Doğrudan da, səhhətində ciddi problemləri olan insanlar kənarda qalıb
Əl-ayağı amputasiya olunmuş şəxsləri hər il yoxlama adından çağırırlar. Başa düşə bilmirəm ki, bu adamın ayağı bitəsi deyil ki?!
Səhiyyə Nazirliyi əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təkliflərlə çıxış edib.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssisələrinin tibbi şurasında təhlil olunmalı, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülməli və nəticəsi barədə Tibbi yardımın təşkili şöbəsinə məlumat verilməlidir. Eyni zamanda Həkim məsləhət komissiyalarının işinə zəif nəzarət etdiklərinə və əlilliyin müəyyən edilməsi işində yol verdikləri nöqsanlara görə tibb müəssisələrinin baş həkimləri barədə intizam tədbirləri görülməlidir.
Saxta əlillik dərəcəsinin düzəldilməsi hallarının aradan qaldırılmasının vacibliyini vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bu sahədə çox ciddi nöqsanlar var. O deyib ki, saxta diaqnozlarla o qədər adam əlillik kağızı düzəltdirib ki, doğrudan da, səhhətində ciddi problemləri olan insanlar kənarda qalıb.
Professorun sözlərinə görə, bu problemin qarşısını almaq üçün qonşu ölkələrin təcrübəsindən yararlanmaq daha məqsədəuyğundur:
"Əlillik dərəcəsinin müəyyən olunması prosesində şəffaflığın təyin olunması üçün ilk növbədə bu sahədəki korrupsiyanı aradan qaldırmaq lazımdır. Əks halda, yalançı diaqnozla əlillik dərəcəsi alanların sayı getdikcə artacaq. Baş həkimlərin cəzalandırılması problemin həlli üçün yetərli deyil. Əl-ayağı amputasiya olunmuş şəxsləri hər il yoxlama adından çağırırlar. Başa düşə bilmirəm ki, bu adamın ayağı bitəsi deyil ki?! 1993-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasında yoxlamalar aparmışam. O qədər nöqsanlar aşkar edilmişdi ki. Ona görə də hesab edirəm ki, mövcud problemlərin həlli üçün dünyanın getdiyi yolla getməli və ilk öncə şəffaflığı təmin etməliyik.
Şəymən