Heç kim iddia edə bilməz ki, artıq FETÖ təhlükəsi aradan qalxıb
"Fətullah Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir”. Bunu TürkPA-nın 10 illiyinə həsr olunmuş konfrans zamanı Türkiyə parlamentinin sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Ankara ümid edir ki, türkdilli ölkələr bu təhlükəyə qarşı birgə müqavimət göstərə biləcək: "Türkdilli ölkələr bir-biri ilə münasibətləri möhkəmləndirməlidir”. Bir sıra ekspertlər də təəssüflə qeyd edirlər ki, hələ də FETÖ təhlükəsi kifayət qədər anlaşılmayıb. Onların fikrincə, xüsusən türkdilli ölkələr, Mərkəzi Asiya dövlətlərində hələ də təşkilat özünü gizli hücrələrdə qorumaqdadır. Məlumat üçün deyək ki, Fətullah Gülən və onun tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
FETÖ ilə bağlı bir neçə kitab yazmış, "YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər "Şərq”ə deyib ki, Türkiyə parlamentinin sədri Binəli Yıldırımın narahatlığı başadüşüləndir. Uzun illər siyasi rəhbərlikdə təmsil olunan Yıldırım FETÖ təhlükəsini daha yaxşı görür:
"O, baş nazir olarkən bu terrorçu şəbəkənin çevriliş cəhdinə məruz qalıb. Düşünürəm ki, Türkiyə rəsmiləri təhlükənin bizim görmədiyimiz tərəflərini görürlər. Azərbaycan da daxil olmaqla, Orta Asiya ölkələrində terrorçu şəbəkə ilə bağlı bir sıra addımlar atılıb. Lakin heç kim iddia edə bilməz ki, artıq FETÖ təhlükəsi aradan qalxıb. Şəbəkə Türkiyədə və digər ölkələrdə öz mövcudluğunu qorumaqdadır. Türklər buna "yatmış hücrələr” deyirlər. Reallıq odur ki, Qırğızıstan və Afrikanın bir sıra ölkələrində FETÖ üzvləri gizlənməyə belə ehtiyac duymurlar. Onlara yerlərdə dəstək verənlər var. Şəbəkə 2000-ci ildən sonra yeni taktika üzərində işləməyə başladı. Ondan əvvəl şəbəkə hər cür vətəndaşı özlərinə tərəf çəkməyə çalışırdı. Ancaq həmin ildən etibarən şəbəkə imkanlı və vəzifəli şəxslərin övladlarını ələ keçirməyə başladı. Bir çox ölkədə təhlükə hələ qalmaqdadır və heç kim bundan sığorta olunmayıb. Müəyyən qüvvələr FETÖ ilə aparılan mübarizəni fərqli istiqamətə yönləndirməyə cəhd edirlər. Buna qətiyyən yol vermək olmaz”.
İsmayıl