Spiker yenə Zahid Orucla razılaşmadı:“Biz hər məsələni qanunla bağlayırıq”





Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc cərimələrdən danışıb.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır: "Bu qum, çınqıldan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdır. 

Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır. Çayların özəl sahibi yoxdur. Misir dövrü deyil ki, çayı hissə-hissə bölüb fironluq etsin. Amma hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özünü toxunulmaz hiss edirlər. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına reaksiya verib:

"Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunları qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.

Anar