Siyavuş Novruzov: "Toy və yas mərasimlərindən qazanc götürənlər, məclislərin tənzimlənməsinə imkan vermirlər"



Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov bələdiyyələrin çoxluğundan şikayətlənib. 

Sherg.az-ın xəbərinə görə, gələn il növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan millət vəkili deyib ki, bununla bağlı kifayət qədər qanun var: 

"Amma hesab edirəm ki, onların təkmilləşdirilməsinə ehtiyac var. Məncə ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur. Dünya təcrübəsində götürsək, heç bir ölkədə bu qədər sayda bələdiyyə təmsilçisi yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir".

Deputat deyib ki, bir seçki dairəsindən 1 millət vəkili olur, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Biz bunu təkmilləşdirməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək”.

S.Novruzov həmçinin toy və yas mərasimləri ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyib: "Düzdür bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik”.

Anar