"Şerim oxucumu intihardan xilas etdi"

Oğuz Ayvaz: “Yazmaq iç məsələsidir. İçimdəki ağrıları, sevincləri, adamları şeirə çevirib xilas oluram. Kimsə üçün yazmıram”




"Feysbuku ciddi yer hesab etmirəm, layk yığmaqla ədəbiyyata gəlinmir”


"Bir dəfə oxucularımdan biri yazmışdı ki, şeirinizi oxuyub intihardan vaz keçdim.
Kaş başqa insanları da xilas edə bilsəydim”



Son dövrlər istedadlı və nümunəvi imzalar arasında adı hallanan gənclərdən biri də Oğuz Ayvazdır. Özünəməxsus, daha çox nikbin şeirləri ilə oxucuların marağına səbəb olan şair eyni zamanda publisistika ilə də məşğul olur. Müxtəlif ədəbi saytlarda şeirləri dərc olunan yazar "Ədalət” qəzetində müxbir kimi fəaliyyət göstərir. Ancaq özünün də etiraf etdiyi kimi, "Xalqın şairi” müsabiqəsindən sonra Oğuz Ayvazın ulduzu daha çox parlayıb, ədəbi mühitdə söz sahibi olan yazarların müsbət rəyini almağı bacarıb. Qalib olmaq üçün əzmlə mübarizə aparan gənc şair müsabiqənin finalına qədər yüksəlib. 

Biz də "Şərq” qəzeti olaraq "Xalqın şairi” tituluna iddialı olan Oğuz Ayvazla əlaqə saxlayıb, onu oxucularına və tamaşaçılarına daha yaxından tanıtmaq istədik.

- Kimdir Oğuz: harada, neçənci ildə anadan olub? Harada oxuyub, harada təhsilini davam etdirib?

- 1990-cı ildə Gürcüstanın Qarayazı rayonunda Yer kürəsinə düşmüşəm. Anamın dediyinə görə, doğumum çox əzab-əziyyətli, çətin olub. Travmalı doğulmuşam, yəqin dünyaya gəlmək istəmirdim. Bəlkə də bu mənim ilk qorxum olaraq yaddaşımda qalıb. Bilmirəm...
Atam mənim dünyaya gəlməyimə də çox sevinibmiş. O vaxtları gülə-gülə danışardı bizə. Əl-qolunu ölçə-ölçə böyük bir məhəbbətlə o günün filmini çəkirdi sanki; Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata... Qəfil rastlaşdığı dostu... Qaranlıqda işıq kimi közərən taksi... Dostunun muştuluğu... Və sonra şəhərə hayqırmağı: "Kim Eyvazı sevir, minsin maşına”. Sonra kafe. Yıxılan butulkalar. Atamın səndirlənə-səndirlənə xəstəxanaya gəlişi. Uşağı görmək istəyi. Həkimlərin onu içəri buraxmamağı. Atamın mübahisə etməyi, dalaşmağı. Sərxoş cümlələrlə nəyisə izah etməyi. Və sonra diz çöküb ağlamağı. Filmin sonu.

- Uşaqlığınız necə keçib?

- Uşaqlığımın bir parçası Tiflisdə, digər bütün parçaları isə Bakıda keçib. Tiflisdə keçirdiyim 2 il uşaqlığımın ən gözəl, ən unudulmaz xatirələridi. Birinci sinfi də Tiflisdə oxumuşam. Bacımla bir yerdə. Yadımdadı, Bakıya qayıdan ərəfədə sinif uşaqları, müəllimlər ağlamışdılar. O günlər ömrümə nəğmə kimi yazıldı. Azərbaycana qayıdanda mühitə alışa bilmirdim. Qorxaq uşaq olmuşam. Futbolu çox sevirdim. Hər gün əlimdə top, meydançada uşaqlarla oynayırdım. Hətta, yağışlı, qarlı günlərdə belə futbolsuz qala bilmirdim. Buna görə anam, atam danlayırdı məni. Xəzər Universitetində təhsil almışam. Jurnalistika ixtisası üzrə.

- Nə vaxtdan əlinə qələm alıb şeir yazmağa başladın və ilk şeirini kimə (nəyə) ünvanlamısan?

- Şeirə marağım türk poeziyasıyla bağlıdır. Orxan Vəli, Nazim Hikmət, Nəcib Fazil, Yusuf Hayaloğlu kimi şairlər sevdirib mənə şeiri. İlk şeirim "Sən və İnsanlar” şeiri olub. Sevdiyim qıza və kirlənmiş insanlara yazdığım yadımdadı.

