Son əməliyyatlar böyük ümidlər yaradıb

Baş redaktorlar hesab edir ki, “reket jurnalistika”sına qarşı ən sərt tədbirlər görülməlidir

 

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının "reket”liklə məşğul olan jurnalistlərə qarşı apardığı əməliyyatlar davam etdirilir. Ekspertlərə görə, əməliyyatlar keçmiş MTN-dəki cinayətkar qruplaşmaya və onların "maşalarına” qarşı aparılan miqyaslı mübarizənin tərkib hissəsidir. Tək sağlam medianın nümayəndələri deyil, bütöv cəmiyyət "reket jurnalistlərə” qarşı həyata keçirilən təmizləmə əməliyyatını dəstəkləyir və prosesin sona qədər davam etməsini arzulayırlar. 

Çünki reketlər özlərini "jurnalist” kimi qələmə verərək, cəmiyyətin bütün təbəqələrini, tanınmış iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materiallarla təhqir edir, onlardan külli miqdarda pul alırdılar. Reketlər insanları təhqir etməklə yanaşı, adamların şəxsi həyatına, ailə həyatına qərəzli mövqedən yanaşır, öz məqsədlərinə çatmaq üçün çirkin üsullarla şantaj edirdilər. Əslində uzun illər medianın adına ləkə olan belə şəxslərlə mübarizə aparılıb. Həbs edilənlərlə bağlı Mətbuat Şurası hələ 2010-cu ildə tədbir görüb və onları "qara siyahı”ya salıb. Amma bunun nəticəsi olmayıb və onların əməllərindən əziyyət çəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin uzun müddət MTN-də yuva salan cinayətkar qruplaşma bu dəstəni himayə etdiyi üçün reketlərin cəzalandırılması mümkünsüz olub. Ona görə də ekspertlər hesab edirlər ki, qruplaşmaya dəstək verən şəxslər və bəzi "media” orqanları da vaxtında ifşa edilməlidir. Bəzən bu adamlara qarşı görülən tədbirləri "jurnalistlərin həbsi” kimi qiymətləndirmək cəhdləri müşahidə edilir. Lakin bu, tamamilə yanlışdır, çünki həmin şəxslərin mediaya heç bir aidiyyəti yoxdur. Onlar çirkin məqsədlərlə mətbuata soxulmuş ünsürlərdir. Xüsusən, davamlı olaraq bu cür şantaj xarakterli əməllərlə məşğul olanlar qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidir. Onların hərəkəti həm Azərbaycan cəmiyyətinə, həm də ölkə jurnalistikasına qarşı təhqirdir. O baxımdan belə əməliyyatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, reket jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri￾sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi bu cür əməliyyat Azərbaycanda jurnalistikanın sağlamlaşmasına,cəmiyyətə qarşı yönəlmiş mənəvi terrorun qarşısını almaq üçün atılan addımlardandır. Mövzu ilə bağlı qəzetimizə danışan sayt rəhbərləri də DTX əməliyyatlarını təqdirəlayiq hesab ediblər. 


"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev "Şərq”ə açıqlamasında bütün hallarda "reket jurnalistikası” deyilən bəlaya qarşı aparılan əməliyyatları dəstəklədiyini bildirib. Baş redaktor mübarizənin ən sərt formasının tərəfdarı olduğunu deyib: 


