SOS: Keyfiyyətsiz dərmanlar, saxta kolbasa və sosislər ölüm saçır – Qanunda boşluq

"Anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə rəhbərləri hökmən cəzalandırılmalıdırlar”.
Bunu "Sherg.az”a açıqlamasında sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.
Professor qeyd edib ki, həyatda ən böyük cinayət kiminsə sağlamlığına ziyan vurmaqdır:
"Apteklərdə saxta dərman satanlar, anti-sanitar şəraitdə hazırlanan kolbasa və qidaları insanlara sırıyanların layiqli cəzalarını almalarının tərəfdarıyam. Bununla bağlı qanunvericilik bazası yaradılmalıdır. Buna qarşı çox kəskin mövqe qoyulmalıdır. 
Ola bilsin ki, onlara müəyyən qadağalar qoyulsun. Amma bu qadağalar daha çox rüşvət almağa xidmət edən məsələlərdir. Əvvəl guya Dövlət Standartlaşma Komitəsi bu məsələlərə nəzarət edirdi. Amma həmin qurumun gördüyü işlər formal idi. Sonra Qida Təhlükəsizliyi Agentliyi yaradılı və bu quruma səlahiyyət verildi ki, belə özbaşınalıqları yoxlasın və qarşısını alsın. Müşahidə isə onu göstərir ki, bunlar dövlətin tələbini yerinə yetirmirlər, öz funksiyalarını icra etmirlər. Xalqın taleyini düşünmürlər, ancaq maddi tərəfə diqqət verirlər ki, bu da yalnız qanunvericiliklə tənzimlənə bilər. Bu gün Azərbaycanda qida məsələləri ilə bağlı tənzimləmə mexanizmi yoxdur. Qida təhlükəsizliyi ilə bağlı ciddi, əhəmiyyətli, xalqın mənafeyinə uyğun fəaliyyət gözə dəymir”.
Qeyd edək ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə aşkarlanıb. Məlumata görə, Murad Muradova məxsus olan müəssisədə aparılan araşdırmalar zamanı məlum olub ki, bura sanitariya qaydalarına riayət edilmədən fəaliyyət göstərir. İstehsal edilən məhsullar yararlılıq müddəti bitmiş məhsullarla birlikdə saxlanılır. Yararlılıq müddəti bitmiş məhsullar təkrar emal üçün istifadə olunur.
Ət məhsulları "zadəgan” adı altında istehsal olunub.
Sevda Ulutau