"Sosial şəbəkələrdəki 5 statusdan 4-ü intihara, kriminala təhrik edir" - Psixoloq





"İnsanların maddi durumu və mənəvi rahatlığının aşağı olması onlara problemlərinin həlli yollarını tapmaqda çətinlik törədir”.

Bunu "Sherg.az”a son günlər intihar hallarının artmasının, cəmiyyətdə intiharın bir növ adiləşməsinin səbəblərini izah edərkən psixoloq Nurlana İsmayılova söyləyib. 

Onun sözlərinə görə, xüsusilə, psixoloji baxımdan zəif olan insanlar problemlər qarşısında çıxış yollarını ancaq intihar etməkdə görürlər:

"İradəsi zəif olan insanlar çətinliklərə tab gətirmirlər, asan yolu intiharda axtarırlar. Əsasən də son zamanlar ətrafımızda aqressiv insanların artdığını müşahidə edirik. Hər kəs bir-birinə qarşı kobudlaşıb, bir-birini anlamaq duyğusu sanki arxa plana keçib. 

Söz birliyi yoxdur. Sanki insanlar özləri təbəqələşmə yaradır, münasibətlərdəki aqressiyanı bilə-bilə artırırlar. Bunun təsiridir ki, demək olar, heç kim çətinliyə düşdükdə, ətrafındakıların ona kömək olacağını düşünmür, təkbaşına problemdən azad olmağa isə ümid etmirlər. Bununla da insanların daxili aqressiyası ən qabarıq formada üzə çıxır. Yığılıb qalan psixoloji gərginliklər intiharlara gətirib çıxarır”.

N.İsmayılovanın fikrincə, intihar hadisələrinin işıqlandırılması nə qədər əks təbliğat hesab olunsa da, insanlarda buna şüuraltı meyllilik yaradır:

"İnsanlarda həyata motivasiya yaratmaq, intihardan çəkindirmək üçün xəbərləri daha fərqli formada çatdırmaq lazımdır. Sosial şəbəkələrdə yazılan 5 statusdan 4-ü intihara, kriminala, mənfi olaylara təhrik edir. Belə vəziyyətdə cəmiyyətimizdə ruh yüksəkliyi yarada bilmərik. Ona görə, mənfi hadisələri təbliğ etməməliyik”.

Qeyd edək ki, dünən səhər saatlarında Şəmkir rayonunun Zəyəm kənd ərazisindən keçən dəmiryolu xəttində intihar hadisəsi baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Tahir Məsim oğlu Həsənov özünü qatarın altına ataraq intihar edib. Həmin gün digər intihar hadisəsi isə Qusar rayonunun Köhnə Xudat kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Təranə Hüseynova özünü su quyusuna ataraq intihar edib.Hər iki faktla bağlı araşdırma aparılır.

Aysel Aslan