"Bu addımları bir az gecikmiş sayıram. Halal zəhmətlə yaşayan hər bir jurnalist öz peşəsinin şərəfini qorumalıdır və bu baxımdan ümumilikdə mediamız adına ləkə olan "reketlərin” zərərsizləşdirilməsini təqdir edirəm. Həm də bu, yalnız həbslərlə deyil, başqa üsullarla da olmalıdır. Əslində, həbs olunan və "baş redaktor” kimi təqdim edilənləri peşəkar media təmsilçilərinin böyük əksəriyyəti heç tanımır. Nə yazılarını görmüşük, nə çıxışlarını, nə də "ortaya qoyduqları” saytın fəaliyyətini. Belələrinin ali təhsili də mübahisəlidir, ixtisası da. Bu baxımdan onların adlarının, ümumiyyətlə, "redaktor”, "jurnalist” kimi hallanmasına qarşıyam. Çox yaxşı olardı ki, bu tipli şəxslərlə bağlı rəsmi açıqlamalarda da "özlərini jurnalist kimi təqdim edən reketlər” sözü işlənsin və "reket jurnalist” ifadəsi leksikonumuzdan çıxsın. Çünki jurnalist reket ola bilməz, reketdirsə, onun nə fərqi var ki, özünü jurnalist kimi təqdim edir, yoxsa həkim, ya polis və ya prokuror. Həkimlər içində də pasientə hədə-qorxu gələn, "xəstəliyin müalicə olunmazsa öləcəksən” deyən və heç bir zərurət olmadan xəstənin külli miqdarda pulunu ələ keçirib, onu həm də hansısa daxili orqanından və ya ümumiyyətlə həyatdan məhrum edən dələduzlar var. Eyni sözləri başqa peşələrə soxulan reketlər haqda da demək olar. Ancaq onların heç birinə, məsələn, "reket həkim” və ya "reket hakim” deyilmir. Sadəcə, fakta uyğun cəzası verilir. Çox istərdim ki, bu adamlar da qanunvericilikdə törətdiyi cinayətə uyğun adla -”dələduz”, "şantajçı” və s. adlansın. Amma bizim gecəmizi-gündüzümüzü verdiyimiz dəyərli peşəmizin adı onların cinayət əməllərinin tərkibinə qoşulub "reket jurnalist” deyə adlanmasın”. 


"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də DTX-nin Mahmudovçu reket "jurnalistlərə” qarşı keçirdiyi əməliyyatı müsbət dəyərləndirib: 

"Bu adamların əslində jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Onlar keçmiş Milli Təhlükəsizlik nazirinin cinayətkar şəbəkəsi ilə əlaqəyə girərək məmurları, onların övladlarını, iş adamlarını, bir sözlə maddi imkanı olan bir sıra şəxsləri şantaj ediblər. Eyni zamanda bəzi həqiqi jurnalistlər haqqında da cinayətkar şəbəkənin göstərişləri əsasında yanlış, həqiqətə uyğun olmayan xəbərlər yayıblar. Hətta bəzi jurnalist dostlarımız vaxtı ilə bu reket şəbəkənin böhtanları əsasında həbs olunublar. Onsuz da hər kəs həmin cinayətkar şəbəkənin fəaliyyəti haqda az-çox məlumatlı idi. Amma məlum şəbəkənin şantaj və böhtanlarından qorunmaq üçün insanlar bunların fəaliyyəti haqqında pıçıltı ilə danışırdılar. Artıq DTX bu yöndə fəaliyyətə keçib və bu reketlər həbs olunublar. Güman edirəm ki, hələ təmizlik işləri tam bitməyib və proses davam edəcək. İnsanları ölkə rəhbərliyindən narazı salmağa cəhd edən yaramazlar həbs olunmalıdır. Bu yöndə DTX-nin fəaliyyəti yüksək qiymətləndirilməli və cəmiyyət tərəfindən onlara dəstək verilməlidir. Son müşahidələrimə əsaslanaraq, deyə bilərəm ki, ictimaiyyətdən bu həbslərə dəstək yetərincədir. Bu məsələdə Mətbuat Şurasının da tutduğu mövqe təqdirəlayiqdir. Hesab edirəm ki, bu təmizləmələrin mediamıza müsbət təsirləri olacaq”. 