Şeir belə başlayırdı:

insanlara aldandım, inanma mənə
sən uduzan adamları sevməzdin
mən isə qalib olanları...
arxamızda ağlayan insanlar,
yuxulu küçələr,
çırpılan dizlərin səsi
ayıltmalıydı bəlkə məni...

İndi bu şeir mənə bir yeniyetmənin yaşadığı hisslərdən başqa heç nə demir. Atamla, anam dünyalarını dəyişəndən sonra içimdə şeir yazmaq istəyi yarandı. Halbuki onların sağlığında şeirdən çox uzaqdım. Hətta şeir yazanları sevmirdim. Daha çox da anamın gedişi məni şeir yazmağa vadar etdi. Bəlkə də travmadı, ya da həyatın ironiyası.

- Təpədən-dırnağa ədəbiyyat içərisindəsiz desək, yanılmarıq. Atanız, qardaşınız, siz, bildiyim qədər yoldaşınız da yazır. Ədəbiyyat içərisində doğulmaq və yaşamaq necə hissdir? Orta-statistik azərbaycanlı ailəsindən nə ilə fərqlənir yazar ailəsi?

- Gözümüzü açandan evdə əli qələm tutan, kitabların içində vurnuxan bir ata görmüşük. Mənim Bakıyla, teatrla, kinoyla, musiqiylə tanışlığım atamla bağlıdır. Əlimdən tutub şəhərdəki incəsənət mərkəzlərinə aparardı məni. Sovetin son nəfəsi, qoxusu yaddaşımın bir küncündə ilişib. Bakının dolanbac küçələri, nimdaş geyimli adamlar, qatarlar, küçələr... Bu görüntülər uşaq yaddaşıma yazılırdı və atam sanki məni həmin xəyalındakı şəhərə aparırdı. Sonra böyüdüm. Atamdan uzaqlaşdım. Bizim ailəyə "yaradıcılar klubu” da demək olar. Ayxan dahi, Dəniz unikal yazar, bacım da balaca rəssam. Hələ cuppulu bir qızım da var. O da doğuluşuna şeir yazıb (gülür). Yaradıcı adamlarla bir yerdə yaşamaq daha rahat, daha gözəldi. Bir yerdə qərar veririk ki, filmə baxacağıq, yoxsa bu vaxtda 3 saat mütaliəyə vaxt ayıracağıq. Cəmiyyətdən fərqimiz odur ki, insanların görə bilmədiyi həssaslıqları biz daha tez duyuruq. Qətiyyən bizim ailə tipik azərbaycanlılar kimi deyil. Ənənəvilik bizdən çox uzaqdır. Demək olar, postmodern ailəyik (gülür).

- Atanız ədəbiyyatçı olmasaydı, yenə də şair olardız, yoxsa tamam başqa sahəyə üz tutardız?

- Atam futbolçu olsaydı, əminlikə deyərdim ki, dünyanın ən yaxşı futbolçusu olardım (gülür). Şairlik seçim deyil, tale məsələsidir. İndi istəyərdim psixoloq olam.

- Ayxan mənə müsahibəsində belə bir söz demişdi: "Atamı tərifləyən olanda qəzəblənirəm”. Bir növ şöhrətpərəst olduğunu etiraf etmişdi. Siz də eləsiz, yoxsa sizə xoş gəlir atanızın təriflənməsi?

- Atam həqiqətən də tərifi, şöhrəti, diqqətdə olmağı sevməzdi. Atamı tanıyanlarla rastlaşanda həmişə onu tərifləyiblər. Buna görə heç vaxt qəzəblənməmişəm. Əksinə, kövrəlmişəm, dilim topuq vurub. Ayxan doğrudan da şöhrətpərəstdi. Buna görə də onunla tez-tez dalaşıram. Mənim özüm komplimentləri xoşlayıram. Yazdıqlarım haqda tənqid eşidəndə isə daha çox sevinirəm.

- Şair kimi tanıyırıq sizi, amma müsahibələriniz, kiçik yazılarınız da olur. Bəs roman, hekayə kimi ciddi nəsr əsərləri yazmağı düşünürsüzmü?

