq Qarabağda qanunsuz saxlanılan azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, görüş noyabrın 2-də gerçəkləşib.
Komitənin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb və onlardan ailələri üçün məlumat alıblar.
Xatırladaq ki, Şahbaz Quliyevin sonuncu məktubu ciddi narahatlığa səbəb olmuşdu. Çünki o, məktubunda Dilqəm Əsgərovdan də söz açaraq onun səhhətinin ağır olduğunu və yerinin dəyişdiyini bildirmişdi. Həmin vaxt BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məsələyə aydınlıq gətirərək demişdi ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə məlumat verə bilməz: "Qırmızı Xaç məktubları” ailə məktublarıdır. Bunu yazan ailəsinə yazır və yalnız özü haqqında yaza bilər. Məktublarında başqa heç bir məlumat yazılmamalıdır”.
Qurum rəsmisinin bu açıqlaması girov ailələri ilə yanaşı, ictimaiyyətin də narazılığına səbəb olmuşdu.
Cəmiyyətin narahatlığı ilə əlaqədar "Şərq”ə danışan "Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib ki, girovlarla bağlı ilk müraciəti o hazırlayıb:
"Ermənilər Şahbaz və Dilqəmi girov götürəndə ailələri çaşıb qalmışdılar, nə edəcəklərini bilmirdilər. Mən onlara kimə və hansı formada müraciət etməyi başa saldım. 40-dan artıq müraciət hazırladım. Əlimdən nə gəlirsə, etməyə çalışdım. Nəinki hüquq müdafiəçisi, ümumiyyətlə, vətəndaş kimi üzərimə düşəni etdim. Ancaq indiki vəziyyətdə özüm də acizəm. Dünyanın hər yerində əsir və girov düşmüş vətəndaşlarla Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur. Çünki bu qurumun hər ölkəyə, hər yerə əli girir. Ermənistanla əlaqəni yalnız o təşkilat qura bilər. Amma təəssüflər olsun ki, BQXK-nin özü ermənipərəst təşkilatdır. Qurumun Bakı nümayəndəliyi isə heç bir işlə məşğul olmur. Demək olar ki, fəaliyyətsizdir. Mən 11 il ərzində Komitənin Azərbaycan nümayəndəliyi ilə dil tapa bilməmişəm. Onların öz qayda-qanunları, nizamnamələri var. Heç kimə vaxtında məlumat vermirlər. Hər zaman deyirlər ki, filan maddələrə görə, məlumat verməyə ixtiyarları yoxdur. Əslində bu cür davranmaqla məsuliyyətdən boyun qaçırırlar”.
Birlik sədrinin sözlərinə görə, girovların ailələri Komitəni sıxışdırmalı, onlardan cavab tələb etməlidir:
"Axı heç bir iş görmürlərsə, Bakıda niyə oturublar?! Qarabağ müharibəsi zamanı əsir götürülən 4000-dən artıq vətəndaşımızdan hələ də xəbər-ətər yoxdur. Komitə "qarşı tərəf həmin girovlar haqqında bizə məlumat verməyib” deyərək özünü sudan çıxardır. Yaxşı, onlara bəhanə gətirirsiz, bəs Şahbazla Dilqəm haqqında niyə doğru-dürüst məlumat əldə edə bilmirsiz? Mən bütün məsuliyyətimlə deyirəm, BQXK-nin Azərbaycan nümayəndəliyi uğursuz "poçtalyon”luqla məşğuldur”.
İsmayıl