Sahələrin yandırılmasına görə, tətbiq olunan cəza tədbirlərinin nəticəsi olacaq






Ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə? fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir.

Cəzaların sərtləşdirilməsinə baxmayaraq, bu il də yay mövsümündə əkin sahələrinin yandırılmasını müşahidə edirik. Meşə yanğınlarına, yüksək gərginlikli elektrik xətlərinin partlamasına səbəb olan biçilmiş taxıl sahələrinin və digər əkin tarlalarının ehtiyatsızlıqdan yaxud qəsdən yandırılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilib. Bu əməliyyatlar nəticəsində inzibati cəza tədbirləri görülüb. Məsələn, dünən, Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib. 

DİN-dən "Sherg.az"a verilən xəbərə görə, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb. Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb. Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.

Bundan başqa Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan sonra da belə əməllər törədənlər barəsində müvafiq addımlar atılacaq.

Məlum tədbirlərin nəticələri barədə "Sherg.az”a danışan iqtisadçı- ekspert Nazim Bəydəmirli söyləyib ki, taxıl biçinindən sonra sahələrin yandırılması sahibkarların aqrotexnikanı bilməməsindən, savadsızlıqdan irəli gəlir. Onun fikrincə, vətəndaşlara əkin sahələrinin yandırılması zamanı mikroorqanizmlərin məhv olduğunu başa salmaq lazımdır:

"Sahələrin yandırılması torpağın münbitliyinə mənfi təsir göstərir. Bu məsələ uzun müddət torpaqlar boş qaldığına, növbəli əkin sistemi olmadığına görə, ola bilər, yaddan çıxıb. Lakin aqrotexnika ilə məşğul olan, kənd təsərrüfatı haqqında məlumatlı olan şəxslər bilməlidir ki, yanğın maddi itki də gətirir. Texnoloji baxımdan yanaşdıqda isə yandırılan torpaqlarda məhsuldarlıq aşağı düşür. Ona görə, fermerlər öz sahələrini qorumalıdırlar.

Hesab edirəm ki, ehtiyatsızlıqdan törədilən yanğınlara görə, həbs cəzası deyil, bu və ya digər şəkildə maddi cərimələr tətbiq edilə bilər. Bu tədbirlərin sayəsində mövcud olan çatışmazlıqlar aradan qaldırılacaqdır”.

Aysel Aslan