Sazda "Lambada" ifa olunur - Senzura qoyulmalıdır !

İlham Aslanbəyli: "Belə musiqiləri ifa edən sənətçi dostlarıma irad bildirdikdə deyirlər "sənin nəyinə lazımdır”. Üzərinə getdikdə isə aşıqlar arasında narazılıq baş verir, qalmaqal yaranır"


"Saz musiqi alətidir, onunla yaxşı nə varsa, ifa etmək olar”.

Bunu Sherg.az-a bəzi aşıqların sazda müxtəlif xalqların musiqilərini ifa etməsinə münasibət bildirərkən aşıq İlham Aslanbəyli deyib. 

O bildirib ki, türk, rus, Avropa millətlərinin mədəniyyətində olan yaxşı musiqilər sazda ifa oluna bilər:

"Artıq 21-ci əsrdə yaşayırıq. Yaxşı olan nə varsa, ifa edib, göstərə bilərik. Lakin bu cəmiyyətin qəbul etdiyi səviyyədə, müəyyən sərhəd daxilində olmalıdır. Sözsüz ki, müəyyən qrup bunu qəbul etməyə bilər.

Məsələn, türk musiqilərini əvvəllər ifa edə bilmirdik. Sonralar isə həmin musiqiləri aşıqlar sazda ifa etməyə başladılar. İndi isə bizə bu musiqilər doğma gəlir. Ancaq. yaşlı nəslin, köhnə fikirli saz dinləyicilərinin yanında o musiqiləri ifa etdikdə bəzən etiraz edirlər. Avropa musiqiləri də bu tendensiyadadır. Bəzi dinləyicilər bunu qəbul edir. 

Amma təbii ki, bunun da müəyyən qaydası olmalıdır. Belə musiqiləri aşıqlar efirlərdə səsləndirir. İnsanların bəziləri bunu qınayır, amma təqdir edənlər də olur. Mən özüm də yaxşı baxmıram. İnsanlar bunu qəbul etmirlərsə, həmin musiqiləri ifa edib, ictimailəşdirməsələr, daha yaxşıdır”.

Efirdə, ictimaiyyətdə özünün belə musiqiləri ifa etmədiyini vurğulayan aşıq deyib ki, xarici ölkələrdə və ya xaricdən gələn qonaqları qəbul edərkən, onların istəyinə uyğun musiqilərini səsləndirib:

"Amma heç vaxt bunu ictimailəşdirməyə çalışmamışam. Bilirsiniz, onu insanlara yaxşı mənada çatdıra bilirsənsə, bu, pis deyil. Məsələn, xaricdən gələn bir nəfər saza qulaq asdıqda, başa düşmür. Amma ona özünün dilində bir musiqini ifa etdikdə isə daha müsbət qəbul edir.

Belə musiqiləri ifa edən sənətçi dostlarım da bunu müəyyən qayda ilə etməlidir. Onlara irad bildirdikdə deyirlər "sənin nəyinə lazımdır”. Üzərinə getdikdə isə aşıqlar arasında narazılıq baş verir, qalmaqal yaranır.

Bunları aradan qaldırmaq üçün mütləq senzura qoyulmalıdır. Qarşısı alınmırsa, fərdi sənətkarların, dinləyicilərin buna təpki göstərməsinin əhəmiyyəti olmayacaq”.

Aysel Aslan