Savelyevin erməni yalanlarını ifşa etməsi Bakının qələbəsidir

Baş redaktor və millət vəkili rus siyasətçinin davranışını alqışladılar



VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev növbəti dəfə Azərbaycanı müdafiə edib. Çəkinmədən həqiqətləri dilə gətirən deputat yüzlərlə ölkənin təmsilçiləri qarşısında bəyan edib ki, 2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırıblar. Savelyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələri televiziyalarda çıxışlarında və brifinqlərdə Qərb KİV-lərinə aprel hadisələri ilə bağlı öz versiyalarını çatdırıblar. Müvafiq telekanallar isə onlara peyk vasitəsilə azad çıxış imkanı təqdim ediblər. Dumanın deputatı vurğulayıb ki, bununla belə, Azərbaycan bu istiqamətdə ciddi iş apararaq, nəticədə ictimai rəyi öz tərəfinə çəkə və tədricən Qərb mətbuatında həmin hadisələrin adekvat görüntüsünü yarada bilib. Savelyevin aprel savaşı ilə bağlı çıxışını yüksək qiymətləndirən ictimaiyyət nümayəndələri dəstəyə görə deputata minnətdarlıq ediblər.

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı "Şərq”ə açıqlamasında bildirib ki, Savelyevin yanaşması bizim üçün kifayət qədər dəyərli və vacibdir: "Azərbaycanın haqlı mübarizəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevə təşəkkür edirik. Xalqımız arasında belə bir deyim var:

 - "Haqq nazilər, amma üzülməz”. Mən Azərbaycanla bağlı dünyada və regionda gedən prosesləri məhz bu deyimin fonunda dəyərləndirirəm. 25 ildən artıqdır ki, ərazilərimiz işğal altındadır. İşğal prosesində, faktiki müharibə şəraitində öz haqq səsimizi bir çox hallarda dünyaya çatdıra bilməmişik. Erməni lobbisinin gücü o səviyyədə idi ki, bir çox hallarda bizim səsimizi boğurdular. Amerikada və Avropada olan erməni lobbisi başımıza gətirdikləri barbarlığı və vəhşiliyi dünyaya tamamən əksinə təqdim edirdilər. Guya azərbaycanlılar ermənilərə qarşı təcavüz siyasəti həyata keçiriblər. Bir çox hallarda dünya ictimaiyyətini aldatmağa nail olurdular”.

A.Camalqızı bildirib ki, ermənilərin çox həyasızcasına informasiya müharibəsi aparmasına rəğmən artıq dünyanın Azərbaycana baxışı dəyişib: 

"Nəinki dünyanın, hətta yaxın qonşularımızın, Rusiyanın da yanaşması reallığa tərəf istiqamətlənib. Rusiya mediasında Azərbaycanın mövqeyini əks etdirən informasiyalar, şərhlər, açıqlamalar dərc olunur. Bunlar bizi həddindən artıq sevindirir. Çünki əvvəllər nadir hallarda bunun şahidi olurduq. İctimai fikri formalaşdıran nüfuzlu rus media orqanları erməni lobbisinin təsiri altında idi. Müəyyən səbəblərdən düşmənə dəstək verirdilər. Öz haqlı səsimizi ən yaxın qonşumuz Rusiya ictimaiyyətinə belə çatdıra bilmirdik. Ancaq vəziyyət dəyişdi və şübhəsiz ki, bu məsələdə Ermənistanda gedən proseslər Azərbaycana kömək etdi”.

Baş redaktorun sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyanın yalan vədləri, bir-birini təkzib edən açıqlamaları, gah qərbpərəst, gah da ruspərəst ifadələr söyləməsi baş nazirin qeyri-ciddi siyasi obrazını yaratdı: 

"Artıq ona nə Rusiya, nə də Qərb dünyası inanır. Bütün proseslər Azərbaycanın xeyrinə işləyir. Əlbəttə, Azərbaycan proseslərdən öz xeyrinə istifadə etməlidir. İnformasiya müharibəsi istiqamətində səylərimizi artırmalıyıq. Bu yöndə Azərbaycandakı xaricidilli media orqanlarının üzərinə böyük yük düşür. Fikir verirsizsə, artıq Rusiya və Avropa mediası Azərbaycandakı xarici dilli media orqanlarına istinad edirlər. Bunların hamısı ciddi uğurlardır”.

Millət vəkili Asim Mollazadə də "Şərq”ə açıqlamasında bəyan edib ki, hazırda münaqişə tərəfləri arasında çox ciddi informasiya müharibəsi gedir. Deputat bildirib ki, təşkilatlanmış erməni diasporası hər bir istiqamətdə Azərbaycanla bağlı yalanlar, şayiələr yaymaqla məşğuldur:

 "Əfsuslar olsun ki, informasiya müharibəsində gec tərpənmişik. İndi bu sahədə ilk addımlarımızı atırıq. Əlbəttə, hələ çox iş görmək lazımdır. Cənab Savelyevə erməni yalanlarını ifşa etməkdə bizə dəstək verdiyi üçün minnətdarlığımı bildirirəm. Savelyevin Xocalı soyqırımı barədə dedikləri onun dəyərli şəxsiyyət olduğunu göstərir. Biz bunu müsbət dəyərləndiririk. Amma prosesin mürəkkəbliyini nəzərə alaraq, fəaliyyətimizi genişləndirməliyik. Çünki müharibə sadəcə səngərlərdə getmir”.

İsmayıl