Seyid Hüseyn Yazıçılar Birliyində çarmıxa "çəkilir" - "37-NİN YAZILARI"
Burada çıxışda bulunan yoldaş naturalizmdən bəhs edərkən, bir neçə yanlış fikirlər söylədilər. Bəzi yoldaşlar naturalizmi erotik səhnədə təsvirindən və yaxud ədəbiyyata layiq bilməyən nalayiq, ədəbsiz sözlərin işlədilməsindən danışdı. Halbuki, yoldaşlar, naturalizm ədəbi bir məktəbdir. Bu elə bir ədəbiyyat məktəbidir ki, onun özünəməxsus əsasları və prinsipləri vardır. Formalizm bizim, nəsrdən artıq beynimizdə vardır, qoy o xüsusda da bizim şairlərimiz özləri söyləsinlər, bizim əski ədəbiyyatımızda isə formalizm böyük bir yer tutub.
Mən bir neçə kəlmə bizim tənqidimizdən söyləmək istəyirəm. Dünən yoldaş Əli Nazim Süleymanı formal cəhətdən tənqidə başladı. Mən belə düşünürəm, əsərdə, şeirdə qiymətli fikir varsa qafiyənin, hecanın pozulması şeir üçün, əsər üçün bir o qədər də böyük fəlakət deyildir.
Ə.Nazim - Bu güzəştə getmək idi.
M.Hüseyn - Mən "Kommunist" qəzetində dərc edilən Hidayətin tənqidi haqqında da bir neçə kəlmə söyləmək istəyirəm.
Nəhayət, Çəmənzəminlinin "Qızlar bulağını" tənqid edərək yazılır ki: "Çəmənzəminli özünün ədəbi xüsusiyyətində, tarixi mühit içərisində tipik xarakteri, bu xarakterin necə təşəkkül etdiyini və ən tipik şəraitdə necə hərəkət etdiyini aça bilmir". Çəmənzəminlinin bu əsərində böyük tarixi romanlara xas olan möhkəm süjet xətti, kompozisiya vəhdəti, orjinal bədii əda və forma xüsusiyyətləri görünmür. "Qızlar bulağı" tam mənada tarixi roman olmaqdan ziyadə, ədəbi etüd və ya tarixi romana eskizdir". Məncə, əgər "Qızlar bulağı" öz mündərəcəsi etibarilə qiymətli əsərdirsə, onun tarixi roman olmaması, onun üçün nöqsan deyildir. Bu cəhətdən əsəri tənqid etmək məncə doğru deyil. Bilirsiniz ki, bizim ədəbiyyatımızda roman yenidir. Odur ki, hələ forma cəhətcə bizim romanlarımızı tənqid etmək doğru deyil. (Səslər - Aleksey Tolstoy tarixi romanı çox yaxşı yazır).
Əgər Aleksey Tolstoy o şəkildə yazır, mütləq mən də bu şəkildə yazmalıyam fikri doğru deyil. Aleksey Tolstoy o şəkildə yazır, mən başqa şəkildə yazıram.
Nazim - Biz də bunu deyirik ki, bu şəkil doğru deyildir.
S.Hüseyn - Onun metodu, üsulları mənim üçün heç bir vaxt qanun ola bilməz.
Mən bununla Çəmənzəminlinin son yazılarını müdafiə etmək istəmirəm. Yalnız mən Hidayətin bu tənqidi ilə şərik ola bilmirəm. Onun irəli sürdüyü tənqidin öz-özündə belə bir sıra nöqsanlar vardır. Tənqidin özü başdan başlayaraq nöqsanlarla doludursa, mən onu oxuyarkən iki, üç və i.a. nöqsana rast gəlirəmsə, onda o tənqidin fikri mənim üçün əhəmiyyətli ola bilməz.
Məsələn: Hidayət yenə tənqidində yazır ki: "Çəmənzəminli osmançılıq təsirini hələ öz dilindən bugünədək təmizliyə bilməyib. Bəlkə əksinə olaraq onun son əsərlərində və xüsusilə "Studentlər" də bu zərərli təsir müəllif tərəfindən yenidən canlandırılır: hər işdə, ismarladım, dolab, papaqan, tuhaf və i.a. kimi sözlər bu kitabı başdan-ayağa qədər doldurub". Məncə bu tənqid yersizdir, çünki osmanlı dilinin bizim Azərbaycan dilinə təsirinin mənfi nəticələri olmuşdursa da lakin, düz cümlə quruluşunu dilimizə gətirməsində müsbət təsir göstərib.
