«Şərq»in əməkdaşı nömrə bir oldu...(FOTOLAR)

Ötən gün "Number one " mükafatlandırma mərasimi baş tutdu. Tural Ozanın təşkilatçılığı ilə reallaşan tədbir artıq dördüncü ildir ki, ölkəmizdə keçirilir. Qeyd edək ki, «Number one» mükafatlandırma mərasimi dünyanın bir çox ölkələrində gerçəkləşir. Azərbaycanda bu mükafatın rəsmi lisenziyasına Tural Ozan sahibdir. Mükafatlandırma mərasimindən öncə, sənət və şou dünyasının bir çox nümayəndələri, millət vəkilləri, jurnalistlər, Azərbaycanın dünya şöhrətli idmançıları, elm və tibb sahəsinin tanınmışları qırmızı xalı üzərindən keçib.
Daha sonra mərasimin rəsmi hissəsi başlayıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Bir-birinin ardınca "Number one” mükafatı sahiblərinə təqdim olunub.
Müxtəlif sahələrin nümayəndələri gecəyə rəng qataraq, mükafata layiq görülüb. Gecə bir sıra maraqlı məqamlarla yadda qalıb. 
Onlardan biri də əməkdar artist Elza Seyidcahanın səhnəyə çıxaraq, mikrofonu tərsinə tutması olub. Müğənni və bəstəkar etdiyi hərəkətə belə şərh verib: "Məndən öncə səhnəyə çıxan bir neçə insan özlərini belə, yəni başı aşağı göstərdi. Ona görə də mikrofonu tərsinə tutdum".
"Numberone" mükafatlandırma mərasimi qalmaqalsız ötüşməyib. Azərbaycanlı model Rüstəm Cəbrayılov səhnəyə içkili çıxaraq bu sözləri deyib 
:"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var".
Gecədə xalq artisti, Fəxrəddin Manafov, Flora Kərimova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, idmançılar İlham Zəkiyev, Rafael Ağayev, və başqaları mükafata layiq görülüblər.
«Şərq» qəzetinin əməkdaşı jurnalist Tahirə Məmmədqızı da ötən gün «Number one» mükafatını alanlar sırasında olub.
Tahirə Məmmədqızı