Satışdakı qarpızlar təhlükəlidir

Eyyub Hüseynov: “Azərbaycanda qarpızın təbii yetişmə dövrü avqust ayıdır”



Dünən metroya minən qadının əlində paketdə kəsilmiş qarpız gördüm. Selofan paket paytaxtdakı məşhur super-marketlərdən birinə aid idi. Çox güman ki, qadın qarpızı elə həmin o marketdə kəsdirib almışdı. Çünki hazırda pərakəndə satış nöqtələrində heç kim para qarpız satmaz.

Maraqlı olan, xanımın ilin-günün bu vaxtı - yəni, qarpız "sezonu” hələ açılmamış bir vaxtda qarpız daşımasıydı. Məlum məsələdir, son illərdə mövsümlərin də yeri dəyişik salınıb. Meyvə-tərəvəz daha mövsümə, filana baxmır. Qışın oğlan çağında Argentinadan gavalı, alça ixrac edirlər. Yerli istehsalçılarımız da qonşudan qalma dala (baxmayaraq ki, bu qonşu ilə aramızda materiklər, qitələr var - red.) prinsipi ilə əkin-biçin etməyə başlayıblar. Yalan olmasın, aprel ayı başlayar-başlamaz çiyələk, alça, mayda gilas, gilənar, iyun ayı başlayan kimi də qarpız satışa çıxarılır. Baxmayaraq ki, bu meyvələrin hərəsinin öz mövsümü olmalıdır. Mütəxəssislər də hər meyvənin öz mövsümündə yeyilməsini məsləhət görür və vaxtından tez bazara çıxarılan meyvələrin kimyəvi dərmanlardan istifadə edilərək tez yetişdirildiyini bildirirlər. Bunun da insan orqanizminə ziyanlı olduğu danılmazdır.

İyun qarpızı - təhlükə qapıdadır

Vəziyyət yenə təhlükəlidir. Artıq bazarlara qarpız daşınır. Sual olunur, iyun ayında, özü də havaların bu dərəcədə mülayim, hətta soyuq keçdiyi yaz aylarında və yay fəsli faktiki olaraq hələ başlamamış qarpızlar hansı mühitdə, necə yetişdirilib. Əlbəttə, deyə bilərlər ki, qarpız da digər meyvə-tərəvəz kimi istixanalarda, örtük altında yetişdirilir. Ancaq hətta bu şəraitdə də qarpız kimi möhkəm giləmeyvənin kənar təsirsiz yetişdirilməsi mümkün deyil. Həm də məhsuldarlıq bol olsun deyə, müxtəlif kimyəvi maddələrdən də istifadə edilir. Bu səbəbdən də vaxtından əvvəl, süni, zorla yetişdirilmiş meyvələri yeməmək məsləhətlidir.

Mütəxəssislər bildirir ki, qarpız normal şəraitdə iyunun 15-dən sonra yetişməyə başlayır. İsti, quru havalı regionlarımızda qarpızın tam yetişmə dövrü iyul ayının ortalarıdır. Bəs necə olur ki, iyunun ilk 15 günündə qarpız artıq satışa çıxarılır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında maraqlı məlumat verdi:
- Azərbaycanda qarpızın təbii yetişmə dövrü avqust ayıdır. Çünki torpaq kifayət qədər qızmalıdır ki, qarpız yetişsin. Vaxtından əvvəl yetişdirilən qarpızların tərkibində kimyəvi qatqıların olması ehtimalı böyükdür və bu da insan orqanizmi üçün birmənalı şəkildə ziyanlıdır. Zəhərlənmələr də buradan başlayır. Mən daim istehlakçılara məsləhət görürəm ki, ümumiyyətlə, qarpız alarkən onun qabığının rənginə, içərisinin sağlam olmasına diqqət etsinlər. Hansı qarpızın ki, tumları xırda və azdır, onun genetik modifikasiyaya uğramış olması ehtimalı böyükdür. Normal qarpızların tumu nisbətən iri və çox olur. Qarpızı düzgün şəraitdə saxlamaq lazımdı. Qarpız uzun müddət soyuducuda qalmamalıdır. Çalışmaq lazımdır qarpız evə gətirilən kimi qısa müddət ərzində yeyilsin. Çox soyudulmuş, axşamdan səhərə qalmış qarpızlar yeyilməməlidir. Qarpızı digər qidalarla, isti yeməklərlə birgə istehlak etmək də olmaz. Çox zaman zəhərlənmələrə məhz bu səbəb olur.

Uşaqların qidalanmasına diqqət edin

E.Hüseynov yay fəslinin başlandığını xatırladıb insanlarımızın ehtiyatlı olmasını məsləhət gördü:
- Artıq yay fəslidir. İsti havalarda insanlar nə yediklərinə, nə içdiklərinə fikir verməlidirlər. Mingəçevirdə azyaşlı uşaqlar zəhərlənib, məlum olub ki, balıq konservi yeyiblərmiş. Uşaqlara balıq konservi yedirməkmi olar? Xüsusilə də havaların isinməyə başladığı bir vaxtda. Bəzən ailələr məsuliyyətsizlik edir, başısoyuq yanaşırlar. Uşaqların qidasına xüsusilə diqqət edilməlidir. Balıq konservini böyük adamlar yeyəndə birtəhər olur, o ki, olsun uşaqlar. Uşaq orqanizmi kövrəkdir, zəhərlənməyə meyillidir. Valideynlər ehtiyatlı olmalıdır. Xüsusilə yay mövsümündə təmizliyə, gigiyenik qaydalara riayət edilməlidir. Meyvə-tərəvəz ciddi şəkildə yuyulduqdan sonra yeyilməlidir. Soyuducuda saxlanmış meyvələrlə ehtiyatlı davranılmalıdır. Uzun müddət soyuducuda saxlanmış meyvələr də mədə-bağırsaqda fəsadlar yaradır. İnsan gərək keyfiyyətli, xeyirli məhsullarla qidalansın. Ancaq təzə meyvə-tərəvəz, adi saf su içsinlər. Küçədə, parkda ayaqüstü qidalanmaqdan əl çəksinlər. Bizim evimizi bu ayaqüstü yemək yıxır.

Küçə satışı ləğv edilməlidir. İsti havada açıq şəraitdə satılan qidaların üzərinə gün ərzində nə qədər milçək qonur, toz hopur. Günəş şüalarının birbaşa təmasından meyvə-tərəvəzin tərkibində dəyişiklik əmələ gəlir. Bir də görürsən, biri yerə, asfaltın üstünə göyərti töküb satır, biri meyvə-tərəvəz satır. Belə olmaz. Cənab Prezidentin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti küçə satışını qadağan edib. Amma qadağalar pozulur. İnsanların ayaqları altında, tozun içində bazar açırlar, satış təşkil edirlər. Nəzərə almaq lazımdır ki, havalar istiləşdikcə, mikroorqanizmlər də sürətlə çoxalır və açıq şəraitdə olan qidaların üzərinə hopmaqla insan həyatı üçün təhlükəyə çevrilir. Bizim camaatda da günah var. Gərək açıq havada satılan qidaları almasınlar.

Məlahət Rzayeva