“Evlə bağlı ilkin ödənişi verən insanlarda məsuliyyət hissi çox olur”
Sosial evlərə sahib olmaq istəyənlər mayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər. Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib olacaqlar. Mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir.
Ehtimallara görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat məbləğində olacaq. İlkin ödəniş isə 10 faiz müəyyən edilib. Bu o deməkdir ki, əgər mənzilin qiyməti minimum 50 min manatdırsa, o zaman müştəridən 5 min manat ilkin ödəniş tələb olunacaq. Ekspertlərə görə, müraciətlərin sayının çox olacağını nəzərə alaraq qeydiyyat başladıqdan sonra tez müraciət etməyiniz məqsədəuyğundur.
Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Xatırladaq ki, Yasamalda inşa edilən təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir. Güzəştlər əksəriyyət tərəfindən müsbət qarşılansa da, bəziləri sosial evlər üçün tələb edilən ilkin ödənişin çox olmasına etiraz ediblər. Narazılıq bildirənlərin fikrincə, sosial evlər üçün ilkin ödəniş az miqdarda olmalı, yaxud da ümumiyyətlə şərtlərdə yer almamalıdır. İqtisadçılar isə hesab edirlər ki, ilkin ödənişin tələb edilməsi müəyyən zəruri amillərlə bağlıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Rəşad Əliyev deyib ki, ilkin ödəniş dünya praktikasında qəbul edilmiş bir qaydadır:
"Evlə bağlı ilkin ödənişi verən insanlarda məsuliyyət hissi çox olur. Məsələn, az maaşlı gənc ailənin nümayəndəsi bir-iki ödənişi həyata keçirəndən sonra üzləşdiyi maliyyə problemindən dolayı ödəməni tamamilə dayandıra bilər. Çünki ilkin ödəniş zamanı 5-7 min manat pul vermədiyi üçün onu itirmək qorxusu da olmur. Əvvəlcə ödəniş edən müştəri isə davamlı ödəmələrə daha diqqətlə yanaşır. İkinci məsələ isə odur ki, ilkin ödəniş bankların risklərini sığortalayır. Tutaq ki, ilkin ödəniş 10 faizdirsə, o zaman bankın kredit məbləği əmlakın 90 faiz nisbətində olur. Əgər sabah vətəndaş krediti qaytara bilmirsə, bank evi bazar dəyərindən aşağı satmağa məcbur olur və ziyanla üzləşir. Əlbəttə, burada böyük itkidən söhbət getmir, yəni proses bazardakı mövcud qiymətlərə əsaslanır”.
Ekspert ilkin ödənişlə bağlı dünya təcrübəsini misal gətirib:
"ABŞ-da maliyyə böhranından əvvəl bəzi banklar vətəndaşlara ilkin ödəniş, hətta simvolik ödənişlərlə mənzillər təklif etməyə başladılar. Ancaq evlərin qiyməti aşağı düşdükcə, bir çox vətəndaş ipoteka predmetindən imtina etdi. Hesab edin ki, bank vətəndaşa 90 min dollar kredit verib. Lakin daha sonra 100 minlik evin qiyməti düşüb 70-80 min dollara. Baha qiymətə ev almaq insanlara sərf etmədiyi üçün onlar təklifi geri çeviriblər. Məncə, ilkin ödənişin tətbiqi normal qarşılanmalıdır. Etiraz edənləri başa düşürəm. Amma ilkin ödənişin tətbiq edilməsi, heç olmamasından yaxşıdır”.
İsmayıl