"Şərqdən Qərbə tranzit yüklərin daşınması Azərbaycan və Türkmənistan vasitəsilə reallaşacaq" - Sabiq nazir





"Azərbaycan və Türkmənistan bir çox iqtisadi layihələrdə əvəzolunmaz tərəfdarlardır”.

Bunu "Sheg.az”a Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan səfəri və səfər çərçivəsində bağlanan müqavilələrdən danışarkən sabiq iqtisadi inkişaf naziri, iqtisadçı-ekspert Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkmənistan çox böyük iqtisadi potensiala malik ölkələrdir:

"Azərbaycan və Türkmənistanın ölkə başçılarının görüşlərində bir çox məsələlər müzakirə olunub. Həmin məsələlərdən biri də hər iki ölkə vasitəsi ilə aparılan yük daşımalardır. Bu sahədə hər iki dövlət kifayət qədər iş görüb. Eyni zamanda Azərbaycan Şərqlə Qərbi birləşdirmək üçün Cənubi Qafqaz regionunda əsas nəqliyyat yollarını inşa etdirərək tranzit mövqeyə sahib olub. 

Son illər ərzində müasir nəqliyyat infastrukturunun yaradılması, logistika imkanları üçün böyük işlər aparılıb. Nə qədər qəribə olsa da, Azərbaycan və Türkmənistanda beynəlxalq limanların açılışının eyni vaxta düşməsi təsadüfi deyil. 

Çünki hər iki ölkə beynəlxalq ticarət limanının tikintisinə kifayət qədər sərmayə qoyub. Bu limanlar vasitəsi ilə Şərqdən Qərbə tranzit yüklərin daşınması iki ölkə vasitəsi ilə baş tutacaqdır. Bütün bunlar da Azərbaycan və Türkmənistan üçün iqtisadi cəhətdən çox sərfəlidir. 

Eyni zamanda Azərbaycan və Türkmənistan energetika və digər iqtisadi layihələrdə tərəfdar ölkələrdir. Düşünürəm ki, iki ölkənin əlaqələrinin sıxlaşması həm özləri üçün, həm də regin üçün əhəmiyyətlidir”.

Kənan Eynuroğlu