- Özümü sevmədiyim şairlər arasında görürəm. Şeirlərimi balam kimi sevmirəm. Roman yazmaq fikrim var. Ancaq bunun üçün daha bir həyat, daha bir əziyyətli, zəhmətli günlər lazımdır. Hekayələr yazmışam. Azdan-çoxdan. Ancaq qardaşım olduğuna görə demirəm, Ayxan hazırkı gənc yazarların içində nəsrdə zirvədi. Roman yaza bilsəm, Ayxanı geridə buraxacam. Ona görə hələ şeirin qulpundan yapışmışam.

- Səhv etmirəmsə, kitabınız yoxdur? Niyə? Sırf maliyyə ilə bağlıdır, ya özünüz istəmirsiz?

- Keçən il çap etmək istəyirdim. Şeirlərimi bir də gözdən keçirdim. Çap eləmək fikrindən daşındım. Çünki hələ tezdir. Maliyyə sıxıntısı hər şairin bu saat ağrılı yeridir. Elə mənim də. Ancaq bu il fikrim var ki, çap edim. Görək, sağlıq olsun.

- Bəlkə də yanılıram, amma kənardan baxanda ədəbiyyatda qalmağa çox həvəsli görünmürsüz, sanki ancaq özünüz üçün yazır, ürəyinizi boşaldırsız...

- Özüm üçün yazıram deyəndə, yazmaq iç məsələsidir. İçimdəki ağrıları, sevincləri, adamları şeirə çevirib xilas oluram. Kimsə üçün yazmıram. Mən tipik şairlər kimi tez-tez yaza bilmirəm. Yaradıcı əzabı deyilən bir şey var. Mən inək deyiləm ki, hər gün süd verəm (gülür).

- Hazırda nə yazırsız, son yazdığınız şeir hansıdır?

- Axır vaxtlar şeir yazmaq istəyim öləziyib. Son yazdığım şeiri qızımın doğulduğu gecə yazmışdım. Yoldaşım doğum sancıları çəkərkən, yağışlı bir gündə içimdə şeir doğulurdu.

- Mütaliəyə vaxtınız qalırmı, hansı ölkənin ədəbiyyatını daha çox oxuyursuz?

- Şənbə-bazar mütaliə edirəm. Həftə içi metrolarda, avtobuslarda kitab oxuyuram. Kitab oxumağa hər gün vaxt tapmaq olar. Yetər ki, kitaba sevgin olsun. Daha çox rus ədəbiyyatı oxuyuram. Çexovdan, Pelevindən, Mayakovskidən. Ümumən, dünya ədəbiyyatında istər türk, istər Avropa ədəbiyyatının nümunələrini oxuyuram. Bir çox əsərlər olub ki, dünyaya baxışımı, düşüncələrimi çox dəyişib. Bu əsərlər "Martin İden”, "Cinayət və Cəza”, "Tatar çölü”, "Aclıq”dır.
Son oxuduğum kitab isə alman yazıçısı Ziqfrid Lentsin "Məhəbbət yuvası” adlı əsəridir. Müharibədən sonrakı dövr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Hekayələrində müasir insanı düşündürən problemlərə toxunur, onların ictimai-siyasi, mənəvi-psixoloji problemlərinin köklərini araşdırır. Gənclərə bu kitabı tövsiyə edərdim.

- Azərbaycan ədəbiyyatı ilə bağlı nə düşünürsüz? Durum qaneedicidirmi, hansı çatışmazlılar var?

- Azərbaycan ədəbiyyatı indiki dövrdə dünyadan uzaqda qala bilər. Ancaq imzasını təsdiq edən dəyərli imzalar var artıq. Televiziyada "Xalqın şairi” ədəbiyyat layihəsi, oxucularımızın kitaba marağının artmasını müşahidə edirəm. Qaramsar olmağa dəyməz, nikbinəm.

- Gənc şairlər daha çox feysbukda tanınırlar. Və bu da nisbətən yaşlı nəslə xoş gəlmir ki, ciddi ədəbiyyat ola bilməz feysbukda. Siz necə düşünürsüz?

- Layk yığmaqla ədəbiyyata gəlinmir. Əlbəttə, ciddi ədəbiyyat hesab etmək olmaz. Gənclərin özünü ifadə etmək üçün ən yaxşı yerdir feysbuk. Mən feysbuku ciddi yer hesab etmirəm. Ora sadəcə mənim üçün gündəlikdir.

- Bəs buna səbəb nədir? Ədəbi portallar azdır, yoxsa saytları oxuyan yoxdur?

