Sosial şəbəkələr də nəzarətə alınmalıdır

Cahid İsmayıloğlu: "Çünki bir çox şəxslər özünü gizlədərək internetə müxtəlif yerlərdən daxil olurlar və sosial şəbəkələrdə saxta profillər açırlar"



«Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir».
Bu sözləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin dünən keçirilən plenar iclasında deyib. O, bildirib ki, sosial şəbəkədən geniş istifadə olunur və bu baxımdan da bu sahənin qanunla tənzimlənməsi zəruridir. Həmçinin informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.

İKT üzrə ekspert Cahid İsmayıloğlu isə deputatın təklifini dəyərləndirərkən «Şərq»ə söyləyib ki, texniki olaraq burada hər hansı tənzimləmə mexanizmi tətbiq etmək çətin məsələdir: 

«Amma ümumilikdə internetin özünə nəzarət mexanizmi gətirilməlidir və onun tərkibində sosial şəbəkələr də nəzərə alınmalıdır. Dünyada belə təcrübə mövcuddur ki, internetə çıxışın özü tənzimlənir. Hər bir internetə çıxan şəxsin kimliyi, onun istifadə etdiyi internet də inteqrasiya edilir».

Ekspert həmçinin onu da qeyd edib ki, özünü gizlədən, özünü görünməz hesab edən şəxslər bu formada internetə çıxa bilmirlər: 

"Çünki bir çox şəxslər özünü gizlədərək internetə müxtəlif yerlərdən daxil olurlar və sosial şəbəkələrdə saxta profillər açırlar. Bu da müəyyən təhqir hallarının artmasına gətirib çıxarır. Amma bunu qanunla necə tənzimləmək olar, gərək texniki tərəfləri dəqiqləşdirilsin. Ona uyğun olaraq qanun layihəsi hazırlansın».

İlahə