"Spirtli içkilərin istehsal tarixi və saxlanılma müddəti göstərilmir"





"Keçirdiyimiz monitorinqdən məlum olub ki, Azərbaycanda spirtli içkilərin təxminən 95 faizinin etiketində onun istehsal tarixi və saxlama müddəti yerləşdirilməyib”.

Bunu Sherg.az-a spirtli içkilərdən zəhərlənmə hadisələrinin artmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O vurğulayıb ki, faktla bağlı Kənd Təsərüfatı Nazirliyinə təlimat verilib:

"Açıq, şəffaf fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə dequstasiya komissiyası yaradılıb, qərəzsiz, açıq dequstasiya həyata keçirilməlidir. Bütün ölkəyə daxil olan və ölkədə istehsal edilən şərabların yoxlanılması bu şəkildə aparılmalıdır. Mənim təklif etdiyim bu ideyanı o vaxtlar Təsərrüfat Nazirliyi özəlləşdirdi və qapalı bir komissiya yaratdı. Bu ictimaiyyət üçün açıq olmayan bir iş oldu. Əhalinin bununla bağlı məlumatları azdır. İnsanlar bilməlidir ki, araqların satışı üzrə saxlama müddəti 1 ildən, konyaklar 3 ildən, şərablar isə 6 aydan artıq deyil. Uzun müddət saxlanan spirtli içki o vaxt yaxşı olur ki, uyğun şəraitdə saxlansın. Mən Fransanın cənubunda üzüm plantasiyaları arasında tikilmiş bir şərab zavodunda müşahidə apardım. 

Orada zirzəmiyə düşdük böyük 7-8 tonluq palıd çəlləklərdə şərablar saxlanılırdı. Xüsusi temperatur, işıq rejimi ilə onlar təmin edilmişdi. Mənə bildirdilər ki, ucadan danışmayın şərab ayıla bilər. Hətta foto çəkməyə də icazə vermədilər, "yatmış şərablar”a mane olmasın deyə. Şərabın saxlanma şəraiti belə olmalıdır. Bizdə isə mağazalarda satışa çıxarıb, tərifləyirlər. Bu o deməkdir ki, əhaliyə vaxtı keçmiş yağlar və ağır metallarla zənginləşdirilmiş spirtli içkilər satılır. Spirtli içki istehsalçısının gərək Fransada gördüyüm kimi plantasiyaların içərisində zavodu olsun ki, oradan birbaşa spirtli içkilər hazırlansın. Bakı ətrafında spirtli içkilər istehsal edən zavodlar var ki, qarışıq mayelərdən spirtli içkilər düzəldirlər”.

E. Hüseynov bildirib ki, saxta spirtli içkilərin yayılmasının qarşısını almaq üçün öncə əhalinin maarifçiliyi yüksəlməli, əhali istehsal tarixi və saxlama müddəti qeyd olunan şərablara üstünlük verməlidir:

"Həmçinin istehsalçılar müəyyən işlər görməlidir".

Aysel Aslan