Heç kimə sirr deyil ki, Azərbaycanın iqtisadi potensialı dərin məzmunlu sosial siyasətin həyata keçiririlməsinə müsbət şərait yaradır. Ölkəmizdə aparılan social siyasətin mərkəzində isə məhz Azərbaycan insanı dayanır. Dövlət başçısı Cənab İlham Əliyevin son sərəncamları da məhz Azərbaycan vətəndaşının, onun sosial rifahının yaxşılaşdırılmasına yönəlik addımlardır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosial paketlərin nəticəsində minimum əməkhaqqında iki dəfə, minimum pensiyada 72 faizlik artım baş verib. Bu sosial paketlər 4,2 milyon vətəndaşı əhatə edir.
Politoloq Rufiz Qonaqov deyir ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərin məzmunlu sosial siyasət həyata keçirir. Bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. “2019-cu ildə Azərbaycanda iqtisadi inkişaf daha sürətlə gedir və bu ilin ilk altı ayının göstəricilərinə əsasən, ölkə iqtisadiyyatında artıq 2.4 faiz artım qeydə alınıb”. Onun dediyinə görə, 2015-ci ildə dünyada baş verən iqtisadi böhran bütün ölkələrə öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi islahatlarla ölkəmiz bu vəziyyətdən minimum təsirlərlə çıxmağı bacardı və yenidən inkişaf mərhələsinə qalxa bildi. “Bu gün ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sahəsində istehsal və ixracın həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ili də böyük uğurlarla başa vuracaq”.
Siyasi ekspert Elçin Mirzəbəylinin dediyinə görə, bu ilin altı ayında iqtisadiyyatımız 2,4 faiz artıb. Qeyd edilib ki, bu göstərici MDB məkanında ən yüksək göstəricilərdən biridir.
“Azərbaycanda kənd təsərrüfatının inkişafında da rekord göstərici qeydə alınıb və ölkəmizin aqrar sektoru son altı ay ərzində 13 faiz artıb. Bu göstərici üzrə də Azərbaycan MDB məkanında liderdir”.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrində baş verən irəliləyişlər ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial layihələrin fonunda baş verib.
“Bu, çox mühüm faktordur. Yəni, Azərbaycan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına sərf edib. Minimum əməkhaqları, pensiyalar, təqaüdlər artırılıb. Şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların layiqli həyat sürmələrinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılıb”.
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla, insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu bir daha sübut edir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili, sosial rifahın yüksəldilməsi dayanır.
Səbuhi SƏDƏF