"Son 15 ildə sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub"
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir.
Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir.
Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir.
Həmçinin, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.
Ötən gün Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu yeni inşa edilən yollardan biridir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh bildirib ki, mövcud Ələt-Astara-İran avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir.
Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb. 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Məlumat verilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir. Yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Dövlət başçısı daha sonra Masallı rayonunda avtomobil yolunun açılışında iştirak edib. Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb.
32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb. Siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.
Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Dövlət başçısının növbəti səfəri Biləsuvar rayonuna baş tutub. Prezident Biləsuvar rayonunda da avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.
İsmayıl