“Senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu”
Senzuranın ləğvindən 20 il ötür
“Bu tarixi qərar milli mətbuatın inkişafına çox mühüm töhfələr verdi, bu istiqamətdə yeni imkanlar və şərait yaratdı”
“Senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu”
“Senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu”
Bu il Azərbaycanda senzuranın ləğv olunmasından 20 il ötür. 1998-ci il avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu Sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Məlumdur ki, ulu öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlandı.
Onun siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırıldı. Senzuranın ləğvindən sonra 1999-cu ildə "KİV haqqında” Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. "İctimai Televiziya haqqında” qanun qəbul olundu”. Mətbuat nümayəndələri də birmənalı qeyd edirlər ki, Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət idi. Xatırladaq ki, Azərbaycan dilində ilk qəzet 1832-ci ildə çıxıb.
Bu "Tiflissoe vedomosti” qəzetinin Azərbaycan bölməsi olan "Tiflis əxbarı” qəzeti idi. Azərbaycan Milli Mətbuatının yaranması isə 1875-ci ildə "Əkinçi” qəzetinin nəşrindən hesablanır. O vaxtdan 1998-ci ilə qədər Azərbaycan mətbuatının üzərində həmişə senzura olub. Çar və Sovetlər dövründə, müstəqilliyimizin ilk illərində mətbuat üzərində senzura olub. Sovetlər dönəmində, 1966-cı ildə Nazirlər Kabineti yanında baş idarə yaradılmışdı və bu idarənin məqsədi dövlət sirrinin qorunmasını təmin etmək idi. Bu idarə dövlət sirrinin qorunması adı ilə çox şeylərin mətbuata çıxmasının qarşısını alırdı. Bundan əlavə 1992-ci ildə Azərbaycan Prezidenti vəzifələrini icra edən Yaqub Məmmədov hərbi senzuranın yaranması ilə bağlı fərman imzalamışdı. 1993-cü ilin aprelində sabiq prezident Əbülfəz Elçibəy də belə bir fərman imzalamışdı və fövqəladə vəziyyətlə bağlı bütün informasiyaların üzərinə senzura qoyulurdu. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla həm Nazirlər Kabineti yanında 1966-cı ildə yaradılmış baş idarə ləğv edildi, həm də 1992-ci və 1993-cü illərdə senzura tətbiq olunması barədə qəbul olunmuş qərarlar qüvvədən düşdü. Azərbaycan mətbuatı üzərindən senzura götürüldü.
Bu da Azərbaycan mətbuat tarixində ilk dəfə baş verən hadisə idi. Əlbəttə, Azərbaycanda senzuranın ləğv olunmasının müəyyən fəsadları da olub. İlk vaxtlar reket jurnalistika ilə məşğul olma halları, məlumatların yoxlanılmadan mətbuata verilməsi faktları çoxalıb. İnsanların şərəf və ləyaqətinin təhqir olunması faktları artıb. Bütün bunların fonunda Azərbaycan mətbuatının özünütənzimləmə mexanizmləri meydana gəlib. Bütün dünya mətbuatı bu yolu keçib. Azərbaycanın da bu yolu keçməsi labüd idi. Demək olar ki, senzuranın ləğvindən sonra dövlətin mətbuata heç bir təzyiq mexanizmi qalmayıb. Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, Azərbaycan mətbuatı da güclənib, inkişaf edib. 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "Əməkdar jurnalist” adının bərpa olunması və ölkənin aparıcı media nümayəndələrinin dövlət ali mükafatları ilə təltif olunması jurnalistikaya, eləcə də, müstəqil mətbuatın inkişafına çox böyük töhfə verib. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımlarının edilməsi mətbuatın inkişafını, jurnalistlərin sosial rifahını gücləndirib. Bir sözlə, dövlətin bu sahə ilə bağlı atdığı addımlar Azərbaycanda mətbuatın hər zaman diqqət mərkəzində olduğunu təsdiqləyir. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər. Bütün bunlar dövlətin mətbuatın inkişafına göstərdiyi qayğının nümunəsidir.
