Diaspora Komitəsi Rusiya məhkəməsinin ədalətli qərar çıxaracağına ümid edir
Rusiyanın Komi Respublikasında Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Akif Sayadovla bağlı mətbuat konfransı keçirilib. Akif Sayadovun qızı Nigar Sayadova atasının 2014-cü ilin oktyabrında əsassız yerə həbs olunduğunu bildirib:
"Atama qarşı əvvəlcə beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürdülər. Sonra bu ittihamın inandırıcı olmadığını görüb, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını ortaya atdılar. Kominin baş prokuroru Sergey Bajutovun saxta ittihamları ilə atam həbs edilib. Onun vəziyyəti hazırda çox ağırdır. Onkoloji xəstəlikdən əziyyət çəkir, həyatı təhlükə altındadır. Atam hər həftə kimyaterapiya olunmalıdır. Amma yanına vəkilləri də daxil olmaqla, heç kimi buraxmırlar. Tələb edirik ki, onun işini yerli istintaq orqanları yox, Moskva araşdırsın. Bizim ailənin artıq Komi hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə inamı qalmayıb”. Diaspora rəhbərinin oğlu Fuad Sayadov isə bildirib ki, hüquq-mühafizə orqanlarının təzyiqi ilə həkimlərin atasının ağır xərçəng xəstəsi olması barədə rəyi dəyişdirilib: "Biz atamın müalicəsini təşkil etmək istəyirik. Lakin buna imkan vermirlər. Onu Sıktıkvar şəhər xəstəxanasının məhkumlar üçün olan bölümündə saxlayırlar, yanına da heç kimi buraxmırlar. Həbsdə göz görə-görə öldürürlər”.
Sayadovun vəkili İqor Kopyonkin müdafiə etdiyi şəxsin Komidə böyük nüfuza malik olduğunu vurğulayıb: "Həbs edildikdən sonra Akif Sayadov Kominin paytaxtı Sıxtıvkardakı təcridxanada saxlanılıb. Biz onun səhhətinin ağır olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasına çalışdıq və buna nail olduq. Lakin ittiham tərəfi həmin məhkəmə hökmündən apellyasiya şikayəti verdi və ev dustaqlığı barədə məhkəmə qərarını əsassız olaraq ləğv etdirdi. Biz Akif Sayadovun bəraətini tələb edirik. Onun ittihamlarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar sifarişdir”. Xatırladaq ki, 65 yaşlı Akif Sayadov Culfa rayonunda doğulub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1990-cı ildə "Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2008-ci ildə "Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru təyin edilib. 2011-ci ilin martında Komi Respublikası Dövlət Şurasının deputatı seçilib. Hakim "Vahid Rusiya” fraksiyasının üzvüdür. Uxta Rayon Məhkəməsi A.Sayadov barəsində vəzifə səlahiyyətlərini aşma və dövlət əmlakını mənimsəmə ittihamı ilə 4 il müddətinə həbs qərarı çıxarıb. Məsələni dəqiqləşdirmək məqsədi ilə Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Esmira Xəlilova "Şərq”ə açıqlamasında Akif Sayadov məsələsinin Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının diqqət mərkəzində olduğunu deyib: "Onlar məsələni daim gündəmdə saxlayırlar. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq biz də Akif Sayadovun işi ilə yaxından maraqlanır və prosesləri diqqətdə saxlayırıq. Ümid edirik ki, onun barəsində çıxarılacaq hər hansı qərar ədalətli olacaq”.
İsmayıl