“SOCAR”-ın addımı düzgündür

Oqtay Haqverdiyev: “Rövnəq Abdullayev onların problemləri ilə məşğul olmaq istəmir”



SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətindəki səhmlərinin 16 faizini satmağa hazırdır. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı 2 şirkətlə danışıqlar aparılır:

"Bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək”. Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun və "Hellenic Petroleum S.A.” şirkətinin rəhbərləri ilə görüşüb. Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib. Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha

təsdiqləyib. Tərəflər arasında əldə olunan razılığa əsasən özəlləşdirilmə ilə bağlı əməliyyatlar cari ilin dekabrın 21-dək uzadılıb.

R.Abdullayevin addımını şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyib ki, əvvəllər bu qurum onu tamamilə almaq istəyirdi, Avropa Birliyi (AB) buna imkan vermədi. Ona görə də, indi SOCAR səhmlərini satır: "R.Abdullayev onların problemləri ilə məşğul olmaq istəmir. Həm də hazırda SOCAR-ın pulu azalıb. Baxın, indi istiqrazlar da buraxdılar. Bu da onu göstərir ki, SOCAR-ın pulu qurtarıb deyə, səhmləri satır. Başqa variant qalmayıb, çünki bu qurumun imkanı yoxdur. Pul tapmaq lazımdır”.

Ayyət Əhməd