- Azərbaycan balaca ölkədir. Ədəbi portallar az olsa belə, zamanla çoxalacağına inanıram. Saytlar İP üçün cəmiyyətin nəbzini tuta biləcək xəbərlər, yazılar ortaya çıxardır. Belə olan halda da ədəbiyyat, ciddi yazılar oxunmur. Bu cür tendensiyalar dünyanın çox ölkəsində var. Əlbəttə, istəyərdim ciddi yazılar, müsahibələr, şeirlər, hekayələr daha çox oxunsun. Belə olsaydı, daha sənətə nə ehtiyac qalardı (gülür). Gənclər üçün feysbuk saytlardan daha maraqlıdı. Mən gəncliyimizi özüm kimi görmək istəyirəm: kitab oxuyan, film izləyən, intellektual...

- Şeirlərinizin ruhu nikbin görünür. Xaraktercə də beləsiz?

- Şeirlərimdə yaşamaq eşqini insanlara aşılamaq istəyirəm. Bəşəri mövzularda daha çox yazmaq istəyirəm. Bir dəfə oxucularımdan biri yazmışdı ki, intihar edəcəkdim, necə oldusa, sizin yaşamağa aid şeirinizi təsadüfən oxudum və intihardan vaz keçdim. Kaş başqa insanları da xilas edə bilsəydim.

- Əksəriyyət düşünür ki, bədbin şeirlər daha çox oxunur. Daha çox nakam sevgi, ayrılıq, vətən həsrəti kimi mövzular. Niyə?

- Bizdə həmişə qovuşmamaq qorxusu olub. Bütün şeirlərimiz ayrılıqdan yazılıb əslində. Bədbin şeirlər də buna görə çox yazılır. Ancaq bu etapı da keçməliyik artıq. Dünyaya maraqlı deyil bu tip şeirlər. Mən sevgidən şeir görmürəm. Sevginin rənginə bulaşdığım şeir görə bilmirəm. Əlimi atdığım yerdə "ayrılıq” sözünə bulaşıram. Eldar Baxışın bir şeiri var. Şair qovuşmağın şeirini yazıb. Hətta deyərdim, iki insanın sevişməsini şeirdə yaradıb. Bu misraları hərdən yaddaşımı döyəcləyir:

Sənin baxışının odu, alovu
Mənim baxışımın çınqısı, közü.
Od oda qarışdı, alov alova,
Köz közə qarışdı, çınqı çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Həmçinin də pafoslu vətən sevgilərini də vurğulayım. Bu haqda çox danışılıb, yazılıb. Hətta özüm də statuslarımda, köşə yazılarımda bu məsələyə toxunmuşam. Ədəbiyyat köhnəlmiş qəlib deyil. Sənət daim yeni, üfüqlərin axtarışındadır.

- Yeni evlisiz, qardaşınız və bacınızla birlikdə yaşayırsız, yoxsa ayrı?

- Hamımız bir otaqda qalırıq. Yeni evimizə 2 ildir ki, köçə bilmirik. Təmir işlərinə görə maddi sıxıntı çəkirik. Bir otağımız kibrit qutusu kimidi, isti, mehriban...

- Maddi sıxıntılar ədəbi fəaliyyətinizə mane olur?

- Maddi sıxıntılar ədəbi fəaliyyətimə mane olmur. Yaradıcılıq maddiyyatla bağlı bir şey deyil.

- Bayaq toxundum ədəbiyyatçı ailəsi olmağınıza. Bir qızınız var, Allah saxlasın! İşdir-şayət, böyüyəndə o da yazar olmaq istəsə, necə reaksiya verəcəksiz?

- Çox sağ olun! Əlbəttə mane olmaram. Ancaq istəməzdim o da bədbəxt olsun bizim kimi. Yaradıcı adamlar daxilən bədbəxt olurlar. Qızım nəyi seçim etsə, hörmətlə qarşılayacam. Çox istəyərdim, gimnast olsun (gülür).

- Son olaraq, gələcəklə bağlı arzularınız və planlarınız? 10 ildən sonra Oğuz Ayvazı harada və necə görürsüz?

- Gələcək haqda heç vaxt düşünmürəm. Bu gün üçün yaşayan insanam. 10 ildən sonra istəyərdim qızımla, yoldaşımla bugünkü kimi xoşbəxt, huzurlu ömür sürək. Həyatı, yaşamağı sevirəm. Dostoyevski necə deyirdi, "həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım”. Mən isə gələcəyin qulpundan yox, günün əlindən yapışmağa çalışıram (gülür).

Şəymən