Nazir bəyanat, açıqlama verəndə ehtiyatlı olmalıdır
Tutaq ki, biri illər uzunu hökumətdən 10 000 manat saxta pensiya alıb, gedib onu geri necə alacaqsınız?
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son altı ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar barədə jurnalistlərə açıqlama verib. O bildirib ki, əsassız əlillik verilməsinin ləğv edilməsi nəticəsində 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.
Qeyd edək ki, Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib. Nazirin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.
Əlillik dərəcəsinin alınması ilə bağlı sui-istifadə hallarının həddindən artıq çox olduğunu vurğulayan Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov əlillik dərəcələrinin saxta yolla verilməsinə dair nazirlik tərəfindən aparılan araşdırmaları müsbət addım kimi dəyərləndirib: "Cənab nazirin qaldırdığı məsələ kifayət qədər ciddidir. Ötən illər ərzində saxta təyinatlar olması səbəbindən hazırda xeyli sayda insan saxta əlillik statusu daşıyır.
Xüsusən də istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi adı altında əlillik dərəcəsi alan şəxslərin sayı çoxdur. Müxtəlif xəstəliklər bəhanəsi ilə də əlilliyə görə əmək pensiyası təyin olunması halları da az deyil. Nazirliyin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Sadəcə olaraq, problemin həllinin şəffaf mexanizmlərini yaratmaq lazımdır. İlk növbədə isə əlilliyin müəyyən edilməsi meyarlarını dəyişmək lazımdır. Hər dəfə nazir dəyişəndə bu istiqamətdə müəyyən islahatlar aparılır, yeni bir struktur yaradılır, amma heç biri real mexanizm formalaşdıra bilmir. Bu gün üçün 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilməsi müsbət haldır, amma sabah üçün əlavə 1000 nəfərə saxta əlillik dərəcəsinin verilməməsinə kim zəmanət verir?”.
Saxta əlillik dərəcəsi olan şəxslərə ödənilən pulun geri qaytarılması məsələsinə gəldikdə isə S.Məmmədov bu yanaşması real hesab etmir:
"Cənab nazir deyib ki, saxta pensiya alanlardan aldıqları pensiyanı geri alacağıq. Mənə maraqlıdır, bunun mexanizmi barədə də açıqlama olacaqmı? Tutaq ki, biri illər uzunu hökumətdən 10 000 manat pensiya alıb və indi məlum olur ki, ona əlillik saxta yolla verilib. Lap elə məhkəmə də qərar verir ki, alınsın. Gedib baxırlar ki, adamın bir uçuq evindən başqa heç nəyi yoxdur. Necə alacaqsız? Hansısa bir şəxsin saxta əlillik dərəcəsi almasının üzərindən 10 il keçibsə, onun məsuliyyətini necə müəyyən edəcəklər?
Bəlkə də həmin sənədi düzəldən şəxs heç həyatda yoxdur? Fikrimcə, hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır. Bu cür açıqlamanı ya izahatı ilə verməli, ya da ümumiyyətlə danışmamalıdır. Əks halda, insanlar arasında təşviş və səksəkəyə səbəb olur. Əvvəl mükəmməl bir mexanizm yaradıb, sonra real addımlar atmalıdırlar”.
Şəymən