“Siqareti çəkib, məhəcərdən aşağı atır” – Ekspert yanğının baş vermə səbəblərindən danışır

"Yanğın elə bir fövqaladə hadisədir ki bundan yüz faiz sığortalanmaq mümkün deyil. Lakin qabaqlayıcı tədbirlər görməklə qarşısını almaq və hadisə baş veribsə fəsadlarını minimuma endirmək olar”. 
Bu sözləri "Sherg.az"a açıqlamasında son zamanlar çoxmənzilli yaşayış binalarında baş verən yanğın hadisələrinin şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, binanı tikən tikinti şirkətlərinin əksəriyyəti təhlükəsizliklə bağlı nəzarəti öz üzərinə götürür: 
"Onların marağında olmalıdır ki binada yanğın baş verməməsi üçün qabaqlayıcı tədbirlər görsün. Sakinləri yanğın baş verərsə nə etmək lazım olduğuna dair məlumatlandırsın. Əgər 15 mərtəbəli binanın 7-ci mərtəbəsində yanğın baş veribsə, aşağı mərtəbədə yaşayan sakinlər evlərini tərk edib binanın həyətinə toplaşa bilərlər. Amma bütün bina sakinlərinin eyni anda yuxarı mərtəbədən aşağı düşməsi sıxlıq , həyacan, yarada bilər. Bu zaman isə onlar özlərinə xəsarət yetirəcəklər, ya da tüstüdən zəhərlənəcəklər. Ayaqları sürüşüb ağır bədən xəsarəti almaq ehtimalı istisna deyil. Digər tərəfdən isə bu qələbəlik yanğın söndürənlərə mane olar”.
E.Nurəliyevin fikrincə yanğın bütöv binanı ağuşuna alıbsa, sakinlər təhlükəsiz bir yer seçməli, daha sonra isə yaş dəsmalı nəfəs yoluna tutmaqla xilas etmə briqadasını gözləsə xəsarətsiz xilas olmaq çansı daha böyükdür: "FHN –in yanğınsöndürənləri lazımı avadanlıqlarla tam təchiz edilib və istənilən fövqaladə vəziyyəti xüsusi peşəkarlıqla nəzarətə götürürlər. 
Həm də ki, istər hündürmərtəbəli istərsə də alçaq mərtəbəli yaşayış binaları tikilərkən onun yanğın təhlükəsizlik norma və standartları nəzərə alınır. Yəni ehtiyyat su çəni , ehtiyyat çıxış, məlumatlandırma traparetləri, siqnalizasiya qurğuları , yanğın stayakları, yanğın hidrantları, yanğın dolabları, yanğın söndürən balonlar, yanğın şarları , yanğın datçikləri, fövqaladə vəziyyətdə toplanış yeri və digər yerə uğun zəruri avadanlıqlar ilə təchiz edilir. Mühüm məsələ bu avadanlıqların hamısının daimi işlək və saz vəziyyətdə olmasına nəzarət etməkdir. Ehtiyat çənində də su, yanğın hidrantları işlək olmasa baş verən yanğını söndürmək çətin olacaq. 
Yaşayış binalarında yaşayanlar fövqaladə vəziyyət zamanı nə etməli olduqlarını bilməli, yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər. Elə adamlar var ki, siqareti çəkib, məhəcərdən aşağı atır. Düşünmür ki, külək həmin siqaret qalığını alt qonşusunun açıq qoyduğu pəncərədədən evin içinə ata bilər. "Əşi, nə olacaq?”, "Boş şeydir, heç nə olmaz” demək sindromunu kənara qoymaq lazımdır. Əgər yanğın təhlükəsizliyi avadanlıqları saz vəziyyətdədirsə və düzgün təxliyyə planı ilə hərəkət olunarsa,hadisədən dəyə biləcək zərər qat -qat aşağı olar”.
Şəymən