Məktəb bufetlərinə konkret kimlər, hansı qurumlar cavabdehdirsə, onlar da məsuliyyət daşımalı, yoxlamanı da onlar aparmalıdır
Sosiska, kolbasaya son qoyulacaqmı? - Məktəblərdə
Deyirlər məktəb yeməkxanaları ciddi yoxlanacaq, yaşayarıq, görərik
Məktəb bufetlərinə konkret kimlər, hansı qurumlar cavabdehdirsə, onlar da məsuliyyət daşımalı, yoxlamanı da onlar aparmalıdır
Məktəb bufetlərinə konkret kimlər, hansı qurumlar cavabdehdirsə, onlar da məsuliyyət daşımalı, yoxlamanı da onlar aparmalıdır
Yeni tədris ilinin başlanmasına "aşağı-yuxarı” 1 həftə qalır. Və təbii ki, bu günlərin əsas mövzuları məktəb hazırlıqları ilə bağlıdır. Məktəbli forması, məktəb ləvazimatlarına tələb olunan məbləğlər valideynləri çətin duruma salıb. Məktəbə yola salınan uşağın orda nə yeyəcəyi də əsas problemlər sırasındadı.
Çünki məktəblinin qidası da gündəlik xərclik siyahısına daxildi. Əlbəttə, əgər şagird məktəb bufetindən qidalanırsa. Bəziləri "perajki”, "bulka” (kökə) ilə kifayətlənmir, bu kimi "ucuz” ərzağı özünə "sığışdırmır”, yaxınlıqdakı dönərxanada dönər "zakaz” verir.
Yanında da "cola”sı, meyvə şirəsi. Belədə əlbəttə, məktəblinin gündəlik xərcliyi 3-5 manata çatır. Amma əsl məsələ kimin qidaya nə qədər xərcləməyində də deyil. Məsələ nə yeyilməsindədir. İstər məktəb bufetindən alınan "ucuz” kökələr olsun, istərsə də "bahalı” dönər, məsələ məktəblinin keyfiyyətli qidalanıb-qidalanmadığındadı. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov "Xəzər Xəbər”ə xeyli cəsarətli açıqlama verib. Deyib ki, məktəb yeməkxanalarında standartlara uyğun olmayan qidalar satılarsa, buna yol verən müəssisə ilə müqavilə ləğv ediləcək. Məktəb yeməkxanalarını ərzaq məhsulları ilə təchiz edən şirkətlərə standartlara əməl edilməsi göstərişi verilib. Sektor müdiri bu işdə valideynləri də fəal olmağa çağırıb və qeyd edib ki, valideynlər də məktəb yeməkxanasında satılan ərzaqların standartlara uyğunluğuna nəzarət edə bilər. Bu isə, bizcə, bir qədər real görünmür.
Valideyn ərzağın standarta uyğunluğunu necə yoxlayacaq? Ümumiyyətlə, standart haqqında valideyn bir şey bilirmi və ya ona məlumat verilirmi ki?! Valideyn uzaqbaşı kökənin, "perajki”nin təzəliyini anlayar. Əgər alıb dadına, tamına baxsa. Hansı valideyn övladının yanına düşüb, dərsarası bufetə gedəcək, "perajki” alıb, təzəliyini, hansı yağda qızardıldığını yoxlayasıdı?! Bir az gerçəkçi olaq. Bir də ki, məsuliyyətin bölüşdürülməsi şakərimizdən əl çəksək yaxşıdır. Məktəb bufetlərinə konkret kimlər, hansı qurumlar cavabdehdirsə, onlar da məsuliyyət daşımalı, yoxlamanı da onlar aparmalıdır. Keçək, məktəb yeməkxanalarımızın vəziyyətinə.
"Məktəblinin qidasına diqqət lazımdı”
Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:
- Təəssüf ki, bizim orta məktəb yeməkxanalarında quru qidalar üstünlük təşkil edir. Cürbəcür hazır kökələr, tərkibi müəmmalı şirniyyatlar, kekslər, konservantlı və rəngləndiricili "meyvə şirələri”. Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Quru qidalar uşaq orqanizmi üçün əsl təhlükə mənbəyidir. Mədə-bağırsaq sistemi pozğunluğuna yol açır. Mədə-bağırsaq pozğunluğu varsa, beyin normal işləyə bilməz. Bu da şagirdin fənləri qavramasına mane olur. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun, nəticə etibarilə biliklərə yiyələnmə də mümkün olsun. Problem bundadır km, məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Çünki bizdə vətəndaş cəmiyyəti inkişaf etməyib.