S.Vurğun - Əksinə, lap pis təsiri olub.
S.Hüseyn - Əgər siz 1905-ci il zamanı çıxan qəzetlərə və ondan qabaq Həsənbəy Zərdabinin "Əkinçi" qəzetinə baxsanız...
Səslər - M.F.Axundovun dili haqqında nə deyirsən?
S.Hüseyn - Onun da dili fars, ərəb dili təsirində olub. Onun "Aldanmış Kəvakib"inin dililə biz heç vaxt Azərbaycan ədəbi dilini qura bilmərik. Əgər Haqverdiyevi, Nərimanovu götürsək, bunların da rus dili təsiri altında olduqlarını görərik. Əlbəttə, bununla mən bu gün dilimizdə osmanlı dilini saxlamalıyıq demək istəmirəm. Hidayətin öz məqaləsində belə bir çox kəlmələr tapmaq olar ki, onlar osmanlı dilindən bizim Azərbaycan dilinə keçib.
Məsələn: ümumiyyətlə, xüsusilə, yenidən, bilavasitə, silah, yüksəklikdə, nikbinlik, qapıyaraq, səviyyə, sənət və i.a. Bir də osmanlı dili təsirini ancaq tək-tək kəlmələrdə aramaq doğru deyil. Biz osmanlı cümlə quruluşunu da dilimizdən sıxışdırıb çıxarmalıyıq.
Sragağün Azərnəşrdə yenə də Hidayətin bir məqaləsini oxuyurdum. Orada Hidayət "Simurqun dilindən bəhs edərkən deyir ki, Simurqun dili kütləvi və şirin olduğu qədər də rəsmi və qurudur".
Nazim - Simurqun dilində rəsmi ilk elementləri vardır, bu doğrudur.
S.Hüseyn - Məsələ Simurqun dili üzərində deyildir. Mən Simurqun dilini müdafiə etmək istəmirəm, mən ancaq Hidayətin türkcə cümlələr qurmağı bacarmadığını göstərmək istəyirəm. Baxın, nə deyir? "Simurqun dili şirin və kütləvi olduğu qədər də quru və rəsmidir". Burada nə anlaşılır? Heç bir şey. Mən bilmirəm, bir adam ki, özü türkcə doğru cümlələr qura bilməyə, o gəlib türk dilini necə tənqid edə bilər?
Keçənlərdə bir ədəbiyyat dərnəyində Qantəmirin dili haqqında müzakirə apararkən Hidayətin rəhbərlik etdiyi işçi yazıçılar kabinəsində iştirak edən birisi onun dilinin ədəbi olmadığını söyləyirdi. Mən sual verdim ki, harası ədəbi deyildir? Cavab verdi ki, o ədəbsiz sözlər işlədir. Qantəmirin dili bədii və ədəbidir, lakin onun dilində ancaq ədəbi olmayan, əxlaq mənasına ədəbsiz sözlər vardır.
S.Vurğun - Yaxşı, sən bir neçə kəlmə də özündən danış. Sənin yaradıcılığında naturalizm elementləri varmı, yoxsa ayna kimi safsan?
S.Hüseyn - Mən vaxtilə naturalizm ilə maraqlanırdım və istəyirdim ki, naturalist bir əsər yazım. Lakin elmi hazırlığım olmadığından əlbəttə belə bir əsəri yaza bilməzdim. Bitərəf qalmaq, müəllifin öz şəxsiyyətini yazdığı əsərə daxil etməməsi isə məndə olmayıb. Hətta vaxtilə Hənəfi Zeynalı mənim hekayələrim üçün yazdığı tənqidində göstərirdi ki, mən hekayələrimdə həmişə sübut etməyə çalışıram. Halbuki belə olmayıb. Müəllif əsərdə isbata çalışmamalıdır, o hadisələri sadəcə göstərməlidir.