"Yenilik.az” saytının baş redkatoru, hüquqşünas Xanlar Xoca da vurğulanan məsələnin müasir medianın ən ağrılı problemlərindən birincisi olduğunu deyib: 

"Bu problem çoxdan var, amma nədənsə indiyə qədər bu qara yaranı mediadan kəsib atmaq mümkün olmur. Son günlər DTX-nin və ondan əvvəl DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin müxtəlif vaxtlarda vətəndaşları hədələyərək pul tələb edən "jurnalistlər”ə qarşı həyata keçirdiyi əməliyyatlar alqışa layiqdir. "Jurnalistin” pul tələb etməsi, tənqid adı altında insanların şəxsi həyatına burnunu soxub, sonra da bandit kimi haqq istəməsi media etikasına ləkədir. Belələri ifşa olunmalı, təsis etdikləri qurumların qeydiyyatı ləğv edilməlidir. Təəssüf edirik ki, keçmiş MTN rəhbərliyinin əlaltısına çevrilən həmin şəxslərin qarşısı uzun müddət obyektiv səbəblərdən alınmayıb. Ancaq indi DTX rəhbərliyi mühüm bir prosesə start verib və bu prosesi davam etdirmək lazımdır. Mediada rüşvət olduqca məmur da rüşvət alacaq. Çünki məmur bandit jurnalistə verdiyi rüşvəti sonra camaatdan tələb edir və beləcə zəncirvari proses yaranır. Rüşvətxor medianı sıradan çıxarmaqla bu zənciriqırmaq olar. Bir sıra idarələrdə, icra hakimiyyətlərində siyahı üzrə aylıq pullar paylanılırdı. Ümid edirəm ki, istintaq bunlara aydınlıq gətirəcək və bu aylıqlar ləğv ediləcək. Belə çirkin proseslər mediadan yığışdırılmalıdır. Möhtərəm Prezidentimiz mediaya həddindən artıq qayğı göstərir. Dünyanın heç bir yerində jurnalistə pulsuz mənzil verilmir, mediada bu qədər tənqidə sərbəstlik verilmir. Bunlar azdırmı, hansısa məmurdan zorla pul alırlar?!” 

Baş redaktorun sözlərinə görə, neqativlikləri aşkara çıxarmağın yolu çox sadədir. Hüquq-mühafizə orqanları şübhələndikləri "jurnalistlərin” telefonlarını və saytlarını nəzarətdə saxlamalıdır: 

"Saytlardan silinən yazıların əksəriyyəti nəyə görə silinir? Məhkəmə qərarı yoxdursa, saytdan yazı silinə bilməz. Guya "araşdırma yazı” və ya sensasion xəbər sayta qoyulur və cəmi bir saatdan sonra yoxa çıxır. Bu jurnalistikadırmı? Məncə bu, əsl dələduzluqdur. Hansısa şirkəti iki gün dalbadal tənqid edirlər, üçüncü gün baxırsan ki, həmin şirkətin reklamını qoyublar. Məlum olur ki, artıq şirkətlə "anlaşma” əldə edilib. Belə hallar jurnalistika prinsiplərinə ziddir. Saytları monitorinq etsək məlum olar ki, bəzi saytlar hansısa icra hakimiyyətindən, mobil operatordan və şirkətdən ancaq tənqid yazır, digərləri isə ancaq tərif yazır. Düzdür, bəzən buna "abunə” adı qoyurlar. Ancaq sayta abunə necə ola bilər ki? Saytlar əsasən məlumatları APA, Trend, AzərTac kimi informasiya agentliklərindən alırlar. Qalan xəbərlər isə demək olar ki, bütün saytlarda eynidir. Əgər hansısa icra hakimiyyəti çap mətbuatına abunə olsa bunu anlamaq olar, lakin sayta abunəçilik araşdırılmalı məsələdir. Konkret tədbirlər görülsə ən qısa zamanda yağışdan sonra göbələk kimi çoxalan saytların sayı əhəmiyyətli dərəcədə azalacaq və media maskası altında başqa işlərlə məşğul olanlar bu sahədən gedəcəklər. Son əməliyyatlar çox böyük ümidlər yaradır”.

 (davamı var..) 

İsmayıl Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb