"Son illər əmək bazarında ciddi dəyişikliklər baş verib"

"Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb"
"Peşə təyinatlı ali təhsil müəssisələrinin sayı və hazırladığı kadrların sayında kəskin şəkildə artım var"

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında” xüsusi qanun layihəsinin artıq hazır olduğunu deyib. Onun sözlərinə görə, qanun layihəsi Elm və təhsil komitəsinin sentyabrda keçiriləcək ilk iclasında gündəliyə çıxarılacaq.

Komitə sədri hazırda Azərbaycanda peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini bildirib. Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmadığına diqqət çəkən millət vəkili "Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bir sıra ölkələrin qanunvericilik bazası ilə tanış olduqlarını bəyan edib.

İsa Həbibbəylinin sözlərinə görə, beynəlxalq ekspertlərlə birgə hazırlanan qanun layihəsində "Təhsil haqqında" qanunda əks olunan məsələlər, peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapacaq. Həmçinin, peşə ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi məsələsi əksini tapacaq. Bundan əlavə, peşə məktəblərində yeni ixtisasların açılması da qeyd edilib.

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu qaydalarının artıq iki ildir dəyişdiyini deyən Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ASAN xidmətin tərkibinə verilib. Amma peşə-ixtisas təhsili müəssisələri barədə qeyd olunan dəyişikliklə bağlı narazılıqlar durmadan artır. Belə ki, ASAN xidmət qəbul üçün müraciət edən abituriyentlərin yaşadıqları yerə yaxın olan ilk peşə-ixtisas məktəblərinə getmək istədikləri halda, onları olduqca uzaq məsafədə yerləşən təhsil müəssisələrinə göndərir və qeydiyyatdan keçirirlər.

Ekspertin fikrincə, yaxşı olardı ki Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili almaq istəyənlərin bu sahəyə marağını və cəlb olunmasını artırmaq üçün hər bir peşə təhsili müəssisəsinin internet saytını yenidən qursun və bu xidmətlər birbaşa ordan həyata keçirilsin: 

"ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. ASAN xidmət yaranandan qısa müddət sonra obyektivliyi, çevikliyi, məmur müdaxiləsinin və təsirinin olmamasına görə cəmiyyətdə müsbət qarşılandı. Hətta bütün dövlət orqanlarının xidmət fəaliyyətinin ASAN xidmətə verilməsi ilə bağlı cəmiyyətdə müəyyən təkliflər də eşidilməyə başladı. Əlbəttə ki, insanlara sürətli, obyektiv xidmətin göstərilməsi vətəndaşlarda razılıq yaradıb. Amma bir məsələni yaddan çıxarmaq olmaz ki, ASAN xidmətə verilən və veriləcək xidmətlər arasında təhsil sisteminə daxil olan xidmətlərin də verilməsi indiki halda müsbət tərəfləri ilə yanaşı, ciddi problemlər də yarada bilər. İlk növbədə ona görə ki, təhsil xidmətləri digər sənəd xidmətlərindən fərqli olaraq, daha geniş və peşəkarlıq tələb edən sahədir”.

Ölkəmizdə hər il minlərlə ali məktəb məzunlarının iş axtarışına çıxdığını qeyd edən K.Əsədov deyib ki, ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir: 

"Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb. Valideynlər Sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır”.

Azərbaycanda ümumi təhsil müəssisələri ilə yanaşı, Peşə təyinatlı ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyini xatırladan ekspert deyib ki, sovetlər dövründən fərqli olaraq, Peşə təyinatlı ali təhsil müəssisələrinin sayı və hazırladığı kadrların sayında kəskin şəkildə artım var:

"Əgər əvvəllər ümumi əsaslı təhsil müəssisələrinin məzunları xüsusi xidmət orqanlarına qəbul edilirdilərsə, artıq son dövrlərdə Peşə təyinatlı ali təhsil müəssisələri artıq tabe olduqları nazirliklərin, xidmətlərin kadr potensialını özü formalaşdırır. Ümumi təyinatlı ali təhsil müəssisələrindən fərqli olaraq, Peşə təyinatlı ali təhsil müəssisələri məzunlarını işlə təmin etmə baxımından üstünlüyə malikdir. Belə ki, Peşə təyinatlı ali təhsil müəssisələrinin bütün məzunları tam şəkildə tabe olduqları orqanın tabeliyində işlə təmin olunur. 

Azərbaycan gənc dövlət olduğu üçün hələ də tam şəkildə öz kadr ehtiyaclarını ödəyə bilmir. Əgər ümumi təhsil müəssisələri daxildəki kadr ehtiyaclarını hətta əmək bazarının tələblərindən artıq səviyyədə ödəməsinə baxmayaraq, Peşə təyinatlı ali təhsil müəssisələri tam şəkildə bütün kadr ehtiyaclarını ödəyə bilməyib”.

Şəymən