"Səhiyyəmizdəki problemləri icbari tibbi sığortanın olmaması yaradır"

Rəşid Mahmudov: "Azərbaycanda səhiyyə və elm haqqında doktrinalar qəbul olunmayıb. Onlar olduqdan sonra bütün bu problemlər düzələcək"



"Savadsız həkimlər var, amma yaxşı həkimlərimiz də çoxdur”.

Bunu "Sherg.az”a regionlardan xəstələrin şəhər xəstəxanalarına göndərilməsinin səbəblərini izah edərkən tibb elmləri namizədi Rəşid Mahmudov danışıb. 

Bunun həkimlərin günahı olmadığını diqqətə çatdıran həkimin sözlərinə görə, belə problemləri icbari tibbi sığorta sisteminin olmaması yaradır:

"İcbari tibbi sığortanın tətbiq edilməsindən sonra bu məsələlər yerini tapacaq. Çünki hər bir xəstəliyin protokol qaydası var. Ötənlərdə telekanalların birindən mənə müraciət etdilər ki, həkimlərin əlində çoxlu xəstələr ölür və onu araşdırmaq istəyirlər. Mən bildirdim ki, bunu araşdıra bilməyəcəklər. Ona görə ki, dövlətin dövlət olması üçün 3 atribut – himn, bayraq və gerb lazımdır. Dövlətin siyasətində isə 3 doktrina – hərbi, səhiyyə və təhsil haqqında doktrinalar olmalıdır. Səhiyyə və elm haqqında doktrinalar qəbul olunmayıb. Onlar olduqdan sonra bütün bu problemlər düzələcək.

Əgər xəstə infarkt olubsa, 1 saata qədər ona 3 aspirin verib, heparen vursan, yüz faiz o insan sağlam qalacaq. Xəstə infarkt olduqdan 1 saat keçibsə, onun 50 faiz şansı var. Amma vaxtlı-vaxtında yerinə yetirilməli protokol qaydaları var.

Səhiyyəmizdə səhvlər də, zəiflik də, savadsızlıq da var. Bununla bərabər bütün həkimlərə qara yaxmaq qətiyyən düzgün deyil. Yaxşı, savadlı həkimlərimizin olduğunu da nəzərə almalıyıq”.

Aysel Aslan