Vətəndaş cəmiyyəti güclü olduqda nəzarət qurumları da yaranır və bu qurumlar vacib məsələlərin həllində öz sözünü deyə bilir. Türkiyədə fərqli sistem mövcuddur. Orada müstəqil istehsalçılar və ixracatçılar birlikləri fəaliyyət göstərir. İxracatdan əlavə yerli istehlaka da önəm verirlər. Təkcə istehsal və ixraca deyil, yerli səviyyədə istehlaka diqqət ayırırlar. İstehsalçının marağındadır ki, istehsal etdiyi məhsul ölkə daxilində də öz yerini tutsun. Sovet vaxtı orta məktəblərdə ibtidai sinif şagirdlərinə süd paylanırdı. Bunu sovxoz və kolxozlar həyata keçirirdi. Bu iş onlara tapşırılmışdı. İndi kimdi bununla məşğul olan? Bir ara, məktəblilərə süd paylanması məsələsi gündəmə gəldi, lakin bu da öz həllini tapmadı. Gərək vətəndaş cəmiyyəti institutları inkişaf etsin ki, orta məktəblərə də, məktəblinin qidalanmasına da nəzarət funksiyası icra olunsun.
"Peçenye-biskvit”, kolbasa-sosis öndədir
Mütəxəssislər bildirir ki, məktəblilərin qida rasionu yaş həddi və qavrama qabiliyyətinin artırılmasına əsaslanır. Məktəbli elə qidalar qəbul etməlidir ki, sağlamlığına ziyan deyil, əksinə, müsbət təsir etsin, həzm sistemini yaxşı çalışdırsın, vitaminlərlə zəngin olsun və nəticə etibarilə uşağın sağlam fiziki inkişafını, eyni zamanda biliyi mənimsəmə qabiliyyətini artırmağa yönəlsin.
Bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də ölkə məktəblilərinin hansı qidaya üstünlük verdiyini araşdırmışdı. Teleqraf.com.da yer alan məlumatda bu barədə bildirilirdi ki, mərkəzin keçirdiyi sorğu 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmişdi.
Sorğu nəticəsində şagirdlərin peçenye-biskvit (501 nəfər) və kolbasa-sosiska çörəyə (450 nəfər) daha çox üstünlük verdikləri məlum olmuşdu.
Uşaqlardan 512 nəfər dərsə özü ilə su gətirdiyini bildiribmiş. Sorğuda meyvə cavabını verən uşaqların sayı isə 4,3 faiz olmuşdu və bu da çox aşağı göstərici hesab edilir.
Analar da tənbəlləşib
Sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:
- Təəssüf ki, nə məktəbli qidası, nə də məktəb bufetləri problemi həllini tapmır. Bizim orta məktəblərin bufetlərində uşaq orqanizmi üçün ən təhlükəli qidalar satılır. Məktəblilər bu cür zərərli qidalarla qidalanır. Üzümü valideynlərə tutub deyirəm ki, övladlarınızın sağlamlığını qoruyun. Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən. Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, "çips”, müxtəlif şirniyyat, kekslər.
Bununla uşaq orqanizmi necə güclənə bilər? Mən indiyədək bir dəfə də övladımı məktəbə yemək sarıdan çantası boş göndərməmişəm. Həmişə çalışıram özüm ev şəraitində nəsə hazırlayım. Burada çətin bir iş də yoxdu. Məktəb bufetində, ya da küçədə dönərxanada satılan dönəri, peraşkini, hər bir ana evdə özü hazırlaya bilər. Çörəyin arasına bişmiş ət, toyuq qoysunlar, müxtəlif şirniyyat, biskvit bişirsinlər, versinlər uşaq aparsın məktəbə. Əgər valideyn şagirdin məktəbə məhz pul aparmaq istəməsində israr etdiyini deyirsə, yenə də valideyn günahkardır.
Məktəbliyə pulu o zaman verərlər ki, ona yolpulu lazım gəlir. Şagird məktəbə getmək üçün nəqliyyatdan istifadə edir. Başqa heç bir halda şagirdə pul verilməməlidir. Amma çox şahidi oluruq ki, təhsil aldığı məktəb evinin yaxınlığında olan şagirdlərə də valideynləri pul verib yola salır. "Nə istəyirsən, al, ye” deyirlər.
Uşaqları yanlış yola belə yönəltmiş olurlar. Uşaq da dərsdən çıxır, qaça-qaça mağazaya gedir, oradan əlinə nə keçdi, gözünə nə xoş göründü, alır, yeyir. Mağazalarda nə qədər vaxtı ötmüş, istifadə müddəti bitmiş qidalar satışdadır. Məktəb bufetlərində də çox vaxt yararsız qidalar satılır. Hesab edirəm ki, məktəb bufetləri ciddi yoxlanmalıdır. Məktəb bufetlərinə gətirilən ərzaqların haradan gətirildiyini, necə istifadə olunduğu, bufetlərin sanitar-gigiyenik durumu daim nəzarətdə saxlanmalıdır. Valideynlər də diqqətli olmalıdırlar.
Məlahət Rzayeva