Sarkisyan asanlıqla baş nazir postuna yiyələnə bilməyəcək
Yaxın günlərdə əhalinin kütləvi etirazları və İrəvan küçələrində müxalifətin izdihamlı mitinqləri gözlənilir
Ermənistanda tələbələrin hərbi xidmətə etiraz aksiyaları artıq silsilə xarakter daşıyır. Mitinqlərə toplaşan gənclər ölkənin ağır durumuna görə, dövlət qurumlarına və ölkə rəhbərliyinə qarşı şüarlarını səsləndiriblər. Etirazçılar baş nazir Karen Karapetyan, müdafiə naziri Viqen Sarkisyan və təhsil naziri Levan Mkrtçyanla görüşsələr də, aparılan danışıqlar nəticəsiz qalıb.
Erməni ekspertlərə görə, etirazçı tələbələrin genişmiqyaslı aksiyasının mütəşəkkil hal almasının səbəbi son zamanlar Ermənistan ordusundakı özbaşınalıq və intihar hallarının daha da artmasıdır. İşğalçı ölkədə baş verən gərginlik və vəziyətin getdikcə nəzarətdən çıxması müxtəlif cür dəyərləndirilir. Bəziləri proseslərin Sarkisyana qarşı olduğunu, digərləri isə əksinə, Sarkisyan tərəfindən bilərəkdən təşkil edildiyini iddia edirlər.
Politoloqlara görə, Ermənistanda sosial gərginlik heç vaxt səngiməyib və proseslərdən asılı olaraq aktiv və ya passiv fazaya keçib. Ötən illərdən fərqli olaraq hazırda Ermənistanda prosesləri siyasi müstəvidə apara biləcək real qüvvə yoxdur. Belə gərginliklər isə adətən hakimiyyətdaxili qüvvələr arasındakı rəqabətdən qaynaqlanır. 1999-cu ildə Ermənistan parlamentində baş verən qətliamdan sonra bu ölkədə Moskvanın iradəsindən kənar mövqe sərgiləyə biləcək qüvvə qalmayıb. Erməni xalqı seçim imkanını 1999-cu ildə itirib və yaxın perspektivdə bu imkanın bərpa oluna biləcəyi real görünmür. Xatırladaq ki, 2018-ci il aprelin 9-da Ermənistan prezidentinin səlahiyyət müddəti başa çatacaq. Konstitusiyaya edilən dəyişikliyə əsasən, prezidenti parlament seçəcək və Sarkisyan seçkidə iştirak edə bilməyəcək. Onun hakimiyyətdə qalmasının yeganə yolu baş nazir kürsüsünə sahiblənməkdir. Ermənistanda keçirilən aksiyalarda sosial şüarların səsləndirilməsi və əsasən hökumətin və baş nazir Karen Karapetyanın hədəfə alınması Sarkisyanın əsas rəqibindən xilas olmağa çalışdığı ehtimalını yaradır. Yəni Ermənistanda baş verən son aksiyaları idarə olunan aksiyalar da hesab etmək mümkündür. Çarukyan bloku da rəsmi şəkildə Karen Karapetyan hakimiyyətinə müharibə elan edib.
Müxalif blok hesab edir ki, hökumət özünü əldən saldığı bir vəziyyətdə, bu hökumətin mümkün qədər tez buraxılması və 2018-ci ildə fəaliyyət göstərməsinə icazə verilməməsi lazımdır. Düşmən ölkədəki vəziyyətin Azərbaycan üçün nə dərəcədə faydalı olub-olmaması da müzakirə edilir. Ekspertlərin fikrincə, Azərbaycanın hərbi potensialı nəinki Qarabağı, hətta Ermənistanın özünü belə hərbi-cinayətkar xuntadan xilas etmək üçün yetərlidir. Əgər mövcud reallıqlar əsasında Ermənistan cəmiyyəti seçim etmək imkanında olsaydı, şübhəsiz ki, Azərbaycanın ən minimal təzyiqindən sonra münaqişənin həlli istiqamətində ciddi addımların atıldığının şahidi olardıq. Lakin münaqişənin həll edilməməsində aparıcı mövqedə dayanan güc mərkəzləri oyuncaq rejimi saxlamaqda maraqlıdırlar.
Ermənistandakı qarşıdurma ilə bağlı "Şərq”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, düşmən ölkədə sosial-iqtisadi vəziyyət çətinləşdikcə, əhalinin etirazı da yüksəlir. Onun sözlərinə görə, Ermənistanda tələbələrin etirazı artıq geniş müstəviyə keçir və bu proseslər fonunda rəhbərliyin atacağı addımlar yetərli deyil: "Ölkə əhalisinin azalması orduda şəxsi heyət çatışmazlığına gətirir. Müdafiə Nazirliyi çıxış yolu kimi tələbələrin orduya çağrılması prosesinə cəlb edilməsi üçün yeni qanun layihələri üzərində çalışır. Bundan əlavə Ermənistanda işsizliyin azaldılması üçün vergilər sahəsində qəbul edilən qanun sahibkarların vəziyyətinə ciddi mənfi təsir edir. Sahibkarlar yeni qanunun onların ümumi vəziyyətini ağırlaşdıracağını, müflisləşməyə aparacağını bildirirlər. Sarkisyan hakimiyyətinin sosial-iqtisadi və vergi siyasəti bu ölkədə əhalinin və sahibkarlıqla məşğul olanların vəziyyətini ağırlaşdırır. Bu da ölkədə yeni miqrasiyanın başlanmasına səbəb olur. Hazırda sahibkarların hakimiyyət əleyhinə təşkil etdikləri mitinq davam etməkdədir. Baş verənlər Sarkisyan hakimiyyəti əleyhinə formalaşa biləcək etiraz dalğasının katalizatoru ola bilər”. Politoloq bildirib ki, əgər əhalinin müəyyən təbəqələri hakimiyyət əleyhinə nümayiş edirsə, siyasi müxalifət partiyalarının da etirazı labüd olacaq: "Gələn il Sarkisyanın prezidentlik müddəti bitir. Sarkisyan baş nazir olmaq üçün cəmiyyətin müəyyən dəstəyinə nail olmağa çalışır. Amma apardığı siyasət ölkədə iqtisadi fiaskonu daha da dərinləşdirir. Bu onu göstərir ki, Sarkisyan asanlıqla baş nazir postuna gələ bilməyəcək. Yaxın günlərdə əhalinin kütləvi etirazları və İrəvan küçələrində müxalifətin izdihamlı mitinqləri gözlənilir”.
İsmayıl