Statistika Komitəsi aydınlıq gətirməlidir
77 min qızın 18 yaşı tamam olmamış rəsmi nikaha daxil olması faktı inandırıcı deyil
"Uşaqların hüquqlarını qorumaq, onları erkən nikahlardan uzaqlaşdırmaq üçün qanunun bizə imkan verdiyi səlahiyyətlərdən istifadə edə bilərik"
Son 28 ildə Azərbaycanda 77 997 nəfər qız 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 28 il ərzində hər il orta hesabla yaşı 18-dək olan 2785 qız rəsmi nikaha daxil olub.
Yaşı 18-dək rəsmi nikaha daxil olan qızların sayında ən yüksək göstərici 1993-cü ildə olub. Həmin ildə 5044 qız yaşı 18 olanadək rəsmi nikaha daxil olub. Son 28 ildə Azərbaycanda 683 nəfər oğlan (hər il orta hesabla 24 nəfər) 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub. Ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 1993-cü ildə qeydə alınıb. Həmin ildə 56 oğlan 18 yaşı tamam olanadək evlənib. Sonrakı yüksək göstəricilər 1997, 2005, 2006-cı illərdə qeydə alınıb. Həmin illərdə bu göstəricilər müvafiq olaraq, 50, 48 və 50 olub.
2012-ci ildən isə 18 yaşadək rəsmi nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalmağa başlayaraq 2017-ci ildə 1-ə enib. Azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün kişilərdə və qadınlarda minimum yaş həddinin 18 müəyyən edilməsi olub.
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə rəsmi nikah yaşı 18 yaş hesab olunur. "Ancaq bununla bağlı qanunda müstəsna hallar nəzərdə tutulur. Yəni vətəndaşın hansısa xəstəliyi və yaxud hər hansı ciddi səbəbləri varsa, 17 yaşında nikaha girməyə icazə verilir. Bu kimi istisnalar da qanunda öz əksini tapıb.
Amma bu müddət ərzində 77 mindən artıq insanın rəsmi nikaha girməsi üçün belə bir imtiyaza malik olması mənim üçün bir az qaranlıq qalır. Ona görə bu rəqəmlər və statistika inandırıcı deyil. 18 yaşına çatmamış bu qədər vətəndaş hansı halda rəsmi nikaha daxil olub? Düşünürəm ki, Statistika Komitəsi bu məsələyə aydınlıq gətirməyə borcludur.
Statistika təkcə rəqəmlərlə özünü təsdiqləyə bilməz. Bu rəqəmlər həqiqətlərə əsaslanmalıdır. İstisnalar varsa, bunların səbəbləri konkret şəkildə sübutlarla əksini tapmalıdır. Yoxsa heç bir problem olmadan 18 yaşına çatmayan cütlüklərin izdivacı reallaşır və sadəcə bildirilir ki, istisna səbəblər varmış. Yenə də deyirəm, 18 yaşa çatmadan rəsmi nikaha daxil olmaq Azərbaycan qanunvericiliyinə görə yolverilməzdir".
Ü.Abdullayeva həmçinin qeyd edib ki, erkən nikahların qarşısının alınması üçün maarifləndirmə ardıcıl olaraq davam etdirilməlidir:
"Fikrimcə, bununla bağlı layihələr nəzərdə tutulmalıdır və bu layihələr mümkün qədər daha çox insanı əhatə etməlidir. Erkən evliliyin neqativ tərəfləri cəmiyyətə açıq şəkildə göstərilməlidir. Bu kimi nikahların yaratdığı problemlərlə, fəsadlarla bağlı vətəndaşları bilgiləndirmək vacibdir. Buna paralel olaraq da təbii ki, qanunvericiliyin tələblərindən irəli gələn məsələləri də yerinə yetirmək lazımdır. Biz icra etdiyimiz layihələr çərçivəsində apardığımız tədqiqatlar zamanı müəyyən etmişik ki, Azərbaycanda çoxsaylı həddi-buluğa yenicə çatmış, 18 yaşı olmayan gənclər erkən evliliyə meyl göstərirlər və xüsusilə də orta məktəblərin yuxarı siniflərində təhsil alan qız uşaqlarının təhsildən ayrılaraq nikaha girmə halları baş verib. Təbii ki, bu, rəsmi nikahlar deyil. Qanunvericilik icazə vermədiyi üçün 18 yaşına çatmamış vətəndaşlar rəsmi nikaha daxil ola bilməzlər. Buna baxmayaraq ailələrin razılığı və yaxud da yeniyetmələrin öz təşəbbüsü ilə onlar təhsil prosesindən yayınırlar və evliliyə can atırlar. Təbii ki, bunun qarşısını almaq üçün müəyyən mexanizmlər müəyyənləşdirilməlidir. Öncə qanunvericilik əsas götürülməlidir və qanunvericiliyin işləmə mexanizmləri tənzimlənməlidir. İlk olaraq Təhsil Nazirliyi bu işin üzərində ciddi dayanmalıdır ki, uşaqlar 9 illik məcburi təhsili başa vurmamış məktəbdən ayrılmasınlar. Bu proseslər hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarının da nəzarətində olmalıdır. Azərbaycan dövləti məcburdur ki, hər bir uşağı məcburi təhsillə təmin etsin.
Hər bir dövlətin öz qanunları var. Eyni zamanda beynəlxalq konvensiyaya qoşulan dövlətlər var ki, müqaviləyə əsasən birmənalı şəkildə o qanunlarla hesablaşmalı və onun tətbiqi istiqamətində qanunu tənzimləmə mexanizmi aparılmalıdır. Əgər bu və ya digər şəkildə uşaqların hüquqları pozularsa, onların təhsili üçün məhdudiyyətlər yaradılarsa, dövlət qarşısında buna görə məsuliyyətli şəxslər cavabdehlik daşıyır.
Valideynlər də bu məsuliyyətdən qaça bilməzlər. Əgər valideyn məcburi şəkildə övladını nikaha vadar edirsə, qanun qarşısında məsuliyyət daşıyır. Eyni zamanda bu proseslərin təbliğində tədris ocaqlarının üzərinə də böyük məsuliyyət düşür. İlk növbədə bu iş Təhsil Nazirliyinin proqramına daxil edilməli və bu kimi halların qarşısını almaq üçün nazirlik qanun çərçivəsində bunun qarşısını almalıdır. Eyni zamanda hüquq-mühafizə orqanlarının üzərinə böyük öhdəliklər düşür.
Uşaqların hüquqlarını qorumaq, onları erkən nikahlardan uzaqlaşdırmaq üçün qanunun bizə imkan verdiyi səlahiyyətlərdən istifadə edə bilərik. Yeri gəlmişkən, bu kimi neqativ halların təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil. Bununla paralel olaraq qanunlar da işləməlidir, həmçinin dövlət qurumları da öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidir".
İlahə