Senzuranın ləğvi ilə bağlı "Şərq”ə danışan "Olaylar” qəzetinin və "Olaylar” informasiya agentliyinin rəhbəri Yunus Oğuz deyib ki, hələ çar Rusiyası zamanı meydana gələn senzuranın məqsədi sərbəst, müstəqil insanların ideologiyaya qarşı çıxmaq cəhdlərinin önünü kəsmək idi. Baş redaktorun sözlərinə görə, mətbu orqanlar yazılarını əvvəlcə senzora təqdim edirdilər. Senzor yazılara baxandan sonra qəzetin çapa gedib-getməməsi haqda icazə verirdi:
"Əkinçi” qəzeti iki il nəşr olunandan sonra senzuranın təzyiqləri nəticəsində bağlandı. Senzura o deməkdir ki, sən istədiyin fikri yaza, cəmiyyətə çatdıra bilməzsən. Buna dövlət tərəfindən müəyyən olunmuş sadəcə bir nəfər senzor qərar verirdi. O senzor kefi istəyirdisə, yazının üstündən qırmızı xətt çəkirdi. Biz də qəzetçi olaraq bunları yaşamışıq. 1998-ci ilə qədər vəziyyət bu cür idi. Düzdür, faktiki olaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra senzura formal olaraq qalmaqda idi. Əslində heç kim müdaxilə etmirdi. Amma məcbur idik ki, qəzet səhifələrini çapa getməzdən əvvəl mütləq senzora təqdim edək. Senzor səhifələrin altından qol çəkəndən sonra biz onu Nəşriyyata apara bilərdik. Əks halda qəzet çıxmazdı. 1998-ci il avqust ayının 6-da senzuranın ləğvindən, söz və mətbuat azadlığının elanından sonra vəziyyət dəyişdi. Artıq nəyi yazıb-yazmayacağını qəzetlər özləri müəyyən etməyə başladı. Yəni bütün məsuliyyət redaksiyanın, rəhbərliyin üzərində idi. Bu da demokratiyanın tələbi idi.
Əgər hansısa yazı dövlətin əleyhinə yönəlibsə, yaxud konkret şəxsin təhdid və ya təhqir olunmasına yönəlibsə, bunu məhkəmələr həll etməlidir. Qəzet özü məsuliyyət daşıdığı üçün məhkəmələrlə və xalqla təmasda olurdu. Bu baxımdan 1998-ci ildə senzuranın ləğv edilməsi öncül addım idi. Dünya mediasında gedən bir prosesin tərkib hissəsi kimi çox lazımlı qərar idi”.
Y.Oğuz bildirib ki, senzuranın ləğvindən sonra bir müddət qəzetlərdə reketçilik baş alıb gedirdi: "Artıq bunun qarşısını alan senzor yox idi. Sovetlər zamanı mövcud olan senzor ideologiyaya qarşı idi. Amma bizdə senzuranın ləğvi imkan verdi ki, qəzetlər istədiklərini yazsınlar. Nəticədə kimsə təhdid olundu, təhriflər edildi və s. Lakin biz 20 ildir yol gəlirik. Ötən bu müddət ərzində sübut etdik ki, senzurasız da mətbuatın fəaliyyəti mümkündür. Senzurasız da yaşamaq, dövlətin marağını təmin etmək, ictimai rəyi formalaşdırmaq, maarifləndirməyi aparmaq olar. Senzuranın ləğvi ilk baxışda qəzetlərin inkişafına tam təsir göstərməsə də, keçilən 20 illik yolda xeyli irəliləyişə nail olduq. Gündəlik qəzetlərin formalaşması prosesi başa çatdı. Bu gün Dağlıq Qarabağ və ya müəyyən dövlətçilik məsələlərində qəzetlər özləri daxili senzuranı tətbiq edirlər. Artıq bilirlər ki, müharibə zamanı kimə, hansı dövlət qurumuna istinad edərək xəbər yaymaq lazımdır. Qəzetlərin daxili senzurasının olması yaxşı haldır”.
"Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı da "Yeni Azərbaycan”a bildirib ki, senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılmasının çox böyük əhəmiyyətə malik olduğunu deyən baş redaktor vurğulayıb ki, bu, Azərbaycan mətbuat tarixində xüsusi bir mərhələdir: "Bu tarixi qərar milli mətbuatın inkişafına çox mühüm töhfələr verdi, bu istiqamətdə yeni imkanlar və şərait yaratdı. Senzuranın ləğvi ilə bağlı qərar mətbuat tariximizin əlamətdar hadisələrindən biri kimi Azərbaycanda jurnalistikanın inkişafında yeni mərhələnin başlanğıcı oldu”. Həm ənənəvi, həm də elektron medianın özünün yeni inkişaf mərhələsini yaşadığını deyən baş redaktor əlavə edib ki, Azərbaycanda mətbuat azadlığı mövcuddur və ölkəmizdə media sahəsinə yüksək dövlət qayğısı var. Akif Aşırlı Prezident İlham Əliyevin hər zaman milli mətbuatın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə xüsusi diqqət göstərdiyini də diqqətə çatdırıb.
Qocaman jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə "sherg.az”a bildirib ki, Azərbaycan mediası üzərindən senzuranın götürülməsi açıq sözə, azad fikrə əhəmiyyətli dərəcədə təsir göstərib:
"Ümummilli lider Heydər Əliyev hər zaman jurnalistlərin qayğısına qalırdı, onlar üçün hər cür şəraitin yaradılmasına təminat verirdi. Xüsusilə, söz azadlığının yaradılması ilə bağlı onun ciddi yanaşması var idi. Bütün hadisələrə işıq salınmasını, məlumatların oxuculara olduğu kimi çatdırılmasını istəyirdi. Senzuranın ləğvi də ümummilli liderin mətbuata verdiyi yüksək dəyərin təzahürü idi. Artıq 20 ildir, bu addımın bəhrəsini görürük”. Senzuranın bərpasının tərəfdarı olmadığını diqqətə çatdıran M.Süleymanzadə qeyd edib ki, geriyə yol yoxdur. Senzuranın bərpa olunması heç bir halda məqsədəuyğun deyil: "Amma senzuranın ləğv olunması o demək deyil ki, mətbuatda özbaşınalıq olmalıdır, kim nə istəyir yazmalıdır. Hər bir jurnalistin, media mənsubunun məsuliyyət hissi olmalı, qayda-qanunu, ölkənin əleyhinə olan məqamları dərk etməli, daxili senzurası olmalıdır. Jurnalist müvafiq qurumlar qarşısında məsuliyyət daşıyır. Məsələn, mən sovet dövründə uzun illər "Kommunist” qəzetində fəaliyyət göstərmişəm.
Bizim senzura ilə bağlı ciddi problemimiz yox idi. Çünki hər birimizin yanaşmamızda, məsələyə münasibətimizdə müvafiq senzura var idi. Yazdığımız, səsləndirdiyimiz fikrin məsuliyyətini daşıya bilirdik. Azərbaycan xalqı müharibə şəraitində yaşayır. Belə məqamda mətbuatın atdığı addımlar, informasiya təminatını həyata keçirməsi mexanizmləri çox vacibdir. Hər bir peşəkar jurnalist, media orqanı başa düşür ki, ordu ilə bağlı, hərbi sirr olan məqamlara diqqət etmək lazımdır. Ona görə, qeyd etdiyim kimi, hər bir jurnalistin vətəndaşlıq mövqeyi olmalı, bunun əsasında fəaliyyəti əks olunmalıdır. Bəzən mətbuat özü də bilmədən düşmənə informasiyalar verib, mənfur qonşularımızın dəyirmanına su tökür. Belə məqamlara diqqət etmək mütləqdir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb